Məhkəmə qərarları › İş №2(105)-2227/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2227/2022

19.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2227/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) İddiaçı cavabdeh Şabran rayon Notariat Kontoruna qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddası təmin edilib, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən X1 miras qalmış ünvan 1 ünvanında (keçmiş Lenin küçəsi 11) yerləşən fərdi yaşayış evi üzərində İddiaçı vərəsəlik hüququ tanınmışdır. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti verməyə hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmışdır. Maraqlı şəxs qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-nin 357.2. maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışdan görünür ki, ünvan 1 ünvanında (keçmiş Lenin küçəsi 11) yerləşən 0.0290 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X2 adına qeydə alınmışdır. İşə əlavə edilmiş İİ-JQ seriyalı 279095 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 05 sentyabr 1967-ci ildə ölmüşdür. İİİ-ЖГ seriyalı, 408845 nömrəli “Nikahın bağlanması bağlanması haqqında” şəhadətnamədən görünür ki, X3 və X4 18 avqust 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materialları ilə müəyyən olur ki, Maraqlı şəxs ailə həyatı qurduğu vaxtdan ünvan 1 ünvanında (keçmiş Lenin küçəsi 11) yerləşən 0.0290 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır və hazırda da həmin evdə qeydiyyatdadır. AZ-İ seriyalı 290723 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 16 yanvar 2008-ci ildə ölmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qətnaməsi Maraqlı şəxs hüquqlarına və qanunla qorunan maraqlarına toxunur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Ona görə də, şikayət qismən təmin edilərək, Şabran Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 13 sentyabr 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qərardadı ləğv edilməli, Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 13 sentyabr 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qərardadı ləğv edilsin. Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(031)-59/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar