Məhkəmə qərarları › İş №2(105)-222/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-222/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-222/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə (sonuncu məhkləmə iclaısnda gəlməmişdir), Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-834/2023 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, 29378,46 manat məbləğində vurulmuş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 29408,46 manat məbləğində pulun cavabdehlər X6, X8 və Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi qət olunmuşdur.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-2262/2018 saylı qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayəti qismən təmin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(067)-372 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlər X1, X2 və Cavabdeh1 müştərək qaydada 18860 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilməsi qət olunmuşdur.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-330/2019 saylı qərarından müəyyən olunur ki, İddiaçı QSC-nin kasassiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)2262/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı QSC tərəfindən cavabdehin mülkiyyətində olan “SHACMAN SX331 yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbsin qoyulmasına dair xx.xx.2018-ci il tarixdə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qərardadı ilə ərizə təmin olunmuşdur.

5. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 48414/222 saylı cavab məktubu ilə bildirilmişdir ki, “SHACMAN SX331 yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Mehrəli- Qışlaq kənd sakini Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 mülkiyyətinə keçmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-372/2018 saylı mülki işi arxivdən sorğu edilərək, məhkəmə iclasında araşdırılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, mülki iş üzrə İddiaçı QSC tərəfindən cavabdehin mülkiyyətində olan “SHACMAN SX331 yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbsin qoyulmasına dair xx.xx.2018-ci il tarixdə ərizəsi daxil olmuş və Xaçmaz Rayon Məhkəməsinə xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qərardadı ilə ərizə təmin olunmuşdur, lakin həmin qərardad üzrə icra vərəqəsi 12 noyabr 2019-cu il tarixdə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq “SHACMAN SX331 yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılaraq əldə olunmuş vəsaitin İddiaçı QSC-yə dəymiş 18860 manat maddi ziyanın (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)2262/2018 saylı qətnaməsinə əsasən) ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində olmuş etibarnamə əsasında qardaşı X4 etibar edilmiş “SHACMAN SX331 yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını sonuncu qazanc əldə etmək məqsədi ilə sürücülük vəsiqəsi və etibarnaməsi olmayan qardaşı - X3 vermişdir. Cavabdeh X7 həmin yük avtomaşınını idarə edərkən, xx.xx.2017-ci il tarixdə saat 22:50-də Bakı şəhərində “20 yanvar” metrosu istiqamətində, Z.Bünyadov prospekti ilə üzü “Koroğlu” metrosu istiqamətində yeraltı tunellə yolun sol tərəfi ilə hərəkət edərkən, sağ tərəfə keçmək üçün qoşa ağ xəttin tələblərini pozaraq, Azadlıq prospektinin kəsişməsinə 50-70 metr qalmış əvvəlcə özündən qabaqda sağ tərəfdə hərəkət edən rəhbər işçi X5 idarə etdiyi, Cəmiyyətə məxsus “GMC TERRAİN” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsini vurmuş, “GMC TERRAİN” markalı avtomaşını zərbənin təsirindən özündən qabaqda olan “Hyunday Elantra” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomaşının arxasına dəymişdir. Baş vermiş hadisə nəticəsində Cəmiyyətə məxsus “GMC TERRAİN” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşına 29378.00 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı QSC tərəfindən Xaçmaz Rayon Məhkəməsində cavabdehlər X6, X8 və Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin müştərək qaydada ödənilməsi tələbi”nə dair iddia qaldırılmışdır. Eyni zamanda QSC tərəfindən cavabdehin mülkiyyətində olan “SHACMAN SX331 yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbsin qoyulmasına dair xx.xx.2018-ci il tarixdə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qərardadı ilə ərizə təmin olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq, 29378.46 manat məbləğində vurulmuş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 29408,46 manat məbləğində pulun cavabdehlər X6, X8 və Cavabdeh1 alınaraq QSC-yə ödənilməsi qət olunmuşdur. Qeyd olunan qətnamədən cavabdehlərin apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-2262/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlər X7, X8 və Cavabdeh1 müştərək qaydada 18860 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSCyə ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-330/2019 saylı qərarı ilə İddiaçı QSC-nin kasassiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2262/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. İcra işi Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hüseyin İmaməliyevin icraatına verilmişdir. İcra sənədi icra məmuru H.İmaməliyev tərəfindən qərəzli olaraq icra olunmamış və buna görə QSC müxtəlif vaxtlarda şikayət və məktublar ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin keçmiş rəisi cənab Nurəddin Mustafayevə, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Hal-hazırda icra işi Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Hikmət Maqsudovun icraatındadır. 2022-ci ilin aprel ayında icra məmurundan aldığı məlumata əsasən məlum olmuşdur ki, cavabdehlər tərəfindən hadisənin törədilməsində bilavasitə iştirak etmiş “SHACMAN SX331 yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi özgəninkiləşdirilmişdir. Qeyd olunan məlumatı aldıqdan dərhal sonra dəqiqləşdirmə aparmaq üçün tərəflərindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə sorğu verilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 48414/222 saylı cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Mehrəli-Qışlaq kənd sakini Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 mülkiyyətinə keçmişdir. Göründüyü kimi, qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı məhkəmənin həbsin qoyulmasına və istifadə olunmasına qadağanın qoyulmasına dair qərardad olmasına, dəymiş ziyanla bağlı icra işinin hələ davam etməsinə baxmayaraq, cavabdehlər qanunsuz olaraq nəqliyyat vasitəsini satmışlar. Belə olan halda hesab edirlər ki, qeyd olunan əqdlər məhkəmə qaydasında etibarsız sayılmalı, üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulmuş SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılaraq əldə olunmuş vəsait İddiaçı QSC-yə dəymiş 18860 manat maddi ziyanın (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)- 2262/2018 saylı qətnaməsinə əsasən) ödənilməsinə yönəldilməlidir.

9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-834/2023 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə).

10. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan daşınar əmlakı üzərində sərəncam vermək hüququnu reallaşdırarkən (alqı-satqı müqaviləsi bağlayarkən) mülkiyyəti üzərində hər hansı bir məhdudiyyət olmamışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsi, 29-cu maddəsinin İİİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.8, 324.1, 337.1, 567-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-834/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız və yalnışdır. Belə ki, iş materiallarından görünür ki, əmlakın üzərinə həbs qoyulması barədə qərardaddan cavabdehin məlumatı olmuş, qərardadın surətini almışlar. İş materiallarında bununla bağlı xəbərnamə də var, 12 mart tarixdə qərardad alınıb, bir gün sonra 13 mart tarixdə nəqliyyat vasitəsi özgəninkiləşdirilibdir. Digər tərəfdən Xaçmaz Rayon Məhkəməsinin qərardadı ilə nəqliyyat vasitəsinin üzərinə xx.xx.2018-ci il tarixdə həbs qoyulsa da, həmin qərardad xx.xx.2019-cu ildə, yəni 1 il 09 ay 19 gündən sonra icraya göndərilmişdir. İş materiallardan göründüyü kimi cavabdeh tərəf xx.xx.2018-ci il tarixdə qərardadı alan kimi dərhal növbəti gün, yəni xx.xx.2018-ci il tarixdə nəqliyyat vasitəsini özgəninkiləşdirmişdir. Göründüyü kimi məhkəmə bilərəkdən dərhal icra olunası qərardadı icraya gec göndərmiş, cavabdeh də göründüyü kimi əmlakın üzərinə həbsin qoyulmasını bilən kimi, növbəti günü onu özgəninkiləşdirmişdir. Cavabdeh tərəf əmlakın üzərinə həbsin qoyulmasını bilən kimi onu özgəninkiləşdirmişdir. Məhkəmə isə öz növbəsində xx.xx.2018-ci il tarixdə həbsin qoyulmasına dair qərardad qəbul etsə də belə həmin qərardadı xx.xx.2019-cu ildə, yəni 1 il 09 ay 19 gündən sonra icraya göndərmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.

17. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

18. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

22. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-834/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

36. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər X7, X8 və Cavabdeh1 müştərək qaydada 18860 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilməsi qət olunmuşdur. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Xaçmaz Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh1 məxsus “SHACMAN SX331 yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə xx.xx.2018-ci il tarixdə həbs qoyulmuşdur. Lakin qərardad gec icraya yönəldiyinə görə yük maşını xx.xx.2018-ci il tarixində alqı-satqı ilə Cavabdeh2 mülkiyyətinə keçmiş, sonradan xx.xx.2019-cu il tarixində alqı-satqı ilə Cavabdeh3 mülkiyyətinə keçmişdir. Hal-hazırda iddiaçı hər iki alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir.

39. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

41. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

42. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarsızlığı barədə mübahisələrə baxılan zaman həmin müqavilələri bağlayan tərəflərin iradə ifadəsinin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə alqı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin iradə ifadəsi müqavilədə açıqaydın ifadə olunmuş, onların iradə ifadəsi ziddinə mübahisəli müqavilənin bağlanması, müqavilənin şərtlərinin pozulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdir. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt;

2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

44. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

45. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış alqısatqı müqavilələrin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir.

46. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

47. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

48. Odur ki, sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayətləri təmin edilməməlidir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

50. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-834/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-834/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar