Məhkəmə qərarları › İş №2(105)-2261/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2261/2021

09.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2261/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, maraqlarına toxunan şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı torpaq sahəsi üzərində hüququn tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 2(060)-2266/2018 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) iddianın təmin edilməsi, Sumqayıt şəhər Bələdiyyə Şurasının 26.05.2004-cü il tarixli 117 nömrəli protokol qərarı ilə yüksək mərtəbəli yaşayış binasının tikintisi məqsədilə mərhum X3 istifadəsinə verilmiş Sumqayıt şəhərinin 36-cı məhəlləsində köhnə Avtovağzal rayonu ərazisində yerləşən 9000 kvadrat metr torpaq sahəsi üzərində mərhum X3 vərəsəsi kimi İddiaçı icarə hüququnun tanınması, həmin torpaq sahəsinin İddiaçı bilavasitə icarəsinə verilməsinə dair müvafiq bələdiyyə qərarının qəbul edilməsi və torpaq icarə müqaviləsinin bağlanılması öhdəliyi Sumqayıt şəhər Bələdiyyəsinin üzərinə qoyulması qət edilmişdir. Maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçıcavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyə Şurasının 26.05.2004-cü il tarixli 117 nömrəli protokol qərarı ilə yüksək mərtəbəli yaşayış binasının tikintisi məqsədilə mərhum atası X3 istifadəsinə verilmiş Sumqayıt şəhərinin 36-cı məhəlləsində köhnə Avtovağzal rayonu ərazisində yerləşən 9000 kvadrat metr torpaq sahəsi üzərində mərhum atası X3 vərəsəsi kimi icarə hüququnun tanınması, həmin torpaq sahəsinin bələdiyyə qərarının verilməsi və torpaq icarə müqaviləsinin bağlanılması yolu ilə adına sənədləşdirilməsi öhdəliyinin Sumqayıt şəhər Bələdiyyəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 26.05.2004-cü il tarixli 117 nömrəli protokol qərarı ilə mərhum atası X3 istifadəsinə yüksək mərtəbəli yaşayış binasının tikintisi məqsədilə Sumqayıt şəhərinin 36-cı məhəlləsində köhnə Avtovağzal rayonu ərazisində yerləşən 9000 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 16 fevral 2005-ci il tarixdə inşaat pasportu hazırlanmış və torpaq sahəsi təhkim aktı əsasında mərhum atasına təqdim edilmişdir. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yuxarıda qeyd olunan torpaq sahəsində müvafiq yaşayış binasının tikintisinə də icazə verilmişdir. Müvafiq sənədlər əsasında mərhum atası X4 tərəfindən yüksək mərtəbəli yaşayış binası böyük ölçüdə tikilib başa çatdırılmışdır. Lakin atası 21 iyun 2016-cı il tarixdə vəfat etmişdir. Bakı şəhər 9 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən 25 yanbvar 2017-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən o, atasının vərəsəsi kimi tanınmışdır. Ancaq buna baxmayaraq yuxarıda qeyd olunan torpaq sahəsinin mərhhum icarəçi X3 vərəsəsi kimi öz adına sənədləşdirilməsinə çalışsa da, bu mümkün olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən maraqlarına toxunan şəxsin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mərhum X3 icarə hüququnun yaranması və bu hüququn vərəsəlik qaydasında İddiaçı keçməsi, iddiaçının bu günədək cavabdehin hər hansı maneə və etirazı olmadan torpaq sahəsindən istifadə etməsinin tərəflər arasında hüquq münasibətlərinin artıq yaranması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi mərhum atası Ş.Hüseynovun vərəsəsi kimi torpaq sahəsi üzərində icarə hüququnun tanınması və həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsinin aparılmasının Bələdiyyənin üzərinə qoyulması barədədir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçının mərhum atası Ş.Hüseynova Sumqayıt şəhər Bələdiyyəsinin 26.05.2004-cü il tarixli qərarı ilə Avtovağzal ərazisində yüksək mərtəbəli yaşayış binasının tikintisi məqsədilə 9000 kv.m. torpaq sahəsi ayrılmış və bu qərarın baş memar tərəfindən təsdiq edilmiş müvafiq aktla sifarişçiyə təhvil verildikdən sonra qüvvəyə mindiyi, lakin ayrılmış torpaq sahəsində bir il ərzində təyinatı üzrə tikinti aparılmadığı halda bu qərarın qüvvədən düşmüş hesab olunduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Mülki Məcəllənin 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atası Ş.Hüseynovun mübahisəli torpaq sahəsi üzərində icarə hüququ yaranmadığından, onun ölümündən sonra da həmin torpaq sahəsi üzrə iddiaçıya keçəsi hüququ qalmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim edə bilmədiyindən, torpaq sahəsi üzərində icarə hüququnun tanınmasına dair iddia tələbi təmin edilə bilməz. İddia tələbinin torpaq icarə müqaviləsinin bağlanması yolu ilə sənədləşmənin aparılması barədə hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələb birinci tələbdən asılı olduğundan və həmin tələb məhkəmə kollegiyası tərəfindən təmin edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin maraqlarına toxunan şəxsin iş üzrə icraata xitam verilməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə hesab edir ki, iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar