Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2257/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc verilmiş 1000 manat pulun tutulması barədə ilk iddiasına, Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin alçaldılmasına görə 5000 manat pulun tutulması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060-146/2021 saylı, 02 mart 2021-ci tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060-146/2021 saylı, 02 mart 2021-ci tarixli qətnaməsi ilə hər iki iddia təmin edilməmişdir. (hakim E.Abdullayev) İlk iddia üzrə İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və ilk iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Məmməd oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı 1000 manat pulun və rüsum haqqı kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmməd oğlu tələbini bununla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsində onun ziyanına çıxarılmış 12 oktyabr 2006-cı il tarixli, 2-183/2006 saylı qətnaməyə əsasən hər ay pensiyasından 98 manat pulun tutulması qət edilmişdir. O, həmin qətnamənin ləğv edilməsi üçün məhkəmələrdə onu müdafiə edən peşəkar bir vəkil axtararkən, Beyləqan rayonunun, Karyer kəndində yaşayan X2 adlı tanışı ona bildirmişdir ki, onun Sumqayıt şəhərində Cavabdeh adlı hüquq sahəsində yaxşı bilgisi olan bir tanışı vardır. Yusif telefonla zəng edib cavabdehin Beyləqan şəhərinə gəlməsini xahiş etmişdir. O, Yusif Ağayev və cavabdeh Beyləqan şəhərindəki kafelərin birində görüşmüşlər. Cavabdeh sənədlərlə tanış olduqdan sonra, ona demişdir ki, bu məsələni həll edə bilər. Belə ki, onun Vəkillər Kollegiyasında vəkil tanışı var, onun vasitəsilə bu məsələni həll edərlər və pensiyadan pulun tutulmasını dayandırarlar. Bunun müqabilində cavabdeh ondan 1000 manat pul istəmişdir. O, əvvəlcə 900 manat, sonra isə 100 manat pulu cavabdehə vermişdir. Pulun verilməsində Yusif Ağayev də şahidlik etmişdir. Bundan sonra, cavabdeh məhkəmə sənədlərini götürmüş və ona demişdir ki, “sabah gələrsən Bakıya, mən də gələcəm, birlikdə Vəkillər Kollegiyasına gedərik, orada mənim vəkil tanışlarım var.” Onlar sözləşdikləri kimi növbəti gün Bakıda görüşmüş, birlikdə Vəkillər Kollegiyasına getmişlər. Cavabdeh orada bir vəkillə görüşmüşdür. Həmin vəkil məhkəmə sənədləri ilə tanış olandan sonra demişdir ki, artıq gecdir, heç nə edə bilməzlər, bəlkə bu işə baxan məhkəmə nəsə edə bilər. Onlar oradan çıxdıqdan sonra, belə danışmışlar ki, yenidən Beyləqan Rayon Məhkəməsinə gedələr. Ertəsi gün sözləşdikləri kimi cavabdehlə birlikdə Beyləqan Rayon Məhkəməsinə getmişlər. Cavabdeh orada kiminləsə görüşmüş və ona bildirmişdir ki, məsələ həll olunacaq. Cavabdeh sonra Sumqayıt şəhərinə getmişdir. Bu görüşlərindən bir ay keçdikdən sonra o, işin nə yerdə qaldığını soruşmaq üçün Vaqifə zəng vurmuş, Cavabdeh telefonu götürməmişdir. Başqa vaxtlar da dəfələrlə zəng vursa da, Cavabdeh telefonu götürməmişdir. O, başa düşmüşdür ki, artıq Vaqif onu aldadıb. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı Məmməd oğlundan dəymiş mənəvi ziyanın əvəzi kimi 5000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Məmməd oğlu başqa adla Sumqayıt şəhərinin 4-cü Polis bölməsinə şikayət edərək onu dələduz adlandırmışdır. Onun təkidi ilə İddiaçı Məmməd oğlu polis bölməsinə dəvət edilsə də, bölməyə gəlməmiş və ərizəsi rədd edilmişdir. Sonradan İddiaçı ondan prokurorluğa şikayət etmişdir. Bu dəfə də prokurorluğa dəvət edildikdə, o, gəlməkdən imtina etmişdir. Bundan sonra, İddiaçı şikayət ərizəsi ilə Beyləqan rayon Polis Şöbəsinə müraciət etmiş, bu dəfə də ərizəsi rədd edilmişdir. Hal-hazırda isə böhtanla dolu iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bu səbəbdən iddiaçıdan onun xeyrinə 5000 pul tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, işə baxmış məhkəmə mübahisəni tam və hərtərəfli araşdırmamış, qanunsuz nəticəyə gəlmişdir. Mübahisə həll edilərəkən bütün sübutlar tədqiq olunmamış, yalnız qarşı tərəfin mülahizələri əsas götürülmüşdür. Belə ki, onun tərəfindən Cavabdeh 1000 manat pulun verilməsində iştirak etmiş şahid məhkəmə iclasında dindirilməmişdir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, onun ilk iddiası təmin olumalıdır. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışında ilk iddia üzrə Cavabdeh isə bildirdi ki, apelyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur və buna görə də ilk iddia üzrə iddiaçının şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı şikayət ərizəsi əsasında Beyləqan rayon Polis Şöbəsinin müstəntiqi Mehman Musayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.01.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh təhqiqat orqanına verdiyi ifadəsində İddiaçı işini düzəltmək üçün heç bir pul almadığını, sadəcə onun yol və yemək xərclərini ödədiyini bildirmişdir. Materialdan görünür ki, Cavabdeh Sumqayıt Şəhər Prokurorluğuna verdiyi ifadəsi də təxminən oxşar məzmunludur. İş materiallarına əlavə edilmiş 02 mart 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 263,96 aylıq manat pensiyasından 01.12.2019-cu ildən hər ay 111,72 manat pul tutulur. Tutulmanın müddəti 30.09.2022-ci ilədəkdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qarşılıqlı iddianın rədd edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən qətnaməni qarşılıqlı iddia hissəsində araşdırmır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mübahisə üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər iddiaçının pensiyasından tutulmalara dair məhkəmə aktının ləğv edilməsi məsələsilə bağlı 2018-ci ilin iyun ayında Yusif Ağayev adlı şəxs vasitəsilə tanış olmuşlar. İddiaçı iddia edir ki, həmin məsələnin həll edilməsi məqsədilə Cavabdeh 1000 manat pul vermişdir, lakin o, məsələni həll etməmiş və onu aldatmışdır. Buna görə də verdiyi pul geri qaytarılmalıdır. Cavabdeh isə qeyd edilən məsələ ilə bağlı ona pul verilmədiyini bildirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sadalanan normaların məzmunundan da göründüyü kimi, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya qanunda nəzərdə tutulmuş digər əsasları istisna olmaqla şəxslər arasında öhdəlik münasibətlərinin yaranması üçün tərəflər arasında müqavilə mövcud olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Yenə Həmin Məcəllənin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Yenə də həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İş materiallarından görünür ki, iddia tələbinin əsaslı hesab edilməsi üçün İddiaçı həqiqətən də Cavabdehla aralarında hər hansı xidmət və ya borc müqaviləsinin bağlandığını, onun cavabdehə iddia ərizəsində göstərilən məbləğdə pul verdiyini və cavabdehin həmin pulu qaytamadığını sübut edə bilməmişdir, halbuki MPM-nin 77.1-ci maddəsinin tələbinə görə bu onun prosessual vəzifəsidir. İşdən görünür ki, İddiaçı mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarına bir neçə dəfə şikayətlə müraciət etmiş və onların izahatları alınmışdır. Cavabdeh izahatlarında bildirmişdir ki, İddiaçı qarşısında heç bir öhdəlik götürməmiş, ondan pul vəsaiti qəbul etməmişdir. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddia, o cümlədən apelyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060-146/2021 saylı, 02 mart 2021-ci tarixli qətnaməsi İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2257/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2257/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver