Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-225/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4730/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) İddiaçı Cavabdeh qarşı müqavilə üzrə dəbbə pulunun ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə 3M- 3589 № ilə Bakı şəhəri 43 saylı notariat ofisində qeydiyyata alınmış müqavilə üzrə 30.000 (otuz min) manat məbləğində dəbbə pulunun və məhkəmə rüsumu üçün onun tərəfindən ödənilmiş 180 (yüz səksən) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 103F ünvanında yerləşən “Capelli” gözəllik salonunu icarəyə götürmüş, həmin salonda təyinatı üzrə xanımlar üçün bir çox gözəllik xidmətləri göstərilməkdədir. 2023-cü ilin oktyabr ayında icarə əsasında işlətdiyi “Capelli” gözəllik salonunda təcrübəli qadın saç ustasına tələbat yarandığından bir tanışının tövsiyəsi ilə əvvəllər müxtəlif yerlərdə saç ustası kimi işləmiş Cavabdeh ilə xidmət müqaviləsi bağlamaq qərarına gəlmışdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində Cavabdeh ilə qarşılıqlı razılıq əsasında müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ”Birinci tərəf” (o-İddiaçı) “İkinci tərəfi” (Cavabdeh) “Capelli” gözəllik salonunda saç ustası kimi işləməyi üçün zəruri yer, şərait və vasitələrlə təmin etməyi, onu müxtəlif sosial şəbəkələr vasitəsi ilə reklam etməyi, həmin müqavilənin 1.2-ci bəndinə əsasən “İkinci tərəf” (Cavabdeh) isə ”Birinci tərəfin” (o, İddiaçı) hazırki müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərini icra etməsi müqabilində 3 (üç) il müddətində “Capelli” gözəllik salonunda saç ustası xidmətlərini göstərməyi və bu müddət ərzində başqa yerdə xidmət göstərməməyi öz öhdəsinə götürmüşdür. Aralarında əldə edilmiş razılığa əsasən Cavabdeh “Capelli” gözəllik salonunda saç ustası fəaliyyətindən əldə edəcəyi gəlirləri müvafiq qaydada bölüşdürməli idilər. Bundan sonra o, müqavilənin 1.1-ci bəndinə əsasən öz öhdəlikərini yerinə yetirərək “Capelli” gözəllik salonunda Cavabdeh yer ayırmış və onu zəruri vasitələrlə təmin edərək saç ustası kimi fəaliyyət göstərməsi üçün normal şərait yaratmışdır. Cavabdeh 2 aydan çox olmayan müddətə “Capelli” gözəllik salonunda xidmət göstərməyə başlamışdır. Lakin bu 2 aydan çox olmayan müddətdə müxtəlif bəhanələr gətirməklə tam şəkildə xidmət göstərməmişdir. Daha sonra isə 2023-cü ilin noyabr ayının sonlarından “Capelli” gözəllik salonuna gəlməmiş və beləliklə də aralarında bağlanan notarial qaydada təsdiq edilmiş xx.xx.2023cü il tarixli müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Qeyd olunanlara “Capelli” gözəllik salonunda işləyən X1 və X2 da şahid olmuşlar. Qeyd olunan müqavilənin 7.2-ci bəndinə əsasən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə sifarişli poçt vasitəsi ilə Cavabdeh xəbərdarlıq məktubları göndərməyimə baxmayaraq o, hazırkı vaxta kimi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə öhdəlikərini icra etməzsə və ya müqaviləyə birtərəfli qaydada xitam verərsə ona 30.000 (otuz min) manat məbləğində dəbbə pulu ödəməlidir. Beləliklə də, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə ona mənəvi və maddi ziyan vurmuşdur. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olduğu nəzərə alınaraq iddia ərizəsi aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə işin faktiki hallarını nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməməklə qərar qəbul etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarını tətbiq etməli olduğu halda tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı xidmət göstərilməsi ilə əlaqədar qarşılıqlı icra ilə şərtləndirilmiş və notarial qaydada bağlanılmış müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi səbəbindən müqavilədə qeyd olunan və tərəflərin könüllü iradəsi əsasında razılaşdırılmış miqdarda dəbbə pulu tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməmiş və qətnaməsində əmək qanunvericiliyinə aid normalara yer verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Əmək Məcəlləsi əmək müqaviləsi əsasında işəgötürən və işçi arasındakı əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktdır. Lakin İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi olmamışdır. İddiaçı ilə Cavabdeh arasında əldə edilmiş razılığa əsasən sonuncunun xidməti nəticəsində əldə ediləcək gəlirlər bölüşdürülməli idi. Halbuki əmək münasibətlərində işəgötürən və işçinin bərabər gəlirlər əldə etməsi istisna haldır. Qeyd olunan fakt da özlüyündə tərəflər arasındakı münasibətlərin əmək münasibətləri olmadığını sübut edir. Həmçinin Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, Məhkəmə araşdırması zamanı müəyyən edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli müqavilə müddəti xx.xx.2026-cı tarixdə bitəcəkdir və bu müddət ərzində, müqavilə müddətində başqa yerdə (“işləməyi”, hərfi mənası yanlış qeyd olunmaqla) “işləməməyi” cavabdeh öhdəlik olaraq götürdüyünə əsaslanaraq 30.000 manat dəbbə pulu tələb etmişdir. İddiaçının istinad etdiyi müqavilədə məcburi əməyə cəlb etmə əlamətləri mövcuddur. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı müqavilə üzrə dəbbə pulunun ödənilməsinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi məhkəmə işin faktiki hallarını obyektiv araşdırmayaraq dəbbə pulunun cavabdehin başqa yerdə işləməməsi öhdəliyinə əsaslanaraq iddiaçı tərəfindən tələb olunduğuna istinad etmişdir. Cavabdehin başqa yerdə işləməsi barədə iddiaçıda hər hansı məlumat olmamışdır. Cavabdeh əsaslı səbəb olmadan “Capelli” gözəllik salonuna gəlməyərək, iddiaçı tərəfindən ona göndərilmiş xəbərdarlıq məktublarına məhəl qoymayaraq öz hərəkətsizliyi ilə müqaviləyə birtərəfli qaydada xitam vermək niyətini bəyan etmişdir. Müqaviləyə əsasən “ikinci tərəf” yəni cavabdeh hazırki müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə xitam vermək istəyərsə “Birinci tərəfə” yəni iddiaçıya 30.000 manat məbləğində dəbbə pulu ödəməlidir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında müqavilə öhdəliyi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində dəbbə pulunu tələb etsə də, tərəflər arasında olan öhdəliyin müqavilənin hansı tərəfi vasitəsi ilə icra edilməməsi və bunun nəticəsində iddiaçının maddi ziyana düçar olması işin araşdırılan hallarına əsasən təsdiq olunmur. Tərəflərin və şahidlərin izahatları, mülki işin məhkəmə iclasında tədqiq olunan hallarıməhkəmənin bu qənaətə gəlməsinə əsas vermişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə əsassız olaraq Mülki Məcəllənin öhdəliklərin icrası və dəbbə pulu ilə əlaqədar qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının Cavabdeh qarşı iddiasını təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni iddiaçı tərəflər arasında müqavilə öhdəliyi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində dəbbə pulunu tələb etsə də, tərəflər arasında olan öhdəliyin müqavilənin hansı tərəfi vasitəsi ilə icra edilməməsi və bunun nəticəsində iddiaçının maddi ziyana düçar olması işin araşdırılan hallarına əsasən təsdiq olunmaması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 385.1, 442, 425.1, Əmək Məcəlləsinin 2, 9, 11, 17, 25-ci maddələrinə, Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına və BƏT-in “X7 Edilməsi haqqında” Konvensiyanın 1-ci maddəsinə istinad etmişdir. İddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini müqavilənin pozulması nəticəsində 30000 manat dəbbə pulunun ödənilməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Əmək Məcəlləsinin 2, 9, 11, 17-ci və Mülki Məcəllənin 21, 385.1, 442, 425.1-ci maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, tərəflər arasında 10 oktyabr 2023-cü il tarixli müqavilənin bağlanması və həmin müqavilənin şərtinə əsasən cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya müqaviləyə birtərəfli qaydada xitam verdikdə, eləcə də müqavilənin qüvvədə olma müddəti başa çatmadan xitam verdikdə iddiaçıya 30000 manat məbləğində dəbbə pulunun ödənilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi pul tələbi barədədir. İddia tələbinin qanunu əsasını Mülki Məcəllənin 6.1.5, 6.2, 14.2.1, 390.1, 399.1 və 462-ci maddələri nəzərdən keçirilə bilər. Nəzərə alınmalıdır ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Həmin prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Müqavilə azadlığı prinsipinə görə mülki hüququn subyektləri müqavilə bağlamaqda azaddırlar, yəni tərəfdaş seçməkdə, müqavilənin şərtlərini müəyyən etməkdə və müqavilə əlaqələrinin formasını seçməkdə müstəqildirlər. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinin yaranması əsaslarından daha çox tətbiq ediləni müqavilədir və müqavilə mülki hüquq və vəzifələr doğuran əsas hüquqi faktdır. Ona görə də, Mülki Məcəllənin 14.2.1 və 390-ci maddələri qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin və başqa əqdlərin bağlanmasına imkan verir. Müqavilə azadlığı mülki hüququn prinsipi olub, ilk dəfə Mülki Məcəllənin 6.1.5-ci maddəsində təsbit olunmuşdur. Bu prinsipin əsasını Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsi təşkil edir. Belə ki, azad iqtisadi fəaliyyət, bazar münasibətləri mülki dövriyyədə müqavilə azadlığını ehtiva edir. Mülki Məcəllənin 390-cı maddəsində müqavilə azadlığı prinsipinin təsbit olunması onun tətbiqini realllaşdırır. Eyni zamanda Mülki Məcəllənin 14.2.8-ci maddəsi mülki dövriyənin iştirakçılarına imkan verir ki, onlar mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar doğuran istənilən hərəkətləri etsinlər. Bu sərbəstlik müqavilə bağlamaqda ifadə olunan hərəkətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinin, 15-ci maddəsinin İİ hissələrinin və 29-cu maddəsinin müddəalarını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında “iradə sərbəstliyi” prinsipinə uyğun olaraq əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edilə bilər (Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı). Mülki Məcəllənin 462-ci maddəsinin məzmununa görə dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu qanunla və ya müqavilə ilə müəyyən edilən pul məbləğidir. Mülki Məcəllənin 399.1-ci maddəsində müqavilənin qüvvəyə minməsinin hüquqi nəticəsi onun tərəflər üçün məcburi olması kimi müəyyən olunmuşdur. Müqavilənin tərəflərə məcburi olması onlar üçün hüquq və vəzifələr yaratmasını nəzərdə tutur. Tərəflər müqavilə üzrə vəzifələrini könüllü yerinə yetirmədikdə məhkəmə qaydasında buna məcbur edilirlər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. İşə əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Cavabdeh işəgötürən Aysel İlyasovaya məxsus gözəllik salonunda saça qulluq üzrə mütəxəssis kimi işləyir. İşdən göründüyü kimi iddia müqavilə şərtinə əsasən cavabdehi gözəllik salonunda işləmək üçün zəruri yer, şərait və vasitələrlə təmin edərək sonuncunu müxtəlif sosial şəbəkələr vasitəsi ilə reklam etsə də, cavabdeh müqavilə üzərinə götürdüyü öhdəliyi pozaraq bir müddət sonra başqa gözəllik salonunda işləməyə başlamış və nəticə də iddiaçının həmin müqaviləyə əsasən 30000 manat məbləğində dəbbə pulu tələb etmək hüquq yaranmışdır. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağlamış olduğu müqavilənin şərtlərini pozmuş, müqavilədə göstərilən öhdəlikləri icra etməmişdir. Bu baxımdan müqavilə bağlanarkən üzərinə götürdüyü 30.000 manat məbləğində dəbbə pulunu ödəməlidir. İddia tələbinin 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin məbləğin ödənilməsi barədə qəbzi iş materiallarına əlavə etdiyindən, həmin hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğində dəbbə pulu və 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-225/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-225/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver