Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2241/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı «xxxxxxxxx» X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əzizbəyov küçəsində yerləşən 3 nömrəli evin 2 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «xxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əzizbəyov küçəsində yerləşən 3 nömrəli evin 2 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M. Əzizbəyov küçəsində yerləşən 3 nömrəli evin 2 nömrəli mənzilinə Abşeron Rayon İcra şöbəsinin xx xxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı İKB ASC-nin mülkiyyət hüquqları xx xxxx 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına RX Seriyalı ******* nömrəli çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Abşeron rayon Mehdiabad qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli arayışından göründüyü kimi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əzizbəyov küçəsində yerləşən 3 nömrəli evin 2 nömrəli mənzilində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı İKB ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı İKB ASC ilə kredit müqaviləsi onunla deyil, qardaşı ilə bağlanmışdır. O, həmin müqavilə üzrə zamin qismində çıxış etmişdir. Qardaşı bir müddət əvvəl rəhmətə gedib, o da zamin ağır vəziyyətə düşmüşdür. Belə ki, onun həmin borcuödəməyə maddi imkanı çatmır. İddiaçıya borc 20.000 ABŞ dolları idi, indiyədək bu borcun 15.000 ABŞ dolları ödənilmişdir. 11.000 ABŞ dolları məbləğində borc qalmışdır, lakin dollar qalxdığından ödəniləcək məbləğ də artmışdır. Həmin əmlak üzərində iddiaçı təşkilatın mülkiyyət hüquqlarının tanınmasına gəldikdə, əmlakın dəyəri ödəniləcək borc məbləğində mütənasib deyil, yəni borc məbləği evin dəyərindən aşağıdır. İddiaçı tərəfindən mübahisəli olan evin Banka adına keçirilməsi qeyri-qanunudir. Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi 2(012)-1498/2020 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi R.M.Abdullayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, mübahisəli mənzilin iddiaçının xüsusi mülkiyyətində olmasına və cavabdehlərin həmin mülkü könüllü boşaltmaqdan imtina etməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı İKB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İşdə olan xx.xx.2015-ci il tarixli İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan borclu Cavabdeh1 İddiaçı İKB-nin xeyrinə 19600 (on doqquz min altı yüz) ABŞ dolları məbləğində pulun alınmasına dair Abşeron rayon 2 saylı notariat kontorunun xx xxxxxx 2008-ci il tarixli icra sənədi“ üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, ünvan 2 ünvanında Cavabdeh1, Cavabdeh2 və S.Cavabdeh1 qeydiyyatdadırlar. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən mübahisəli evin qanunsuz olaraq iddiaçının mülkiyyətinə keçməsi barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qəbul edilə bilməz. Məhkəmə kollegiyası zamanı müəyyən edilmişdir ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əzizbəyov küçəsində yerləşən 3 nömrəli evin 2 nömrəli mənzilinə Abşeron Rayon İcra şöbəsinin xx xxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən tutma yönəldilmişdir. Əmlakın İddiaçı İKB ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxx 2020-ci il tarixli 2(012)-1498/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2241/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2241/2020
17.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver