Məhkəmə qərarları › İş №2(105)-223/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-223/2023

11.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-223/2023 11.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(060)- 154/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) Cavabdeh tərəfindən boşaldılması və bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı BOKT ASC-yə təhvil verilməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİNHALLARİ İddiaçı BOKT ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh və qətnamənin icra olunduğu tarixdə icra məmuru tərəfindən ünvan 1, mənzil 4-də (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) aşkar olunan digər şəxslərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları, həmin şəkildə boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixli, 2015/00111-01 №-li kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 122 saylı evin 4 nömrəli mənzili (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi 165, М3, m 1) girov qoymuşdur. Cavabdeh 07 avqust 2015-cı il tarixli, 2015/00111-01 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında yerinə yetirmədiyindən Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2018 nömrəli, 11 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh cəmi 37179.27 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus ünvan 1, 4 nömrəli mənzilə, yeni qaydalarla Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 165, М3, m 1-ə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunmuş pul hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2018 nömrəli, 11 iyun 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2019 nömrəli, 14 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2018 nömrəli, 11 iyun 2018-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş və ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 54000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2019 nömrəli, 14 avqust 2019-cu il tarixli qətnaməsindən narazı qalmış və kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(102)-117/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(105)-532/2019 saylı qətnaməsinə əsasən ipoteka predmeti olan ünvan 1, mənzil 4 (yeni qaydalarla Sumqayıt şəhəri, S. Vurğun küçəsi 165, М3, m 1) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən, 54 000 manata “X7” MMC-də satışa çıxarılmışdır. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X7” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında yekun protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakm Dövlət Reyestrindən Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 122 saylı evin 4 nömrəli mənzilinə İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. (Qeydiyyat № **********, tarix: xx.xx.2021). İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh və onun ailə üzvləri halhazırda da fakitiki olaraq Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 122 saylı evin 4 nömrəli mənzilində (уeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi 165, М3, m 1) yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil alınarkən iddiaçı bank alqı-satqı qaydalarına riayət etməmiş, onun banka borcu qaytarmaq istəyini nəzərə almamışdır. Buna görə hərrac qaydaları pozulmaqla keçirilmişdir. Mübahisəli mənzildə halhazırda Cəbrayıl rayonundan məcburi köçkün olan qardaşı və onun ailə üzvləri yaşayırlar. Məhkəmə tərəfindən bu hal da nəzərə alınmamış və onlar işə cəlb edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kolegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini həmin mənzilə hər hansı hüququ mövcud olmayan cavabdehin bu mənzildə yaşamasının həmin mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi mənzildən çıxarılma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mübahisəli Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 122 saylı evin 4 saylı mənzili (yeni qaydalarla Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 165, M3, m 1) İddiaçı BOKT ASC-nin mülkiyyətində olması isə işin mübahisəsiz halıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının tələbi Cavabdehla bərabər digər şəxslərin də əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları ilə bağlı olsa da, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlməklə nəticə hissəsində yalnız Cavabdeh çıxarılmasını qət etmiş, tələbin digər hissəsinə isə münasibət bildiməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhz bu baxımdan qanunvericilik qətnamənin apellyasiya qaydasında ləğvinin əsaslarından biri kimi məhkəmə aktında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinin zərurilini vurğulamışdır. Beləki, Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır . “Məhkəmə qətnaməsi” haqqında Ali Məhkəmə Plenumunun 2005-ci il 24 noyabr tarixli 4№li qərarın 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin haqq və vəzifələrini dəqiq müəyyən etməlidir. Lakin iddianı təmin edən aşağı instansiya məhkəməsi Cavabdeh mübahisəli mənzildən çıxarılaraq, boşaldılıb iddiaçıya təhvil verilməsi qənaətinə gəlməklə, iddia tələbinin digər şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsinə nəticədə münasibət bildirməmiş və bununla ziddiyyətli nəticəyə gəlmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.” Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 385.1.4-ci maddəsinin tələbləri baxımından qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən mənzil satışa çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmiş və “X7” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında yekun protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən mənzil İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçmişdir. Lakin buna baxmayaraq, cavabdeh mənzili boşaldaraq iddiaçıya təhvil vermir, Bu isə mülkiyyətçi olaraq iddiaçının hüquqlarını pozmaqla, onun mənzildən istifadə və sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdeh həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh həmin mənzildən çıxarılmalı və əşyaları ilə birlikdə boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə kollegiyası həmçinin iddiaçının ikinci tələbi cavabdehlə yanaşı digər şəxslərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları ilə bağlı hissəsinə gəldikdə isə qeyd edir ki, iddia tələbi konkret olmaqla, tələbin yönəldiyi şəxslər aydın və anlaşılan formada (kimliyi) dəqiq göstərilməlidir. İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir (Mülki Prosessual Məcəllənin 149.2.2.,149.2.3. maddəsi). Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunun mənasına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi iddiaçı qətnamənin icrası zamanı digər şəxslərin çıxarılmasını xahiş etsə də, digər şəxslərin kimliyini (ad, soyad və ata adlarını) dəqiqləşdirməmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi digər şəxslərin mənzildən çıxarılması hissəsində təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı BOKT ASC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar