Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2255/2023 07.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-5069/2022 nömrəli qərardadından cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərə 8000 manat məbləğində kompensasiya verməklə, onların ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-5069/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15.000 (on beş min) manat məbləğində kompensasiya verməklə cavabdehlərin ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-5069/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(105)-345/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Səyyad Qafari). Qətnamədən cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(105)-345/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli, 2(102)-1875/2023 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-345/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov). Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-5069/2022 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixdə icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)- 5069/2022 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-5069/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)- 5069/2022 nömrəli qətnaməsinə izah verilməsi barədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Emin Abdullayev). İddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmçinin ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-5069/2022 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə xx.xx.2022-ci il tarixli, 2(060)-5069/2022 saylı qətnamə qət edilmişdir. Həmin qətnamə ilə iddia tam təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. Lakin qətnamə natamam olduğuna görə (cavabdehlərin mübahisəli mənzildən çıxarılması) onun icrasında qeyri-müəyyənlik yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-5069/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5069/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılaraq, qətnamənin nəticə hissəsinin ikinci abzasında qeyd edilən “İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15.000 (on beş min) manat kompensasiya verilməklə cavabdehlərin ünvan 1-də yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin” ifadəsindən sonra “və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-də yerləşən 45 saylı mənzildən çıxarılsınlar” ifadəsinin əlavə edilməsi qərara alınmışdır (hakim Emin Abdullayev). Hazırda cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-5069/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının mənzildən çıxarılma ilə bağlı tələbi olsa da, məhkəmə həmin hissədə iddia tələbinin təmin və ya rədd olunması barədə qətnamənin əsaslandırma hissəsində bir cümlə də olsun qeyd etməmişdir. Bu isə qətnamədə buraxılmış yanlışlıq hesab oluna bilməz. Hesab edir ki, məhkəmə MPM-nin 228.2-ci maddəsini tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə ən yaxşı halda MPM-nin 229-cu maddəsinə əsasən əlavə qətnamə çıxara bilərdi. Lakin həmin əlavə qətnamənin qəbul edilməsi üçün müəyyən olunmuş müddət də ötürülmüş və qətnamə qanuni qüvvəsini almışdır. MPM-nin 229.1-ci maddəsinə görə iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: MPM-nin 229.1.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa. İşdən görünür ki, iddiaçının mənzildən çıxarılma ilə bağlı tələbi olmuş, lakin həmin tələb barədə qətnamə çıxarılmamışdır. Yəni bu yanlışlıq deyil, tələb olduğu halda həmin tələb üzrə qətnamə çıxarılmamasıdır və belə olan halda yalnışlıq düzəldilməli deyil, əlavə qətnamə çıxarılmalıdır. Yəni bir sözlə tələb olduğu halda həmin tələb üzrə qətnamə çıxarılmırsa, bu yalnışlıq deyil, bu əlavə qətnamədir. MPM-nin 229.2-ci maddəsinə görə əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. İşdən görünür ki, qətnamə artıq xeyli müddətdir çıxmış, qanuni qüvvəsini almış və icra mərhələsindədir, hətta iddiaçı tərəfindən kompensasiya məbləği icra şöbəsinin depozit hesabına da köçürülmüşdür. Belə olan halda əlavə qətnamənin də çıxarılması MPM-in 229.2-ci maddəsinə tələbinə ziddir. Çünki həmin maddənin tələbinə görə əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Belə olan halda iddiaçıya izah olunmalıdır ki, cavabdehlərin mənzildən çıxarılması ilə bağlı yenidən məhkəməyə müraciət olunmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, qərardad tamamilə qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-5069/2022 nömrəli qərardadı ilə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-5069/2022 nömrəli qərardadı ləğv edilməli və qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilərək İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15.000 (on beş min) manat məbləğində kompensasiya verməklə cavabdehlərin ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixdə icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizə ilə məhkəməyə müraciət müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq aradan qaldırılaraq, qətnamənin nəticə hissəsinin ikinci abzasında qeyd edilən “İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15.000 (on beş min) manat kompensasiya verilməklə cavabdehlərin ünvan 1-də yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin” ifadəsindən sonra “və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-də yerləşən 45 saylı mənzildən çıxarılsınlar” ifadəsinin əlavə edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 22 sentyabr 2023cü il tarixli qərardadı ilə məhkəmənin 11 oktyabr 2022-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığı aradan qaldırılmaqla düzgün nəticəyə gəlməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məzmununu dəyişdirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbində “cavabdehlərə kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbi” olsa da, məhkəmə qətnaməsində “cavabdehlərə kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə münasibət bildirmiş, cavabdehlərə ümumilikdə 15.000 (on beş min) manat məbləğində kompensasiya verməklə onların ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsini” qət etmiş, iddia tələbi olduğu halda qətnamənin nə əsaslandırıcı hissəsində, nə də nəticə hissəsində cavabdehlərin mənzildən çıxarılması tələbinə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmış, xx.xx.2023-cü il tarixdə icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsində iddia tələbinin “cavabdehlərin mənzildən çıxarılması” tələbinə münasibət bildirməməsi qətnamədə buraxılmış yanlışlıq kimi qiymətləndirilməməli, qeyd edilən hal əlavə qətnamənin çıxarılması üçün əsas ola bilərdi. Beləliklə də, birinci instansiya məhkəməsi “cavabdehlərin mənzildən çıxarılması” tələbinə münasibət bildirmədiyindən iş üzrə əlavə qətnamə çıxarmalı olduğu halda, qeyd edilən tələbə münasibət bildirməməsini qətnamədə buraxılmış yalnışlıq kimi qiymətləndirmiş və qətnamədə buraxılmış yalnışlığın aradan qaldırılması barədə qərardad qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilərdi. Lakin iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli qərarı ilə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixdə icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə qərardadı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məzmumunu dəyişdirməklə qəbul edildiyindən, eləcə də qətnamə qanuni qüvvəsini aldıqdan sonra əlavə qətnamənin çıxarılması məsələsinə baxılması əsaslı hesab edilmədiyindən həmin qərardad qanunsuz hesab edilməlidir. Verilmiş ərizə ilə əlaqədar birinci instansiya məhkəməsi ərizəni təmin etməməli, iddiaçıya “cavabdehlərin mənzildən çıxarılması” ilə bağlı yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu izah etməli idi. Beləliklə, birinci instansiya məhkəməsi qətnamədə yol verilmiş yanlışlığı aradan qaldırılması barədə qərardadı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məzmumunu dəyişdirməklə qəbul etdiyindən, eləcə də qətnamə qanuni qüvvəsini aldıqdan sonra əlavə qətnamənin çıxarılması məsələsinə baxılması əsaslı hesab edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-5069/2022 nömrəli qərardadı ləğv edilməli, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-5069/2022 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-5069/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-5069/2022 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №2(105)-2255/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2255/2023
07.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver