Məhkəmə qərarları › İş №2(105)-2268/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2268/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2268/2020 09.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X3 ibarət tərkibdə, məhkəmə katibi X7, İddiaçı nümayəndəsi X6 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-341/2020 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-341/2020 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə məcburi köçürülmə tələbinə dair iddia qismən təmin edilərək, İddiaçı Şamaxı rayonu Qaravəlli kəndində yerləşən təsərrüfatbaşına kitabda Cavabdeh2 adına olan bir mərtəbəli, dörd otaqlı yaşayış sahəsi 143 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-341/2020 saylı qətnaməsinin qismən – “İddiaçı Şamaxı rayonu Qaravəlli kəndində yerləşən təsərrüfatbaşına kitabda Cavabdeh2 adına olan bir mərtəbəli dörd otaqlı, yaşayış sahəsi 143 kv.m olan fərdi yaşayış evinə köçürülsün” hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd edilməsi və “iddia qalan hissədə rədd edilsin” hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1997-ci il tarixdə X4 ilə rəsmi nikah bağlamaqla evlənmiş və birgə nikahdan üç övladı var. Onlardan xx.xx.2006-cı il təvəllüdlü Rəşad yetkinlik yaşına çatmamışdır. xx xxxxxxxx 2019cu il tarixdə onu evdən çıxarmışlar və hazırda atasına məxsus evdə uaşayır. xx xxxxxx 2020-ci il tarixli qətnamə ilə nikahları pozulmuş, oğlunun istəyinə görə məhkəmə onu atasının himayəsində saxlaması barədə qətnamə qəbul etmişdir. Sübhan Bakı şəhərində işləyir və hazırda orada bacısının evində yaşayır. Evləndikləri vaxtdan evdən çıxana kimi Sübhanın atasına məxsus, Qaravəlli kəndində yerləşən evində yaşamışlar və hazırda ona məxsus bütün əmlakı da həmin evdə yerləşir. Lakin cavabdehlər onu həmin evə buraxmırlar. 22 il yaşadığı evə məhkəmə qaydasında köçürülmək istəyir. Ona görə də, Şamaxı rayonu Qaravəlli kəndində yerləşən təsərrüfatbaşına kitabda Cavabdeh2 adına olan fərdi yaşayış evində son vaxtlara kimi yaşadığı arxa otağa məcburi köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi xx xxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, fərdi yaşayış evi atası Cavabdeh2 məxsusdur. İddiaçı tərəfindən mütamadi olaraq birgə yaşayış qaydaları pozulmuş, yaşlı insan olan atasına baxmamışdır. İddiaçının atasına məxsus yaşayış evinə küçürülməsi gələcəkdə münaqişələrin yaranmasına səbəb olacaqdır. İddiaçı yaşayış evinin sahibi Cavabdeh2 ailə üzvü deyildir və bu səbəbdən də onun mübahisəli yaşayış sahəsinə heç bir hüququ yaranmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi S.X.Mayılov apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-52/2020 saylı qətnaməsi ilə Cavabdeh1 və İddiaçı arasında xx.xx.1997-ci ildə bağlanmış akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 06 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X1 Sübhan Duranşah oğlunun yanında qalması qət edilmişdir. Şamaxı RİHB-nın Mirikənd kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayon Qaravəlli kənd sakini X2 1997-ci ildə gəlin köçdüyü ev Şamaxı rayon Qaravəlli kəndində yerləşməklə, bir mərtəbəli, dörd otaqlıdır, yaşayış sahəsi 143 kv.m, yaşayanlar: 1. Cavabdeh2, 2. X4, 3. İddiaçı, 4. X5r. DƏDRX-nin 14 saylı X15 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər xx.xx.1997-ci ildə rəsmi nikah münasibətinə daxil olmaqla özünə məxsus əmlakları da apararaq təsərrüfatbaşına kitabda Cavabdeh2 adına olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh1 ilə birgə nikahından olan uşaqları da həmin evdə doğulmuşdur. Cavabdehlər xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçını evdən çıxarmışlar. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı hal hazırda atası evində yaşayır. Cavabdehlər iddiaçının mübahisəli evə qayıdıb yaşamasına imkan vermirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış, təsərrüfatbaşına kitabda Cavabdeh2 adına olan fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakı qeyd olunan maddi hüquq normalarının tələblərini qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olur ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 1997-ci ildə yaranmışdır. Ona görə də hazırki iş üzrə tərəflər arasındakı hüquq münasibətlərinə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü madəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin faktiki hallarından məlum olur ki, İddiaçı köçürülməsini tələb etdiyi Şamaxı rayonu Qaravəlli kəndində yerləşən yaşayış evi dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı Cavabdeh2 ailə üzvü olan oğlu Cavabdeh1 tərəfindən köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. İddiaçı mübahisəli yaşayış evində yaşamaqla nikahından doğulmuş 3 övladları ilə birlikdə yaşamaqla, onlarla birgə təsərrüfat apararaq mənzil qanunvericiliyində nəzərdə tutulmuş digər şəxs kimi icarədarın ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərək, İddiaçı Şamaxı rayonu Qaravəlli kəndində yerləşən təsərrüfatbaşına kitabda Cavabdeh2 adına olan bir mərtəbəli, dörd otaqlı yaşayış sahəsi 143 kv.m olan fərdi yaşayış evinə barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də, onun apelyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işin həqiqi hallarına və rərəflərin qarşılıqlı münaisbətlərinə əsaslanaraq belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-341/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar