Məhkəmə qərarları › İş №2(105)-2238/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2238/2020

17.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2238/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X8, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1 Müsləm qızına, Cavabdeh2, Cavabdeh3, Şıxəliyev Atabala Zöhrab oğluna və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şıxəliyev Atabala Zöhrab oğlunun, Cavabdeh5, eləcə də onların yetkinlik yaşına çatmayan uşaqları X4, X2 və Kökmen Nazlı Sinan qızının Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 20 saylı evin,14-cü mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçı "İddiaçı" ASC-nə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şıxəliyev Atabala Zöhrab oğluna və Cavabdeh5 qarşı "yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin, eləcə də onların yetkinlik yaşına çatmayan uşaqları X4, X2 və Kökmen Nazlı Sinan qızının Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 20 saylı evin 14-cü mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə uyğun olaraq Cavabdeh2 məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 20 saylı evin 14-cü mənzili xx xxxxxx 2018-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx xxx 2018ci il tarixdə qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3cü maddəsinin tələblərindən də göründüyü kimi Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 20 saylı evin 14cü mənzilində qeydiyyatda olan cavabdehlər, eləcə də onların yetkinlik yaşına çatmayan uşaqları yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etməli olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(059)-205/2020 saylı qətnaməsi ilə razı deyildir. xx xxxxxx 2014-cü il tarixli İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən bu günə qədər ödənilmiş və ödəniləcək olan məbləğin təyin olunması üçün iddiaçı ilə dəfələrlə razılığa gəlmişlər və ödənişin hissə-hissə ödənilməsi haqqında bir qərar qəbul etməsinə çalışsada, heç bir razılaşmaya nail olmamışdır. Məhkəmənin humanist addım ataraq bu mübahisəli məsələyə yenidən baxılmasını xahiş edir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsini ləğv edib, keçirilən məhkəmə prosesini yeni həcmdə qanuna uyğun olaraq yeni qərar qəbul edilməsini və müvafiq qaydada qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi N.Ə.Babayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, A.Z.Şıxəliyev və Cavabdeh5 iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, mübahisəli mənzilin iddiaçının xüsusi mülkiyyətində olmasına və cavabdehlərin həmin mənzili könüllü surətdə boşaldılmasından imtina edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2016-cı il tarixli, 2(059)-31/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "İddiaçı" ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh2 iddiaçı Bank arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh2, Ə.İlyasovdan və T.Bədəlovadan müştərək qaydada iddiaçı Bankın xeyrinə cəmi 14 307,31 ABŞ dolları manata məzənnəsi üzrə borcun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 20 saylı evin 14-cü mənzilinə yönəldilməsi, habelə bu mənzilə tutma yönəldikdən və satıldıqdan sonra həmin mənzilin ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda ödənilməmiş məbləğin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli, 09/1 saylı hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli, 2(059)-31/2016 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Siyəzən rayon icra şöbəsinin sifarişi əsasında "X3" MMC tərəfindən həmin tarixdə təşkil edilmiş hərracda Cavabdeh2 məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 20 saylı evin 14-cü mənzili "İddiaçı" ASC-yə 22 312,50 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin xx xxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 20 saylı evin 14-cü mənzili mülkiyyət hüququ üzrə "İddiaçı" ASC-nin adına həmin tarixdə **********95-05101- 093009 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan “Elektron notariat” X1 xx xxxxxx 2020-ci il tarixli çıxarışından görünür ki, cavabdehlər, eləcə də onların yetkinlik yaşına çatmayan uşaqları X7, X6 və Kökmen Nazlı Sinan qızı iddiaçı banka məxsus mübahisəli mənzildə qeydiyyatdadırlar. İşə əlavə olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 158.3cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 adına mübahisəli mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyi və həmin mənzilə mülkiyyət hüququ "İddiaçı" ASC-yə keçdiyi, o cümlədən cavabdehlər mübahisəli mənzilin satılmasına razılıq verdikləri üçün onların Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 20 saylı evin 14-cü mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməlidir. Eyni zamanda, məhkəmə, yetkinlik yaşına çatmayan, xx xxx 2003-cü il təvəllüdlü A.Cavabdeh2, xx xxxx 2006-cı il təvəllüdlü C.Cavabdeh2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü N.S.Kökmenin münasibətdə qeyd edir ki, onlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3cü maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edildiklərindən, o cümlədən bu kateqoriyadan olan şəxslər cavabdeh sayıla bilməyərək valideynlərinin himayəsində olduqlarından iddia tələbinin onlara qarşı hissəsində bu hal nəzərə alınmalı və onların qeyd edilən mənzilə istifadə hüquqularına valideynlərin himayəsi altında xitam verilmiş hesab edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən borcun hissə-hissə ödənilməsi barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, bu işlə bağlı heç bir ödəniş edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(059)-205/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar