Məhkəmə qərarları › İş №2(105)-2228/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2228/2021

18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2228/2021 18.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(012)-382/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) ərizənin təmin edilməsi, 21.12.1959-cu ildə Ukrayna Respublikasının Çerkassı Vilayətinin Zveniqorodka rayonunda doğulmuş X1 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1982-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Abşeron rayon məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayaraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. İşdən göründüyü kimi, qətnamədən apellyasiya şikayəti maraqlı şəxsin nümayəndəsi Cahangir Rəhimov ad və soyadlı şəxs tərəfindən imzalansa da, sonuncunun səlahiyyətini təsdiq edən etibarnamə şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1. maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Mülki Prosessual Məcəllənin 74.1. maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Mülki Prosessual Məcəllənin 361.2. maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Cahangir Rəhimov tərəfindən imzalansa da, şikayətə etibarnamə əlavə edilmədiyindən və bu şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən verilməsi qənaətinin formalaşmasını qaçılmaz edir. Mülki Prosessual Məcəllənin 363.1.1. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən, şikayətə apellyasiya icraatı qaydasında baxılması üçün əsaslar olmadığından, qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(012)-382/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Abşeron rayon məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(012)-382/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Abşeron rayon məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar