Məhkəmə qərarları › İş №2(105)-2242/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2242/2022

30.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2242/2022 30.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehlər Cavabdeh1 Mübarək qızının, Cavabdeh2, üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mübarək qızına və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022ci il tarixli, 2(012)-1384/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 Mübarək qızı və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2, mərtəbə 5, 40 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilinin qapısını sındıraraq mənzilə daxil olmuş Cavabdeh1, Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilinin qapısını sındıraraq mənzilə daxil olmuş Cavabdeh1 Mübarək qızının və Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdə Abşeron Rayon İcrayyə Komitəsinin qərarı ilə adı gedən ünvanda ailə üzvləriylə birlikdə yaşamaq üçün mənzil verilmişdir. xx.xx.2021-ci il tarixdə Müşviqə adlı bir qadın həmin binada yaşayan qudasının bələdçiliyi ilə mənzilinin qapısını sındıraraq Cavabdeh1 Mübarək qızını, Cavabdeh2, onun və ailə üzvlərinin iradəsi ziddinə 40 saylı mənzili zəbt edərək yerləşdirmişdir. Hal-hazırda cavabdehlər onun mənzilində yaşayırlar. O həmin qadınların özbaşınalıqları ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Polis Şöbəsinə, Abşeron Rayon 2 saylı Mənzil İstismar İdarəsinə, 102-yə, Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciətlər etmişdir. Lakin, onun mənzilini qanunsuz, əsassız zəbt edən qadınlar mənzilini tərk etmək istəmirlər. Elə bu səbəbdən Abşeron Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qasımov X3 Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsi İddiaçı Zeynalabidin oğlunun mübahisələndirdiyi və cavabdehlərin çıxarılmasını xahiş etdiyi mənzilin ona məxsus olmasını, həmin binanın 2 və ya 12 saylı bina olmasını təsdiq edən heç bir hüquqi sənədə malik sübutların olmamasına, iş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Aktda adları qeyd edilən şəxslərin bu aktı hansı sifətdə, yəni qonşu kimi və yaxud başqa əlaqələrinin olmasını təsdiq edəcək xüsusatları qeyd etmədiklərinə, akta imza edənlərin qeydiyyat ünvanlarının heç birinin həmin 2 saylı bina olmadığından ləğv edilərək iddia tələbi əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinə əlavə edilmiş Aktda adları qeyd edilmiş şəxslərin məhkəmədə dindirilməsini təmin etməmiş, həmin aktı imzalayan şəxslərin cavabdehlər tərəfindən qapnını sındırlmasını gördüklərini təsdiqləyə biləcək dəlillərini təqdim etmələri tələb edilməmiş, cavabdehlər nə zaman ora köçdüklərini, hansı şəraitdə olan mənzilə köçmələrini görüb görməmələri araşdıırılmamışdır. Akta imza edənlərin heç birinin qeydiyyat yeri həmin bina deyil. Məhkəmə həmin mənzilin təmirinə 12 000 manat pul xərclənməsinə dair cavabdehin verdiyi izahatı aydınlaşdırmayaraq həmin mənzilin təmirli olub olmaması, cavabdehlərin həmin mənzilə çəkdiklərin xərcin dəyərini ekspertiza təyin edərək dəqiqləşdirmədiyi üçün hesab edir ki, birtərəf mövqe nümayiş etdirmişdir. Çünki hesab etsək ki, mənzil hətda iddiaçıya məxsusdur, ən azından məhkəmə ədalət nümayiş etdirərək mənzilin təmirinə çəkilən xərci müəyyən edərdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 Mübarək qızı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz etdiyini və birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlərin mübahisə predmeti olan mənzildə yaşamaları iddiaçının hüquqlarının və qanuni maraqlarının pozulması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etmiş olsa da, mübahisəyə maddi hüquqi normalarını düzgün tətbiq etməmiş, həmçinin mənzilin mülkiyyətçisi olan Abşeron rayon İcra Hakimiyyətini isə cəlb etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini mənzildən çıxarılma təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X9rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X6 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. ünvan 1 ünvanında yerləşən mənzilin Abşeron Rayon Xalq Deputatları Soveti İcrayə Komitəsi tərəfindən verilmiş 03 noyabr 1989-cu il tarixli, 344 saylı order əsasında İddiaçı verilməsi işin mübahisəsiz halıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi). Məhkəmə kollegiyası tərəflər arasında mübahisə predmeti təşkil edən mənzil ilə bağlı hüquq münasibətinin 2007-ci il tarixdən əvvəl yarandığından hesab edir ki, hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilmiş hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz (Mənzil Məcəlləsinin 10-cu maddəsi). Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (Mənzil Məcəlləsinin 53-cü maddəsi). Göründüyü kimi mübahisəli mənzil Abşeron Rayon Xalq Deputatları Soveti İcrayə Komitəsi tərəfindən verilmiş 03 noyabr 1989-cu il tarixli, 344 saylı order ilə İddiaçı verilmiş və iddiaçı ilə bərabər 3 nəfər həmin ünvanda qeyydiyyatdadırlar. Bu isə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasını qaçılmaz edir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Xalq Deputatları Soveti İcrayə Komitəsi tərəfindən verilmiş 03 noyabr 1989-cu il tarixli, 344 saylı order ilə mübahisəli mənzil iddiaçının üç nəfər ailə üzvləri nəzərə alınmaqla onlara verildiyindən, mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan maddəsinin tələbi baxımından orderə adları daxil edilmiş şəxslərin, o cümlədən də iddiaçının həmin mənzil üzərində yaşayış sahəsinə hüqüqu yarandığından, sonuncu cavabehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı həmçinin qeyd olunmalıdır ki, cavabdehlər də öz növbəsində həmin mənzildə heç bir hüquqi əsas olmadan qanunsuz yaşayırlar. Cavabdehlərin məcburi köçkün olaraq başqa yaşayış yerlərinin olmaması barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin həmin mənzilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən köçürülməsi iş materialı ilə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, cavabdehlər həmin mənzildən çıxarılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Mübarək qızı və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2, mərtəbə 5, 40 saylı mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar