Məhkəmə qərarları › İş №2(105)-225/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-225/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-225/2023 09.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüquqa xitam verilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(029)-917/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddianın təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Rəşidova X2 Esmira Vahid qızına qarşı yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüquqa xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanda yerləşən evə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evə dair xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh ona məxsus həmin evdə qeydiyyatdadır, lakin faktiki olaraq 1995-ci ildə həmin evdən çıxıb getmiş və həmin vaxtdan özünün başqa daimi yaşayış yeri vardır. Uzun müddətdir ki, Rusiya Federasiyasında daimi yaşayır. Həmin vaxtdan həmin evdə cavabdehə məxsus hər hansı bir əmlak yoxdur və onun qeydiyyatı formal xarakter daşıyır. Onun formal qeydiyyatı isə onun həmin evə dair mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırır, əlavə kommunal xərclər çəkməyinə səbəb olur. Odur ki, Cavabdeh artıq uzun müddətdir ki, ona məxsus yuxarıda qeyd etdiyi evdə yaşamadığından, özünə başqa daimi yaşayış yeri seçdiyindən, həmin evdə ona aid heç bir əmlaklar olmadığından, onun həmin evə istifadə hüququ və qeydiyyatda olması formal xarakter daşıyır. Bu, isə öz növbəsində onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır və aşağıdakı əsaslara görə ləğv edilməlidir. Məhkəmə qətnaməsində onun Rusiyya Federasiyasında yaşamağını və daimi yaşayış yerinin olduğu qənaətinə gələrək qərar qərar qəbul etmişdir. Lakin bunu sübut edən heç bir dəlil olmamışdır. Onun ölkə xaricində olmağını müəyyən etmək üçün Sərhəd Qoşunlarına sorğu göndərilməmişdir. Məhkəmə qətnamənin təsviri hissəsində onu lazımı qaydada məhkəmə iclasında iştirak etmək üçün məlumatlandırdığını bildirərək, qeydiyyatda olduğu ünvana bildirişin göndərildiyini qeyd etmişdir və onun məhkəmə iclasına gəlmədiyini və gəlməməyinin səbəblərini məhkəməyə bildirmədiyini göstərmişdir. İşə baxan hakim bir tərəfdən yaşayış evində yaşamadığı üçün istifadə hüququna xitam vermiş, digər tərəfdəndə həmin yaşayış sahəsinə ona məhkəmə bildirişi göndərmişdir. Göründüyü kimi məhkəmə işin hallarını düzgün araşdırmamışdır. O həmin yaşayış sahəsində qeydiyyatda olmaqla onun bütün cehiz əşyaları həmin yaşayış sahəsində yerləşir. Fərdi yaşayış evini o təmir etdirmiş və əlində sübutları vardır. Həmçinin 2017-ci il tarixdə iddiaçı olan anası-Rəşqəndə onu Qusar rayon Notariat Ofisinə aparmış və bütün əmlakını iki nəfər qonşuların iştirakı ilə ona vəsiyyətnamə vermişdir. Bu barədə Qusar rayon Notariat ofisində reyestrdə qeydiyyat vardır. Məhkəmə onun yaşayış sahəsinə istifadə hüququna xitam verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarının tələblərini pozmuşdur. Məhkəmə onun istifadə hüququna xitam verilən zaman kompensasiya məsələsinə baxmamışdır. Eyni zamanda yaşayış evinin qiymətləndirilməsi və ya aylıq kirayə haqqının müəyyən edilməsi barədə ekspertiziya təyin etməmişdir. Eyni zamanda iddiaçının istifadə hüququna xitamı barədə ərizəsində kompensasiyanın göstərilməməsindən asılı olmayaraq məhkəmə kompensasiya məbləğini tətbiq etməli halda tətbiq etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasından dindirilən üçüncü şəxs X6 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, həmin evi alqı-satqı müqaviləsi əsasında əldə edərək artıq onun mülkiyyətindədir və kənar bir şəxsin onun evinə hüquq əldə etməsi mülkiyyətçi olaraq onun hüquqlarını pozur. Odur ki, şikayətin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmasını Cavabdeh uzun müddətdir ki, İddiaçı məxsus mübahisəli evdə yaşamaması, həmin evdə ona məxsus heç bir əmlaklar olmaması, onun formal olaraq pasport qeydiyyatında qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozması və evə dair mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayətinin dəlillərindən biri də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədədir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi cavabdehin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüquqa xitam verilməsi barədədir. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyət hüququ əldə etməsi, Cavabdeh iddiaçının qızı olması və cavabdehin həmin evdə doğulduğu vaxtdan qeydiyyata düşməsi, hazırda isə həmin mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Təranə Şəfiyevaya satıldığı, həmin evin hazırda sonuncunun mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2000-ci ildən əvvəl yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti təşkil edən evlə bağlı tərəflər arasında hüquq münasibətinə, mübahisənin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq baxılaraq hüquqi qiymət verilməlidir. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2.-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı). Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21 fevral 2023-cü il 3- 21-3-34/2-1925/2023 nömrəli məktub göndərilmişdir. Həmin məktubda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86-10301 reyestr nömrəli çıxarışla İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi Qusar rayon notariat kontorunun xx.xx.2022-ci il tarixli, 4Ə-910 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X4 mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimi mübahisəli ev artıq cavabdehlə heç bir qohumluq əlaqəsi olmayan üçüncü şəxs Təranə Şəfiyevanın mülkiyyətindədir. Cavabdehin özü də apellyasiya baxışı zamanı 23 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirakı zamanı verdiyi izahatında mübahisəli evdə yaşamaq istəmədiyini, sadəcə qeydiyyatının bərpa olunmasını istədiyini, cavabdehin bu evdə yaşamadığını və istifadə etmədiyini bir daha təsdiq edir. Cavabdeh bütün cehiz əşyalarının həmin yaşayış sahəsində yerləşməsi, fərdi yaşayış evini təmir etdirməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirak onun özü üçün neqativ nəticələrə səbəb olur. Lakin cavabdeh ona məxsus əşyaların mübahisəli mənzildə olmasını və mənzildə təmir işləri aparmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki cavabdeh özünün də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında uzun müddətdir Bakı şəhərində yaşadığını bildirmişdir. Göründüyü kimi cavabdeh mübahisəli evə ehtiyacının olması, başqa yaşayış yerinin olmaması və onun bu mənzilə davamlı olaraq gedib-gəlməsini təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli mənzil üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdən artıq Təranə Şəfiyevaya məxsus olduğundan, sonuncu müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb olunmuş və məhkəmə kollegiyasının iclasında iddianın əsaslı hesab edərək cavabdehin ona mülkiyyət hüququ üzrə məxsus olan mənzildə istifadə hüququnun saxlanılmasının mülkiyyətçi olaraq onun hüquqlarının pozulmasına səbəb olacağını bildirmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar