Məhkəmə qərarları › İş №2(105)-2244/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2244/2020

18.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2244/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 Boris oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-442/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma iddia tələbi təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi, 7 saylı evin 26 nömrəli mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi, 7 saylı evin 26 nömrəli mənzil İddiaçı “xxxx” MMC yaşayış kompleksi tərəfindən verilmiş, Abşeron rayon İH Başçısı tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli 2724 nömrəli mənzilə dair İddiaçı order verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 43 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən qeydə alınmış xx xxxxxx 2016cı il tarixli, 3M-1068 reyestr saylı ilkin alqı-satqı müqaviləsi əsasında Saziş imzalanmışdır. Həmin Sazişə görə İddiaçı “xxxx” MMC yaşayış kompleksi tərəfindən xx.xx.2013-cü il tarixdə təqdim edilmiş 6-cı mərtəbə 1-ci blok, 2 otaqdan ibarət Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində yerləşən 7 saylı evin ümumi sahəsi 73,6 kv.metrdən ibarət 26 nömrəli mənzili 60.000 manata Cavabdeh satmış, Cavabdeh ilkin olaraq 30000 manat pulu nağd şəkildə verməyi, qalan pulu isə xx.xx.2017-ci il tarixə qədər hissə-hissə ödəməyi, İddiaçı isə öz növbəsində qeyd edilən mənzili boşaltmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli 43 saylı müqavilənin icrasından yayınır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mühüm əhəmiyyəti olan faktiki halları tam araşdırmadan və tərəflər arasında olan münasibətləri aydınlaşdırmadan qətnamə çıxarmışdır. Məhkəmə ərizəsində göstərilən faktlara əhəmiyyət vermədən iddia tələbinin rədd olunması qərarına gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasından dindirilən iddiaçının nümayəndəsi Vəkil1 Boris oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni tərəflər arasında bağlanan müqavilənin ləğv edilməməsi, hal-hazırda qüvvədə olması, ödənilməmiş qalan məbləğin cavabdehin iddiaçıya ödəməyə razı olması ilə əsaslandırmışdır. Lakin bu nəticəyə gələn birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir. Bununla da, hazırki mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə iddianın rədd edilməsi qənaətinə gəlməklə səhvə yol vermiş, mübahisəni tərəflərin hüquq mənafeyinə uyğun olaraq həll etməmiş, maddi və prosessual hüquq normalarını pozaraq, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilmişdir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəlləsinin 2.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, iddiaçı “xxxx” MMC yaşayış kompleksi tərəfindən verilmiş Abşeron rayon İH Başçısının xx xxxx 2013-cü il tarixli 2724 nömrəli mənzilə dair order əsasında ona məxsus olan Abşeron rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi, 7 saylı evin 26 nömrəli mənzili onun ilə Cavabdeh arasında bağlanmış, 43 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən qeydə alınmış xx xxxxxx 2016-cı il tarixli, 3M- 1068 reyestr saylı ilkin alqı-satqı müqaviləsi əsasında 60.000 manata sonuncuya satdığını, Cavabdeh ilkin olaraq 30000 manat pulu nağd şəkildə verməyi, qalan pulu isə xx.xx.2017-ci il tarixə qədər hissə-hissə ödəməyi, iddiaçı isə öz növbəsində qeyd edilən mənzili boşaltmağı öhdəsinə götürdüyünü, lakin, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli 43 saylı müqaviləni icra etmədiyini əsas gətirərək, ona məxsus mənzildən çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və o bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirmişdir. Mənzil Məcəlləsinin 1.2. maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarındandır. (Həmin Məcəllənin 2.1., 8.0.2. maddələri). İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. (Mülki Məcəllənin 402.1., 402.3. maddələri). Göründüyü kimi tərəflər arasında bağlanmış ilkin müqavilənin şərtlərinə əsasən iddiaçı mənzili özəlləşdirdikdən sonra 60.000 manata cavabdehə satmağı, cavabdeh isə həmin məbləğin əvvəlcə 30.000 manatını, yerdə qalan 30.000 manatı isə xx.xx.2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, lakin iddiaçı müqavilə üzrə üzərinə düşən vəzifəni icra edərək mübahisəli mənzili cavabdehin istifadəsinə versə də, sonuncu müqavilədən irəli gələn öhdəliyi icra etməmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386.1. maddələri). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 425.1., 442, 445.1. və 448.1. maddələri). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 157.8., 158.4 maddələri). Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqaviləni təhlil edərək qeyd edir ki, Cavabdeh mənzilin dəyəri kimi razılaşdıqları 60.000 manatın qalıq hissəsi olan 30.000 manatı ilkin alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək satıcı İddiaçı verməsinə dair öhdəlik götürməsinə baxmayaraq müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş, nəticədə iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırmışdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfində müqavilə üzrə üzərinə götürdüyü öhdəlik icra edilmədiyindən, iddia tələbi təmin edilməklə Cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı X1 məxsus olan Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi, 7 saylı evin 26 nömrəli mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar