Məhkəmə qərarları › İş №2(105)-2234/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2234/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2234/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(012)-491/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(012)-491/2021 saylı qətnaməsilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 34 000 (otuz dörd min) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdeh 20 (otuz) manat məbləğində dövlət rüsumunun dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(012)-491/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 34 000 manat, vurulan maddi ziyan üçün 5000 manat və mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 noyabr 2015-ci il tarixində ondan iki ay müddətinə, yəni 22 yanvar 2016-cı il tarixinə kimi 35 000 (otuz beş min) manat məbləğində pulu Abşeron rayonu 1 saylı notariat kontorunda notarial qaydada borc pul götürmüşdür. Pulu qaytara bilmədiyi təqdirdə isə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsini ona verəcəyini bildirmişdir. Cavabdeh uzun illər məhkumluq həyatı yaşadığı üçün qeyd olunan borcu tam qaytara bilməmiş və həmin torpaq sahəsini ona vermək imkanı olmamışdır. Cavabdeh borc aldığı pul məbləğindən bu günə kimi müxtəlif vaxtlarda özü və yaxınları tərəfindən cəmi 1000 manat məbləğində ödəniş etmişdir. Azadlığa buraxıldıqdan sonra, bu torpaq sahəsini də qaytara bilməmişdir. Cavabdeh borcu azadlığa hələ təzə çıxdığını bəhanə gətirərək vaxtında qaytarmamış və bu günə kimi əsas borc üzrə 34 000 manat məbləğində pul vəsaitini ona qaytarmamış, onun qarşısında olan öhdəliklərini yerinə yetirməmişdir. Yaşamaq üçün lazım olan minimumları, kiçik məvaciblə dolandığını, ailənin bütün yükünün onun üzərində olmasını nəzərə alaraq, cavabdeh tərəfindən götürülmüş borc pulun qaytarılmaması nəticəsində çox çətin maddi vəziyyətə düşmüşdür. Həmçinin cavabdehin qanunsuz əməlləri nəticəsində onun sağlamlığında və səhhətində ciddi problemlər yaranmışdır. Xəstəliyinin müalicəsi ilə əlaqədar olaraq bir çox yerli xəstəxanalarda müalicə almışdır. Borcunun qaytarılması üçün cavabdehə müraciət etsə də, bir nəticə əldə etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bunlar da qətnamənin ləğvi üçün əsaslardır. Məhkəmə iddianı təmin edərkən faktiki borcun verilməməsinə, mübahisənin 0,06 ha torpaq sahəsinə gğrə yaranmasına əhəmiyyət verməmiş, əsassız olaraq iddianı təmin etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh bildirdi ki, mübahisənin kökündə torpaq sahəsinin alqısatqı əqdi durduğundan borc müqaviləsi əhəmiyyətsiz əqd hesab edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. O, əlavə etdi ki, cavabdehin həm pul borcu var, həm də ona torpaq sahəsi verməlidir. Bu mübahisələrin bir-birinə aidiyyəti yoxdur. Buna görə də şikayət rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunmuş 22 noyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 35 000 (otuz beş min) manat məbləğində borc pul verir, sonuncu isə 22.01.2016-cı il tarixədək borcunu qaytarmağı öhdəsinə götürür. İşdə olan AN-İ ******* saylı, 26 yanvar 2009-cu il tarixli torpaq alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini X2 8000 manata satmışdır. Yenə işdə olan AN-İ ******* saylı, 21 yanvar 2009-cu il tarixli torpaq alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini İddiaçı 4800 manata satmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(012)-491/2021 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İşdən görünür ki, hazırkı iddianın qaldırılmasına əsas tərəflər arasında 22 noyabr 2015-ci il tarixdə imzalanmış və notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi olmuşdur. Həmin müqavilənin 7-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Həmin müqavilənin 9-cu bəndinə görə tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığıyla, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. İşdən görünür ki, tərəflər 2 ay müddətinə qaytarmaq şərtilə 35000 manat məbləğində borcun verilməsi barədə razılığa gəlmiş, lakin həmin müddət ərzində borc iddiaçıya qaytarılmamışdır. Lakin ödəniş müddətinin keçməsi barədə İddiaçı notarius vasitəsilə 30 gün sonra borclu Cavabdeh bildiriş göndərməmiş, bundan sonra isə icra qeydinin alınmasını (borcun mübahisəsiz qaydada alınmasını) notariat orqanından tələb etməmiş, yəni müqavilənin 7-ci bəndinə əməl etmədən hazırkı tələblə birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı müqavilə hazırda qüvvədə olduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər, bu əqdin şərtlərindən biri isə məhz borcun mübahisəsiz qaydada qaytarılmasından bəhs edir (7-ci bənd). Hazırda isə İddiaçı borcun qaytarılması barədə iddiasına məhkəmədə baxıla bilməz. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi səhvən ərizəni icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. AR MPM-nin 259.0.1-ci maddəsinin tələblərinə görə məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Daha öncə qeyd olunduğu kimi tərəflər müqavilədə, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə qayda müəyyən etmişlər. MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 31 mart 2021ci il tarixli, 2(012)-491/2021 saylı qətnaməsi ləğv olunmalı, ərizə baxılmamış saxlanılmalı, bununla belə iddiaçıya ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə borcluya yazılı bildiriş göndərməsi, bundan 30 gün sonra isə notariusdan icra qeydinin alınması üçün notariusa müraciət etmək hüququ izah olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(012)-491/2021 saylı qətnaməsi ləğv olunsun. İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya borcun ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə borcluya yazılı bildiriş göndərməsi, bundan 30 gün sonra isə notariusdan icra qeydinin alınması üçün notariusa müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar