Məhkəmə qərarları › İş №2(105)-2260/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2260/2021

17.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2260/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh “Etilenpolietilen” zavodunun nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(060)-4379/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(060)-4379/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı cavabdeh “Etilen-Polietilen” zavoduna qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. Məhkəmə iclasında cavabdeh “Etilen-polietilen” zavodunun nümayəndəsi X3 iddiaçının şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin fikrini dinləyib, İddiaçı şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(060)- 4379/2021 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmış, İddiaçı qərardaddan şikayət vermiş və şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-ci maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələblərinə riayət etməmiş, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(060)-4379/2021 saylı qərardadından verdiyi şikayətə özü baxmayaraq, işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(060)-4379/2021 saylı qərardadından şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş yuxarıda göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269 və 366cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(060)-4379/2021 saylı qərardadından İddiaçı şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələblərinə riayət edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(060)-4379/2021 saylı qərardadından İddiaçı şikayəti işlə birlikdə Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar