Məhkəmə qərarları › İş №2(105)-226/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-226/2024

09.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-226/2024 09.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(031)-551/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ona məxsus Şabran şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 25-dən istifadə hüququna 5000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində ünvan 1 ünvanında yerləşən ona məxsus mənzil vardır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın tələblərinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Həmin mənzildə onunla birlikdə həyat yoldaşı X5, oğlanları X8 və Cavabdeh da qeydiyyatdadırlar. Həmin mənzildə qeydiyyatda olan oğlu Cavabdeh ona məxsus qeyd olunan mənzil üzərində sərəncamvermə hüquqlarına maneçilik törədir, buna imkan vermir. Belə ki, oğlu Cavabdeh 2013-cü ildən bəri ona məxsus mənzildə yaşamır. Cavabdeh ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamaqdadır. Cavabdeh ona məxsus mənzilə olan ehtiyacı aradan qalxmışdır. Lakin o, ona məxsus mənzildən qeydiyyatdan çıxmır və yaşadığı ərazidə qeydiyyata düşmür. Cavabdeh sadəcə olaraq ona məxsus mənzildə pasport qeydiyyatındadır və onun qeydiyyatda olması formal xarakter daşıyır. Cavabdeh günahı üzündən ona məxsus mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Ona görə də Cavabdeh ona məxsus Şabran şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 25 ünvanından qeydiyyatdan çıxarılması məqsədi ilə həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün məhkəməyə müraciət edir. Xahiş edir ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ona məxsus Şabran şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 25-dən istifadə hüququna 5000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılsın. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, o, əvvəlcədən cavabdehə təklif etmişdir ki, vəziyyətini nəzərə alıb evdən qeydiyyatdan çıxsın, ona nə lazımdır köməklik edər. Lakin cavabdeh onunla razılaşmamışdır. O, da cavabdehə demişdir ki, məhkəməyə müraciət edəcək. Cavabdehin uşaqlarının qeydiyyatı yoxdur. O, iki dəfə ürək əməliyyatı olunmuşdur, ona görə də hündür mərtəbəli evə çıxıb düşə bilmir, həmin evi satıb həyət evi almaq istəyir. O, oğlu üçün hər köməklik etməyə razıdır. Bu səbəbdən də, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində dedikləri həqiqəti əks etdirmir, tamamilə yalandır.İddiaçı öz iddia ərizəsində bildirir ki, guya o, 2013-cü ildən qeyd olunan mənzildə yaşamır. Bu xüsusatla bağlı bildirmişdir ki, o, anadan olan gündən həmin mənzildə yaşamış, həmin mənzildə böyümüş və yaşamışdır. Məktəbi bitirdikdən sonra hərbi xidmətə də həmin mənzildən yollanmış, daha sonra isə hərbi xidmətini davam etdirərək müddətdən arıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirmişdir. Hərbiçi olduğu üçün mütəmadi olaraq hazırki mənzilə gedib gəlmiş, daim mənzildən istifadə etmiş, o mənzil onun daimi yaşadığı, istifadə etdiyi yeganə yaşayacaq yeri olmuşdur. Daha sonra o, ailə həyatı qurmuş, bundan sonra valideyinləri onun ailə qurmağı ilə razı olmadıqları üçün teztez süni münaqişələr yaratmışlar, onu və ailəsini evdən qovmuşlar. Bundan sonra o, məcbur olaraq ayrı-ayrı yerlərdə gecə qondularda, bir müddət dostlarının himayəsində yaşamağa məcbur olmuş, hal-hazırda isə Sumqayıt şəhərində çox böyük çətinliklərlə kirayə yaşamaq məcburiyyətində qalmışdır. Halbuki onun həmin mənzildən istifadə hüquqları vardır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, onunla bərabər azyaşlı uşaqları X12 və X9 da yuxarıda qeyd olunan ünvanda, yəni ünvan 2 da həmin mənzildən qanunla nəzərədə tutulmuş qaydada istifadə hüquqları vardır. Lakin buna baxmayaraq, iddiaçı təkcə ona özü də çox az və primitiv miqdarda kompensasiya verməklə onun istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia qaldırmşdır. İddia ərizəsində yuxarıda adları qeyd olunan və istifadə hüquqları olan digər ailə üzvlərinə kompensasiyanın verilməsi ilə bağlı heç bir müddəa yoxdur. Göründüyü kimi iddiaçının təklif etdiyi kompensasiyanın miqdarı həddindən artıq az olmaqla ədalətsiz və qanusuzdur. Bundan başqa bildirmişdir ki, onun istifadə hüququna xitam verilməsinin yeganə məqsədi qeyd olunan mənzili dəyərdəyməzinə sataraq qardaşına ev almaqdır. Həmin mənzil satılacağı təqdirdə digər mülkləri kimi (avtomobil, torpaq və s.) o da əllərindən çıxacaq və heç nəyə nail olmayacaqlar. Xahiş edir ki, qanunsuz və əsassız olduğundan İddiaçı onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair ’’iddiasının təmin olunmaması barədə qətnamə çıxarılsın. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etirazını müdafiə edərək bildirmişdir ki, o, daxili qoşunlarda işləmişdir, işlədiyi müddətdə ailə üzvləri ilə birlikdə müxtəlif yerlərdə kirayə evlərdə qalmışdır. O, ata evinə getmiş, lakin onu qəbul etməmişlər. Atası onların evinə gəlib getmiş, necə lazımdır onu yola salmışdır. Hazırda Sumqayıtda Pərviz Hüseynov kirayədə yaşayır, 170 manat kirayə haqqı verir. İddianı o zaman qəbul edə bilər ki, evdən qeydiyyatdan çıxmaq üçün ona 10000 manat versin. Şabran Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(031)-551/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Şabran şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 25-dən istifadə hüququna 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(031)-551/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(031)-551/2023 nömrəli qətnaməsindən narazıdır. Məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Bildirmişdir ki, iddiaçının iddia ərizəsində dedikləri həqiqəti əks etdirmir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, guya o, 2013-cü ildən qeyd olunan mənzildə yaşamır. O, 2012-ci ildən Daxili qoşunlarda işləmişdir. Bildirmişdir ki, anadan olan gündən həmin mənzildə yaşamışdır və həmin mənzildə də böyümüşdür. Məktəbi bitirdikdən sonra hərbi xidmətə də həmin mənzildən yollanmış, daha sonra isə hərbi xidmətini davam etdirərək müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini davam etdirmişdir. Hərbiçi olduğu üçün mütəmadi olaraq hazırki mənzilə gedib gəlmiş, daim mənzildən istifadə etmiş, o, mənzil onun daimi yaşadığı, istifadə etdiyi yeganə yaşayacaq yeri olmuşdur. Daha sonra ailə həyatı qurmuşdur, bundan sonra valideynləri onun ailə qurmağı ilə razı olmadıqları üçün tez-tez süni münaqişələr yaratmışlar, onu və ailəsini evdən qovmuşlar. Bundan sonra məcbur qalıb ayrı-ayrı ünvanlarda, gecəqondularda, bir müddət dostlarının himayəsində yaşamağa məcbur olmuşdur. Hal-hazırda isə Sumqayıt şəhərində çox böyük çətinliklərlə kirayə yaşamaq məcburiyyətində qalmışdır. Halbuki onun həmin mənzildən istifadə hüquqları vardır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, onunla bərabər azyaşlı uşaqları X10 və X9 da yuxarıda qeyd olunan ünvanda yəni ünvan 3 da həmin mənzildən qanunla nəzərdə tutulmuş qaydada istifadə hüquqları vardır. Lakin buna baxmayaraq iddiaçı təkcə ona özü də çox az və primitiv miqdarda kompensasiya verməklə onun istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia qaldırmışdır. İddia ərizəsində yuxarıda adları qeyd olunan və istifadə hüquqları olan digər ailə üzvlərinə kompensasiyanın verilməsi ilə bağlı heç bir müddəa yoxdur. Göründüyü kimi iddiaçının təklif etdiyi kompensasiyanın miqdarı həddindən artıq az olmaqla ədalətsiz və qanunsuzdur. Bundan başqa bildirmişdir ki, onun istifadə hüququna xitam verilməsinin məqsədi qeyd olunan mənzili dəyərdəyməzinə sataraq satışdan əldə olunan vəsaitlə qardaşına ipoteka ilə götürülən evin yarı dəyərinin ödənilməsi və qalan pulla qardaşına maşın almaqdır. Həmin mənzil satılacağı təqdirdə digər mülkləri kimi (avtomobil, torpaq sahəsi və s.) o da əllərindən çıxacaqdır və heç nəyə nail ola bilməyəcəkdir. Bundan əlavə qeyd etmişdir ki, həyat yoldaşına məxsus cehiz əşyalar da həmin mənzildədir. Həmçinin bildirmişdir ki, valideynləri tərəfindən ona heç bir köməklik göstərilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən sübut kimi məhkəməyə verilən sənədlərin heç birində möhür olmamışdır. Məhkəmə rəsmi sənədə deyil, möhürü olmayan, qeyri-rəsmi sənədə istinad etmklə qanunsuz qətnamə qəbul etmişdir. O, istifadə hüququna 5000 (beş min) manat deyil, yalnız 10000 (on min) manat verilərsə xitam verilməsinə razıdır. Hesab edir ki, Şabran Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(031)-551/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı yazılı ərizə təqdim edərək ona məxsus Şabran şəhəri ev 1, mənzil 25-i satqığı zaman oğlu Cavabdeh 10.000 manat kompensasiya ödəməklə cavabdehin mənzilə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(031)- 551/2023 nömrəli qətnaməsi dəyişdirilməli, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Şabran şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 25-dən istifadə hüququna 10000 (on min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməlidir. İş materiallarında olan Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən və Texniki Pasportdan görünür ki, Dəvəçi şəhəri, Azadlıq küçəsində (indiki Şabran şəhəri, H.Əliyev prospekti) yerləşən bir mərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən, 3 yaşayış otaqlı, yaşayış sahəsi 36.8 kvm, ümumi sahəsi 67.4 kım, bina 1, mənzil 25 nömrəli yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Şabran rayon QŞ-si tərəfindən verilmiş arayışlardan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.1987-ci ildə Vasif, xx.xx.1995- ci ildə Şövlət, xx.xx.1984-cü ildə Sevinc və xx.xx.1985-ci ildə Rayidə adlı uşaqları olmuşdur. İş materiallarında olan «Elktron notariat» X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X5, İddiaçı, X8 və Cavabdeh Şabran şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 25 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 18 iyul 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh və ailəsi 2013-cü ilin iyul ayından hazırki dövrə qədər, H.Əliyevv prospekti, ev 1, mənzil 25-də yaşamamış və bu mənzil ilə heç bir əlaqəsi olmamışdır. Aktın doğruluğu 17 nəfər vətəndaşın imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan X19 mərkəzi tərəfindən verilmiş epikrizlərdən görünür ki, İddiaçı «ÜİX. Sol mədəciyin inferior divar miokard infarktı, kəskin mərhələ» diaqnozu ilə xəstədir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən və Texniki Pasportdan görünür ki, Şabran şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 25 ünvanında yerləşən yaşayış evi İddiaçı adına qeydə alınmış, həmin yaşayış evi İddiaçı mülkiyyətidir. Buna baxmayaraq iddiaçı cavabdehin günahı üzündən yaşayış evi üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdeh göstərilən ünvandakı fərdi yaşayış evində yaşamasa da, formal olaraq bu mənzildə bu günə kimi qeydiyyatda qalmışdır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qətnaməsini onunla əsaslandırmışdır ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri də onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsinin olmasıdır. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan yaşayış evində qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Apellyasiya baxışı zamanı iddiaçının məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsindən də görünür ki, iddiaçı 10000 manat kompensasiya verilməsinə razı olduğunu bildirmiş, cavabdeh bununla razılaşmışdır, bununla da aralarında olan mübahisə aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(031)-551/2023 nömrəli qətnaməsi dəyişdirilməli, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Şabran şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 25-dən istifadə hüququna 10000 (on min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(031)-551/2023 nömrəli qətnaməsi dəyişdirilsin. xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Şabran şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 25-dən istifadə hüququna 10000 (on min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar