Məhkəmə qərarları › İş №2(105)-2246/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2246/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2246/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Qobustan Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(026)-134/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(026)-134/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Mirələm Quliyev) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 10243,59 manat əsas, 13,82 manat faiz, 500 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1397,28 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Şamaxı şəhəri, Sabir qəsəbəsində yerləşən tam mülkiyyət hüququ üzrə X5 məxsus 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri yaşayış binasına yönəldilməsi, əmlakın satış qiymətinin 90000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 10243,59 manat əsas, 13,82 manat faiz, 5471,59 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1397,28 manat, dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Şamaxı şəhəri, Sabir qəsəbəsində yerləşən 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri yaşayış binasına yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri yaşayış sahəsinin boşaldılaraq ləğv prosesində olan cəmiyyətə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə bağlanmış 19.02.2015-ci il tarixli, 106.LN.2004.190215.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz ödənilmək şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 19.02.2015-ci il tarixli, 106.CL.190215.00001/c saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28.02.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Şamaxı şəhəri, Sabir qəsəbəsində yerləşən 0,257 ha torpaq sahəsi və üzərində olan qeyri yaşayış binası ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********926 saylı, 26.11.2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 13.11.2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 17126,33 manat təşkil edir. Bundan 10243,59 manatı əsas, 13,82 manatı faiz, 5471,59 manatı cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1397,28 manat faiz borcudur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki, İddiaçı açıq səhmdar cəmiyyətindən götürdüyü 40000 manat kredit pulundan müəyyən vaxtlarda, müəyyən məbləğlərlə cəmi 30000 manat ödəniş etmiş, sonradan borcunu ödəməyə maddi imkanı olmamışdır. Lakin bundan sonra banka olan borcunu ödəyəcəkdir. Bank həm faiz, həm də cəriməni hədsiz dərəcədə yüksək hesablamışdır. Belə ki, bank ona 5471,59 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən 1397,28 manat faiz hesablamışdır. İpoteka qoyulmuş əmlak isə onun deyil, Cavabdeh2 mülkiyyətindədir və Cavabdeh2 yeganə qazanc yeridir. Əgər tutma həmin qeyri-yaşayış sahəsinə yönəldilərsə və hərracda satılarsa, bu, bir ailənin ac qalması və onunla Cavabdeh2 arasında mübahisəyə yol açacaqdır. Məhkəmə qətnamə çıxararkən dəbbə pulunu azaltsa da, 500 manat saxlamış, hesablanmış faiz borcuna isə heç toxunmamışdır. Belə ki, qətnamə üzrə hesablanan faiz və cərimə borcu həddindən artıq çox olduğuna görə qətnamə ləğv edilməklə, yeni qətnamə çıxarılmasını istəyir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə faiz və cərimə borcuna aid hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsini faktiki olaraq faiz və cərimə borcuna aid hissələrində mübahisələndirdiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli, 106.LN.2004.190215.00001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli, 106.CL.190215.00001/c saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2015-ci il tarixli, 106.LN.2004.190215.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Şamaxı şəhəri, Sabir qəsəbəsində yerləşən 0,257 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binası ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 90000 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Şamaxı şəhəri, Sabir qəsəbəsində yerləşən (0,257 ha torpaq sahəsi ilə birlikdə) qeyri yaşayış binasının ipoteka ilə yüklü edilməsi 28.02.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin **********864 saylı, 20 noyabr 2020-ci il tarixli arayışından görünür ki, 19.02.2015-ci il tarixli, 106.LN.2004.190215.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 13.11.2020-ci il tarixə 10243,64 manat əsas, 13,82 manat faiz, 5471,59 manat cərimə və illik 5 faizlə hesablanmış 1397,28 manat borcu vardır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 26.11.2020-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron portalından çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Şamaxı şəhəri, Sabir qəsəbəsində yerləşən (0,257 ha torpaq sahəsi ilə birlikdə) qeyri yaşayış binasına tutmanın yönəldilməsinə dair bildiriş 15.03.2021-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış 19.02.2015-ci il tarixli, 106.LN.2004.190215.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Cavabdeh apellyasiya şikayətində ondan tutulan faiz və cərimə borcunu mübahisələndirmişdir. İşdən görünür ki, Cavabdeh1 kredit illik 6 faiz ödəmək şərti ilə verilmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə faiz ödəməyi öhdəsinə götürmüşdür və məhkəmə qətnaməsi ilə ondan 13,82 manat faiz borcu tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. İşdən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 5471,59 manat cərimə tələb etmiş, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin **********864 saylı, 20.11.2020-ci il tarixli arayışı ilə müəyyən olunur ki, 19.02.2015-ci il tarixli, 106.LN.2004.190215.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 13.11.2020-ci il tarixə illik 5 faizlə hesablanmış 1397,28 manat borcu vardır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin hallar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, Cavabdeh1 13,82 manat faiz, 500 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1397,28 manat faiz borcunun alınıb İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunu və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Cavabdeh2 qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə faiz və cərimə borcuna aid hissələrində dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı və nəticə hissələrində ipoteka predmetinin texniki səhv olaraq X5 məxsus olduğunu göstərmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(026)-134/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə faiz və cərimə borcuna aid hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamənin əsaslandırıcı və nəticə hissələrində ipoteka predmetinin Cavabdeh2 məxsus olduğu göstərilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar