Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2265/2021 09.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi daşınmaz əmlak üzərində hüquqların yaranması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(060)-4899/2013 saylı qətnaməsindən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(060)-4899/2013 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 29 oktyabr 2001-ci il tarixli, 21 nömrəli iclas protokolunun qərarı ilə anası mərhum X6 Sumqayıt şəhəri, 13-cü mikrorayonunun 1 saylı binasının tinində kommersiya köşkünün istifadəsi üçün ayrılmış 16 kvadrat metr torpaq sahəsi üzərində Ərizəçi icarə hüququnun və həmin torpaq sahəsində inşa edilmiş kommersiya obyekti üzəridə mülkiyyət hüququnun yaranması faktı müəyyən edilmiş, qətnamənin Ərizəçi ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında Sumqayıt şəhəri, 13cü mikrorayonunun 1 saylı binasının tinində kommersiya köşkünün istifadəsi üçün ayrılmış 16 kvadrat metr torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması və həmin torpaq sahəsində inşa edilmiş kommersiya obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün əsas olması qət olunmuşdur. (hakim İ.Mahmudov) Qətnamədən narazı qalan maraqlı tərəf DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin 29 oktyabr 2001-ci il tarixli, 21 nömrəli iclas protokolunun qərarı ilə anası-mərhum X6 Sumqayıt şəhəri, 13-cü mikrorayonunun 1 saylı binasının tinində kommersiya köşkünün istifadəsi üçün ayrılmış 16 kvadrat metr torpaq sahəsi üzərində onun icarə hüququnun və həmin torpaq sahəsində inşa edilmiş kommersiya obyekti üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi, həmçinin çıxarılacaq məhkəmə qətnaməsinin onunla müvafiq icarə müqaviləsinin bağlanılması və həmin torpaq sahəsində inşa edilmiş kommersiya obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün əsas hesab olunması barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 29 oktyabr 2001-ci il tarixli, 21 nömrəli iclas protokolunun qərarı ilə onun anası X4 Sumqayıt şəhəri, 13-cü mkr., 1 saylı binasının tinində istifadə etdiyi kommersiya köşkünün yerləşdiyi 16 kvadrat metr torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Bu torpaq sahəsinə dair Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 12 aprel 2006-cı il tarixdə 637 nömrəsi ilə qeydiyyatdan keçmiş inşaat pasportu hazırlanaraq təsdiqlənmiş və anası X7 təqdim olunmuşdur. Bütün bu sənədlər əsasında anasının istifadəsinə verilmiş torpaq sahəsində yenidənqurma işləri aparmaqla müvafiq kommersiya obyekti inşa etdirmişdir və həmin obyekt bu günədək onların istifadəsindədir. X2 09 iyul 2010-cı il tarixdə vəfat etmişdir və həmin vaxtdan torpaq sahəsindən və obyektdən o, istifadə edir. Lakin torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə dair hüquqlarını dövlət qeydiyyatından keçirmək istəyərkən çətinliklə qarşılaşmışdır. Belə ki, hazırda qüvvədə olan qanun normalarına görə o, istifadəsində olan 16 kvadrat metr torpaq sahəsini hərrac, yaxud müsabiqə yolu ilə Sumqayıt şəhər Bələdiyyəsindən əldə etməlidir. Lakin torpaq sahəsi üzərində artıq tikili inşa edildiyindən, həmin torpaq sahəsinin mərhum anasına ayrılması barədə bələdiyyə qərarı hal-hazırda da qüvvədə olduğundan, onun hərraca, yaxud müsabiqəyə çıxarılması mümkün deyildir. Bu səbəbdən o, tikilini mülkiyyəti kimi dövlət qeydiyyatından keçirə bilmir. Torpaq sahəsində tikinti işləri Sıımqayıt şəhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin razılığı və xəbəri olmaqla, tam qanuni şəkildə aparılmışdır. Ona görə də, mərhum anasının vəfat etməsi bu torpaq sahəsi və onun üzərində inşa edilmiş tikiliyə dair onun hüquqlarının dövlət qeydiyyatından keçirilməsinə mane ola bilməz. Belə ki, o, mərhum anası X4 Sumqayıt şəhəri, 13-cü mkr., 1 saylı binasının tinində istifadə etdiyi kommersiya köşkünə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə əsasən Sumqayıt şəhər 4 saylı notariat kontorunun notariusu C.Rüstəmov tərəfindən mərhum X5 vərəsəsi kimi tanınmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Maraqlı tərəf DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Belə olan halda, torpaq sahəsi üzərində ərizəçinin icarə hüququnun müəyyən edilməsi barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Ərizəçi sözügedən Sumqayıt şəhəri, 13-cü mikrorayon, 1 saylı binanın tinində kommersiya köşkünün istifadəsi üçün ayrılmış 16 kv.metr torpaq sahəsi üzərində Ərizəçi icarə hüququnun və həmin torpaq sahəsində inşa edilmiş kommersiya obyekti üzərində mülkiyyət hüququn qeydiyyatı ilə bağlı qətnamə qəbul edilməzdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, ümumiyyətlə müraciət etməmişdir. Qanunun tələbinə görə bu halda, məhkəmə ərizəni icraata götürmədən geri qaytarmalı idi. Bundan başqa, əgər iddiaçı sözügedən torpaq sahəsi üzərində icarə və həmin torpaq sahəsində inşa edilmiş kommersiya obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdiyi zaman onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilsəydi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məcburetmə haqqında iddianı Sumqayıt Şəhər Məhkəməsində yox, sabiq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qaldıra bilərdi. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Maraqlı tərəf DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Ərizəçi məhkəmə kollegiyasının iclasında bildirdi ki, qətnamə qanunidir və apelyasiya şikayəti əsassızdır, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan torpaq sahəsinin rəsmiləşdirilməsi haqqınıda 29 oktyabr 2001-ci il tarixli, 21 nömrəli qərardan görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin həmin qərarı əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon, 1 saylı binasının tinində istifadə etdiyi kommersiya köşkünün yerləşdiyi 16 kvadrat metrdən ibarət torpaq sahəsinin X4 adına rəsmiləşdirilməsi və icarəyə verilməsi qərara alınmışdır. Yenə iş materiallarında olan pasportdan görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin qərarı əsasında X7 ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon, 1 saylı binasının tinində istifadə etdiyi kommersiya köşkünün yerləşdiyi 16 kvadrat metrdən ibarət torpaq sahəsinə dair 05 noyabr 2001-ci ildə inşaat pasportu hazırlanmışdir. Yenə də iş materiallarında olan AZ-İİ 617271 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X8, anası isə X9r. İş materiallarına əlavə edilmiş AZ-İ 422032 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 09.07.2010-cu il tarixdə ölmüşdür. Yenə iş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun 07 iyun 2012-ci il tarixli, 698 saylı məktubundan görünür ki, X4 övladı Ərizəçi vərəsə kimi tanınmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(060)-4899/2013 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ərizə təmin olunmamalıdır. Məhkəmə ərizəni təmin edərkən ərizəçinin anası X4 09 iyul 2010-cu il tarixdə vəfat etməsinə, həmin vaxtdan mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən obyektin faktiki olaraq Ərizəçi istifadəsinə keçməsinə istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. Əvvəla, işdən görünür ki, ərizəyə xüsusi icraat qaydasında baxılmışdır. AR MPM-in 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin ərizəsinin məzmunundan isə görünür ki, onun xahişi istinad olunan maddənin dispozisiyası ilə qəti uzlaşmır. Belə ki, ərizəçi Sumqayıt şəhər Bələdiyyəsinin, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 1 saylı binanın tinində istifadə etdiyi kommersiya köşkünün yerləşdiyi 16 kvadrat metrdən ibarət torpaq sahəsinin mərhum anası X4 adına rəsmiləşdirilməsi və icarəyə verilməsinə dair 29 oktyabr 2001-ci il tarixli, 21 nömrəli qərarına istinad edərək hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iş üzrə başqa qaydada alına bilinməyən, yaxud bərpası mümkün olmayan, yalnız məhkəmə qaydasında müəyyən edilə bilən heç bir hal mövcud deyildir. Qanunverici AR MPM-in 305-307-ci maddələrində xüsusi icraat qaydasında baxılan işlərin konkret dairəsini və qaydasını müəyyən etmişdir. Həmin maddələrdə isə daşınmaz əmlakın icarə hüquqlarının yaranması faktının məhkəmə qaydasında müəyyən olunmasına dair heç bir hal nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki işə xüsusi icraat qaydasında baxıla bilməzdi. Bundan əlavə, məhkəmə kollegiyası hazırki məhkəmə mübahisəsi üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, mübahisəli obyektin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi bələdiyyədir və bələdiyyə qərarı əsasında bu sahənin ərizəçinin mərhum anasının adına rəsmiləşdirilməsi(?) və icarəyə verilməsi nəzərdə tutulmuşdur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» AR Qanununun (29 iyun 2001-ci il tarixdə təsdiq olunmuşdur) 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İstinad olunan maddənin məzmunundan göründüyü kimi, bələdiyyə torpağından istifadə müqavilə əsasında həyata keçirilə bilər. Ərizəçi ərizəsinin əsası kimi Sumqayıt şəhər Bələdiyyəsinin məlum qərarına istinad etmişdir. Lakin daha öncə qeyd olunduğu kimi həmin qərar tərəflər arasında icarə müqaviləsinin bağlanması üçün əsas ola bilərdi. Lakin işin tədqiq olunan faktiki hallarından məlum olur ki, bələdiyyə ilə ərizəçinin mərhum anası arasında belə bir müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 156-cı maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Yerli büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir. Torpaq Məcəlləsinin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinin birinci və ikinci hissəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindəndir. Mülki Məcəllənin 390-cı maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Şərh olunan normaların tələbindən də görünür ki, öz mülkiyyətlərində olan torpaq sahələri üzərində sərəncam vermək səlahiyyəti bələdiyyələrin müstəsna hüququdur. Belə olan halda, ərizəçini mərhum anasının istifadə etdiyi torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması məqsədilə müvafiq bələdiyyəyə müraciət etmək hüququ vardır, lakin o, bu hüquqdan istifadə etməmiş, mərhum anasının icarəsinə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinə dair özünün icarə hüququ yaranması faktının müəyyən olunmasına dair ərizə ilə birbaşa məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə isə dolayısı ilə bələdiyyə üzərinə ərizəçilə yeni icarə müqaviləsi bağlanması öhdəliyi qoymuşdur ki, bu da Mülki Məcəllənin 390-cı maddəsilə ziddiyyət təşkil edir. Torpaq Məcəlləsinin 51.1, 51.2, 51.3 və 51.4-cü maddələrinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Sumqayıt şəhər Bələdiyyəsinin 29 oktyabr 2001-ci il tarixli, 21 nömrəli qərarından görünür ki, həmin qərar əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon, 1 saylı binasının tinində istifadə etdiyi kommersiya köşkünün yerləşdiyi 16 kvadrat metrdən ibarət torpaq sahəsinin X4 adına rəsmiləşdirilməsi və onun icarəsinə verilməsi qərara alınmışdır. Qərarın 2.2-ci bəndində sifarişçiyə (S.İ.Əliyevaya) öhdəlik qoyulmuşdur ki, o, torpaqdan istifadəyə görə müvafiq qanunvericilik əsasında bələdiyyə ilə icarə müqaviləsi bağlasın. Yuxarıda qeyd olunduğu kimi iş materiallarında S.İ.Əliyeva ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bu torpaq sahəsinin icarəyə verilməsi barədə hər hansı müqavilə yoxdur. Eləcə də, həmin müqavilə olmadığından mübahisəli torpaq sahəsi üzərində S.İ.Əliyevanın icarə hüquqları müvafiq qurumda dövlət qeydiyyatına alınmamışdır. Hazırda Ərizəçi anasının ölümündən sonra (vərəsəsi kimi) belə bir ərizə ilə məhkəməyə müraciət etməsi əsassızdır. Doğrudur, Torpaq Məcəlləsinin 51.7-ci maddəsinə əsasən icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Lakin yuxarıda da qeyd edildiyi kimi, mərhum S.İ.Əliyeva ilə bələdiyyə arasında torpaq sahəsilə bağlı icarə müqaviləsi bağlanmadığından, yəni icarənin şərtləri, müddəti və icarə haqqı müəyyən olunmadığından bu hüquq vərəsəlik qaydasında ərizəçiyə keçə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, icarə hüququnun yaranması faktının müəyyən olunması barədə tələb təmin edilmədiyindən, ərizəçinin bu tələbdən törəyən digər tələbləri də təmin edilə bilməz. Ərizəçi tərəfindən təqdim edilən bələdiyyə qərarı, habelə daşınmaz əmlakın texniki pasportu hazırkı ərizənin təmin edilməsi üçün əsas hesab edilə bilməz. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə kollegiyası izah edir ki, hazırki formada verilmiş ərizənin təmin edilməməsi Ərizəçi mübahisəli torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması üçün Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırki ərizənin inzibati xarakter daşıması və bu səbəbdən də icaraata xitam verilməli olması barədə dəlillərini qəbul etmir. Belə ki, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və hazırki halda məhkəməyə aid hüquq haqqında mübahisə olmadığından ərizənin baxılmamış saxlanılması üçün də əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual və maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(060)- 4899/2013 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ərizə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(060)-4899/2013 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi daşınmaz əmlak üzərində hüquqların yaranması faktının müəyyən edilməsi barədə ərizəsi təmin olunmasın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2265/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2265/2021
09.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver