Məhkəmə qərarları › İş №2(105)-2220/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2220/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2220/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi: Nümayəndə3 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsindən ərizəçi və maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) ərizənin qismən təmin edilməsi, Ərizəçi 22 mart 2004-cü ildən 01 dekabr 2009-cu ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi çalışması faktının müəyyən edilib təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. Sumqayıt şəhər 35 nömrəli texniki peşə məktəbində ixtisas təhsili almış (xx.xx.1981- xx.xx.1982-ci illər) və daha sonra hərbi xidmətdə olmuşdur. (1982-1984 illər) Əmək fəaliyyətinə 1985-ci ildən 1999-cu ilədək “Azərkimya” İB-nın “Üzvi sintez” zavodunda Nazirlər Kabinetinin müəyyən etdiyi 1 nömrəli siyahı üzrə zərərli işdə işləmişdir. (bunu “Etilen-Polietilen” zavodunun verdiyi arayışlardan görmək olur). “Azərkimya” İB-nın “Üzvi sintez” zavodu dağılandan sonra oranın arxiv sənədlərini almaq mükün deyildi və bu səbəbdən onun əmək kitabçası həmin zavodun arxivində qalmışdır. X10 Şirkətinə çoxsaylı müraciətlərindən sonra 2010-cu ildə əldə etmişdir. Bildirir ki, 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi çalışmışdır. (müvafiq şirkət Bakı şəhərində tikinti işləri aparırdı). Daha sonra İİ qrup əlillik dərəcəsi almışdır (2014-cü ildən 03 iyul 2021-ci ilədək). 2019-cu ildən hal-hazıradək X11 çalışır. Bütün bu qeyd etdikləri Əmək kitabçası və E-sosial saytından əldə etdiyi elektron arayışdan görmək mümkündür. Ancaq onun güzəştli şərtlərlə 2006-cı ilə qədər olan illər əmək kitabçasında 17 il 7 aydan çoxdur. Yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illərin əmək kitabçasına yazılmamasının səbəbi “Azərkimya” İB-nın “Üzvi sintez” zavodunun arxivindən əmək kitabçasını ala bilməməsi olmuşdur. Xüsusilə nəzərə almaq lazımdır ki, "xxxx" MMC ləğv edildiyindən həmin müəssisədən müvafiq arayışın alınması mümkün deyildir. Həmçinin 2006-cı ilə kimi işəgötürənlər tərəfindən sosial müdafiə fonduna elektron ödəniş edə bilmirdilər və bu səbəbdən də elektron arayışda onun "xxxx" MMC-də işləməyi barəsində 2002-2006-cı illər üçün məlumat yoxdur. Onu da bildirir ki, "xxxx" MMC ləğv edilməyinə baxmayaraq, orada onunla işləmiş iş yoldaşlarını məhkəməyə şahid kimi dəvət edə bilər. Bütün bu dedikləri onu deməyə əsas verir ki, "xxxx" MMC-də işlədiyi 2002-2009-cu illər əmək stajına daxil edilərsə, 2006-cı ilə kimi hüququnun yaranması üçün lazım olan 20 illik iş stajı tamamlanmış olacaqdır. Eyni zamanda E-sosial saytından əldə etdiyi elektron arayışda göstərilən illərdə işi mahiyyəti üzrə həll etməyinə əsas vermir. Göründüyü kimi "xxxx" MMC-də işlədiyi 2002-2009-cu illərin təsdiq edilməsi onun konstitision hüququnu Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində göstərilən hər kəsin sosial təminat hüququ, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir müddəalarını təmin etmiş olacaqdır. Ona görə də hüquqi əhəmiyyətli faktı təsdiq etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə ədalətsiz qərar qəbul edərək, şahid kimi prosesə dəvət edilmiş və əmək kitabçası olan şahidlərdən M.Baxışovun əmək kitabçasındakı qeydi əsas götürərək yekun qərara gəlmişdir. Məhkəmə digər şahidlərin ifadəsini qəbul etməmişdir. Əgər hakim özünün daxili inamına və əldə olan sübutlara əsasən daha ədalətli qərar vermək niyyətində olsaydı, heç olmasa əmək kitabçalarına müvafiq qeydlər edilmiş şahidlərin işlədiyi illərin ortaq məxrəcinə gələrək yekun qərar qəbul edə bilərdi. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(060)-3420/2022 saylı qətnaməsini ləğv edərək, onun 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi çalışması faktının müəyyən edilib təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş stajı barədə sənədlər olmaqdıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq məmkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəsinin işini təstiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İşlədiyi illərin sosial sıgorta stajına daxil edilməsi üçün müəssisə tərəfindən məcburi dövlət sosial sıgorta haqları ödənilməlidir. Əks təqdirdə həmin illərin hüquqi fakt kimi təstiq edilməsi ərizəçi üçün heç bir hüquqi nəticə doğurmur. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(060)-3420/2022 saylı qətnaməsini ləğv edilməsi, ərizənin təmin olunan hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi öz apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, maraqlı tərəfin apellyasiya şikayətini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Maraqlı tərəfin nümayəndəsi Nümayəndə3 öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını, ərizəçinin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını, şahid ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə ərizəçinin apellyasiya şikayəti təmin edilməlidir, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, ərizəçinin təşkilatda işləməsinin qismən şahid ifadəsi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikaətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 fevral 2022-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 2-53-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 Nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (17 il 7 ay 27 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.1994cü il və xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 56640,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17112,65 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan Ərizəçi məxsus İT-İ ******* saylı əmək kitabçasından görünür ki, əmək kitabçasında Ərizəçi xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmasına dair hər hansı qeyd yoxdur. Məhkəmə kollegiyası iclası zamanı şahid qismində dindirilən X2 göstərdi ki, o, həmin müəssisəyə 2000-ci ildən qaynaqçı kimi daxil olmuşdur. Ərizəçi uzun müddətdir ki tanıyır, təxminən 2002-ci ildən o işlədiyi müəssisəyə fəhlə kimi gəlmişdir. O, 2012-ci ilə qədər həmin müəssisədə işləmişdir. Ərizəçi ondan tez işdən çıxmışdır. Müəssisə 2013-cü ildə bağlanmışdır. Ariz Şirəliyev, Mehman Babaşov və digərləri onlarla birlikdə işdləmişdir. Məhkəmə kollegiyası iclası zamanı şahid qismində dindirilən X7 göstərdi ki, "xxxx" MMC-tinin rəhbəri onun sinif yoldaşı olmuşdur. O, həmin müəssisədə qeyri-rəsmi işləyirdi. Ərizəçi da həmin müəssisədə işləyirdi. Ərizəçi 2002-ci ildən tanıyır, orada fəhlə işləyirdi. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası maraqlı tərəfin iş üzrə şahid ifadələrini düzgün qiymət verməməsi barədə dəlili qəbul etmir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir (13.1-ci bənd). Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir (13.2-ci bənd). Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir (13.4-cü bənd). Məhkəmə şahid ifadələrini işdə olan digər sübutlarla birlikdə araşdıraraq hesab edir ki, Ərizəçi may ayının 2002-cü ildən 01 dekabr 2009-cu ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktı öz təsdiqini tapmışdır. Göründüyü kimi, məhkəmə iclasında dindirilən şahidlərdən ikisinin (onlara məxsus əmək kitabçalarında bu barədə qeydlər edilməklə) ifadəsi ilə Ərizəçi "xxxx" MMC-də fəhlə kimi işləməsi faktı öz təsdiqini tapmışdır. Ərizəçi "xxxx" MMC-ə işlədiyi müddətə gəldikdə isə məhkəmə hesab kollegiyası edir ki, birinci instansiya məhkəməsi həmin müddəti 22 mart 2004-cü ildən hesablamaqla haqlı olmamışdır. Belə ki, əmək kitabçalarında sözügedən müəssisədə işləmələri barədə qeyd olan şahidlərin (X2 və X3) "xxxx" MMC-də əmək fəaliyyəti də həmin dövrlərdə üst-üstə düşür. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qismən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, qətnamə qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 19 avqust 2022-ci il tarixli 2(060)- 3420/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin. Ərizəçi 2002-ci ilin may ayından 01 dekabr 2009-cu ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar