Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2273/2021 27.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-21/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Siyəzən Rayon Məhkəməsinin 2(059)-21/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 50,36 (əlli manat 36 qəpik) manat isə alınaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilməsi qət edilmişdir. (hakim B.Ələkbərov) İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 2(059)-21/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu, Zarat kəndindəki ona məxsus torpaq sahəsində "xxxx" MMC-nin qanunsuz fəaliyyətinin onunla razılıq əldə olunanadək dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu, Zarat kəndində mülkiyyətindəki 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsindən cavabdeh "xxxx" MMC-nin kompensasiya ilə bağlı razılığa gəlinənədək çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində xüsusi mülkiyətində olan 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən həyata keçirilən Bakı-Quba-Rusiya Fedarasiyası yeni avtomobil yolunun tikintisi lahiyəsi çərçivəsində yolun təhkim zolağına düşmüş və dəymiş ziyana görə 18562,27 manat hesablanaraq heç bir əsas olmadan kompensasiya edilərək "xxxx" ASC-nin Sumqayıt Filialına köçürülmüşdür. Həmçinin, 2020-ci ilin may ayının 2ci yarısından etibarən cavabdeh "xxxx" MMC-nin işçiləri MMC-yə aid texnikanı onun Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsinə yol inşa edilməsi məqsədilə yerləşdirmişlər. Torpaq sahəsinin əlverişli ərazidə yerləşməsi, hesablanmış kompensasiyasının yetərli olmaması səbəbindən o, dəfələrlə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinə və Nazirlər Kabinetinə rəsmi məktublarla müraciət etmiş, lakin müraciətləri müsbət həll edilməyərək məhkəməyə müraciət hüququnun olduğu tövsiyə olunmuşdur. Məhz bundan sonra, o, cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ilə kompensasiya məbləği razılaşana qədər mübahisəli ərazidə tikinti işləri dayandırılması məqsədilə Sumqayıt İnzibati Məhkəməyə müraciət etmişdir və hazırda da həmin mübahisə məhkəmə qaydasında araşdırılmaqdadır. Buna baxmayaraq, Bakı-Quba-RF avtomobil yolunun tikintisi üzrə ümumi işin 60-70%-i görülüb başa çatdırılmış, ona məxsus ərazidə isə cavabdeh tərəfindən görülən işlər yekunlaşmaqla, yəni asfaltlama işləri tamamlanaraq şirkətin işçiləri ona məxsus ərazini tərk etmişlər. Nəticə etibarilə, onun mülkiyyətçi kimi dövlət tərəfindən qorunan hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayəti iddia ərizəsilə eyni məzmun daşıyır. İddiaçı apelyasiya şikayətilə məhkəmədən Siyəzən Rayon Məhkəməsinin 2(059)-21/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki mübahisə əsasında işin icraata qaytarılmasını, ona məxsus Siyəzən rayonu, Zarat kəndi ərazisində xüsusi mülkiyətində olan 1,2795 ha torpaq sahəsinin "xxxx" MMC tərəfindən qanunsuz zəbt edilməsi müəyyən edilərək mülkiyyət hüququnun bərpa edilməsini, cavabdehin məhz "xxxx" MMC olmasının ekspert rəyi və onun nümayəndəsinin izahatı əsasında müəyyən edilməsini, mübahisəli ərazidə inşaat işlərinin tamamlanaraq sifarişçiyə təhvil verilməsi yanlış hesab edilərək hüquqi həllini tapmasını və aparılmış ekspertiza tədqiqatı ilə bağlı hüquq müəyyənedici və texniki sənədlərin müəyyənləşdirilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. İddiaçı səhhətilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini ərizəsində qeyd etsə də, stasionar müalicə barədə mötəbər sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək, məhkəmə kollegiyası işə İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 14 sentyabr 2018-ci il tarixdə verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Zarat kəndində yerləşən 1,2795 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Yenə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, podratçı kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhəd yeni avtomobil yolunun tikintisi lahiyəsi çərçivəsində müvafiq işlərin görülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Yenə də iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(118)- 192/2020 saylı qərarının surətindən məlum olur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus 127,95 sot torpaq sahəsindən 61,8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya "xxxx" ASC-nin Sumqayıt rayon Filialına köçürülmüşdür. İddiaçının və onunla yanaşı Siyəzən rayonu Zarat kəndinin yol tikintisi altına düşən bütün mülkiyyətçilərə məxsus olan torpaqların və tikililərin qiymətləndirilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti müəyyənləşdirilmiş, həmin qiymətə 20 faiz əlavə edilərək ödəniləcək kompensasiyanın ümumi məbləği mülkiyyətçinin adına “Kapitalbank”da açılmış hesabına köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin 22 dekabr 2020-ci il tarixli, C-114 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2021-ci il tarixli, 10/206 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,61 ha torpaq sahəsinin DƏDRX tərəfindən İddiaçı verilmiş **********53 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla, eləcə də bu koordinatlara əsasən 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsinin “Az Virt" MMC tərəfindən inşa edilmiş yolun mübahisəli ərazidən keçən hissəsi ilə üst-üstə düşdüyü, habelə mübahisə predmeti olan Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,61 ha torpaq sahəsinin üzərində cavabdeh "xxxx" MMC tərəfindən yolun inşa edildiyi müəyyən edilmişdir. Yenə işdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 07.10.2020-ci il tarixli qərardadından görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(118)- 192/2020 saylı qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan X1rşı tikinti işlərinin aparılmasına qadağa qoyulması barədə iş, yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)-1073/2021 saylı qərardadından görünür ki, İddiaçı Azərbaycan X1rşı tikinti işlərinin aparılmasına qadağa qoyulması barədə iddiası mümkün sayılmamışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-21/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində iddiaçıya məxsus 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsi yolun təhkim zolağına düşmüş, ona dəymiş ziyana görə 18562,27 manat hesablanaraq "xxxx" ASC-nin Sumqayıt Filialına köçürülmüş, habelə bu layihənin icrası ilə bağlı işlərin görülməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. Mübahisəli ərazinin inşaat zonasına düşməsi və torpaq sahəsinin bir hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət ehtiyacları məqsədilə alınması, eləcə də cavabdeh "xxxx" MMC-nin subpodratçı kimi müvafiq işlər görməsi işin mübahisələndirilməyən hallarını təşkil edir. Bundan əlavə, mübahisə predmeti olmaqla, Siyəzən rayonu, Zarat kəndində yerləşən iddiaçıya məxsus 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsinin “Az Virt" MMC tərəfindən inşa edilmiş yolun mübahisəli ərazidən keçən hissəsi ilə üst-üstə düşsə də, bu torpaq sahəsinin üzərində cavabdeh podratçı MMC tərəfindən yol inşa edilməklə, iş yekunlaşdırılmış, habelə yerinə yetirilmiş iş sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təhvil alınmış, cavabdeh isə artıq həmin ərazidən çıxmışdır. Bununla da, tələb hazırkı məqamda öz əhəmiyyətini itirmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, iddia tələbindən və işin tədqiq olunan faktiki hallarından görünür ki, hazırda əsas mübahisə ödənilən kompensasiyanın məbləği ilə bağlıdır. Başqa sözlə, əsas mübahisə tərəfləri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ilə İddiaçıdir. Hazırda da onlar arasında inzibati məhkəmlərdə məhkəmə mübahisəsi davam edir. Cavabdeh “Az Virt" MMC subpodrat müqaviləsi əsasında çəkilən yolun müəyyən hissəsində tikinti işləri aparır. İşdən görünür ki, MMC iddiaçıya məxsus torpaq sahəsində gördüyü işləri başa çatdırmışdır. İşə baxan məhkəmə gəldiyi nəticəni aşağıdakı qanunvericilik aktlarına istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinin İ hissəsinə əsasən bu Qanuna əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi; dəniz limanının ərazisinin artırılması torpağın alına biləcəyi dövlət ehtiyaclarıdır. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi və bələdiyyə mülkiyyətdə olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Yenə həmin Qanunun 6-cı maddəsinin İ hissəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Yenə də həmin Qanunun 20-ci maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Eyni Qanunun 54-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Daha öncə istinad olunan qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,61 ha hissəsi dövlət ehtiyacları üçün alınmış və ona bu məqsədlə 18562,27 manat kompensasiya hesablanmaqla müvafiq bank hesabına köçürülmüşdür. Layihələndirilmiş işlər “Bakı– Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş, subpodratçı kimi "xxxx" MMC layihədə nəzərdə tutulmuş işləri görmüş və sifarişçiyə təhvil vermişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə kompensasiya yolu ilə dəyəri ödənilmiş torpaq sahəsində "xxxx" MMC-nin qanunsuz fəaliyyətinin onunla razılıq əldə olunanadək dayandırılması barədə iddia təmin oluna bilməz. Hazırda cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə həm qanunun tələblərinə, həm də işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən xüsusilə nəzərə alır ki, Bakı– Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi mühüm dövlət əhəmiyyəti daşıyır və bu işlərin hər hansı formada dayandırılması yolverilməzdir. Digər tərəfdən qeyd edildiyi kimi, mübahisə torpaq sahəsinə dair ödənilən kompensasiyanın məbləği ilə bağlıdır və bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə iddiaçı arasında məhkəmə mübahisələri gedir. Həmin mübahisənin isə subpodrat müqaviləsi əsasında yol tikinti işlərini aparan "xxxx" MMCyə heç bir aidiyyatı yoxdur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı iddiasının əsasını təşkil edən halları, habelə şikayətinin dəlillərini məhkəmə iclasında sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-21/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-21/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2273/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2273/2021
27.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver