Məhkəmə qərarları › İş №2(105)-2279/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2279/2020

21.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2279/2020 21.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: Vəkil, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və faktiki sahibliyə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia tələbinin qismən təmin edilməsi, xx xxxx 2005-ci il tarixli JN-7026 nömrəli (Kod: 30800001) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən Abşeron rayonu, 52 saylı Qum qış otlaq sahəsinin 50,0 ha hissəsinin Cavabdeh tərəfindən boşaldılması və həmin 50,0 ha torpaq sahəsinin naturada İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, Cavabdeh aparılmış ekspertiza tədqiqatına görə 100 manatın tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************), mütəxəssis rəyinin verilməsinə görə 793,78 manatın tutulub Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN **********, AZ23AİİB********************) ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və faktiki sahibliyə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixli JN-7026 saylı (Kod: 30800001) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında onun 15 il müddətinə istifadəsinə verilən 200 ha örüş daxil olmaqla ümumilikdə 560 ha olan torpaq sahəsinin müəyyən hissəsi ərazi üzrə qonşusu Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu torpaq sahəsi ona qanunvericiliyə uyğun qaydada ayrıldığı üçün zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona qaytarılması məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2005-ci il tarixli JN-7026 saylı (Kod: 30800001) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında zəbt olunmuş Abşeron rayonu, 52 saylı Qum qış otlaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və həmin torpaq sahəsinin naturada ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamış, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun qətnamə qəbul etmişdir. Abşeron rayon İHB-nın xx xxxx 2018-ci il tarixli 166 nömrəli sərəncamının surətindən görünür ki, Abşeron rayonunda təhkim edilmiş 52 saylı “Qum-2” adlı qış otlaq sahəsindən 300,0 ha otlaq sahəsinin qoyunçuluğun inkişafı məqsədilə icarə qaydasında 10 il müddətinə fiziki şəxs Cavabdeh ayrılması barədə tərtib edilmiş torpaqayırma sənədlərinin təstiq edilməsi, 52 saylı “Qum-2” adlı qış otlaq sahəsindən 300 ha otlaq sahəsinin fiziki şəxs ona icarəyə verilməklə onunla 10 il müddətinə icarə müqaviləsi bağlanması qərara alınmışdır. Göründüyü kimi, Abşeron rayon İHB-nın xx xxxx 2018-ci il tarixli 166 nömrəli sərəncamı ilə və xx xxxx 2018-ci il tarixli icarə müqaviləsi əsasında 300 ha otlaq sahəsi icarə qaydasında 10 il müddətinə ona verildiyi və icarə müddətinin bitməsinə hələ 8 il qaldığı halda, Abşeron rayon İHB-nın xx xxxx 2005-ci il tarixli 67 nömrəli sərəncamı və xx xxxx 2005-ci il tarixli icarə müqaviləsi ilə 15 il müddətinə İddiaçı verilmiş 200 ha torpaq sahəsinin icarə müddəti hələ məhkəmə çəkişməsi zaman bitmiş və Abşeron rayon İH-i tərəfindən icarə müqaviləsinin mmüddəti uzadılmamış və yaxud yeni icarə müqaviləsi bağlanmamışdır. Bu hal qətnamənin ləğvi üçün əsasdır. Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli (012)-254/2020 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçının istifadəsində olan torpaqdan qanunsuz istifadə etməsinin sübuta yetirilməsinin məhkəmə ekspertiza rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN-7026 nömrəli Şəhadətnamənin (KOD 30800001) surətindən görünür ki, Abşeron rayon İHB-nın xx.xx.2005-ci il tarixli 67 nömrəli Sərəncamı və xx.xx.2005-ci il tarixli icarə müqaviləsi ilə Abşeron rayonuna təhkim olunmuş 52 saylı “Qum” ad. qış otlaq DTF-du torpaq sahəsinin kənd təsərrüfatında istifadə edilməyən 200,0 ha hissəsi müvəqqəti istifadə-kənd təsərrüfatını inkişaf etdirmək üçün 15 il müddətinə İddiaçı verilmişdir. İşə əlavə olan Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2018-ci il tarixli 166 nömrəli Sərəncamının surətindən görünür ki, Abşeron rayonuna təhkim edilmiş 52 saylı “Qum-2” qış otlaq sahəsindən 300 hektar otlaq sahəsinin qoyunçuluğun inkişafı məqsədi ilə icarə qaydasında 10 il müddətə fiziki şəxs Cavabdeh ayrılması barədə tərtib edilmiş torpaqayrıma sənədlərinin təsdiq edilməsi, 52 saylı “Qum-2” qış otlaq sahəsindən 300 hektar otlaq sahəsinin fiziki şəxs Cavabdeh icarəyə verilməklə onunla 10 il müddətə icarə müqaviləsi bağlanması qərara alınmışdır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli 55 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2018-ci il tarixli 166 nömrəli Sərəncamına əsasən Abşeron rayonuna təhkim edilmiş 52 saylı “Qum-2” qış otlaq sahəsindən 300 hektar otlaq sahəsinin qoyunçuluğun inkişafı məqsədi ilə icarə qaydasında 10 il müddətə fiziki şəxs Cavabdeh ayrılması və ona verilməsi ilə bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxxx 2020-ci il tarixli 1091 nömrəli rəyindən görünür ki, X1 ekspertləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 116 saylı ekspert rəyinə və eləcə də baxış zamanı torpaq sahəsinə dair müəyyən edilmiş koordinatlara əsasən, İddiaçı adına olan xx.xx.2005-ci il tarixli JN-7026 saylı (kod: 30800001) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında onun 15 il müddətinə istifadəsinə verilən 200,0 ha örüş daxil olmaqla torpaq sahəsinin planölçüsü ilə yerində (naturada) koordinatlarının üst-üstə düşdüyü müəyyən olunur. xx.xx.2019-cu il tarixli, 116 saylı rəydə göstərilənləri nəzərə alaraq, iş üzrə Cavabdeh adına verilmiş Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 55 nömrəli icarə müqaviləsi əsasında 10 il müddətində verilmiş sahəsi 300,0 ha olan 52 saylı “Qum-2” qış otlaq sahəsinin plan-ölçüsü ilə yerində (naturada) koordinatları İddiaçı faktiki istifadəsində və sənəd üzrə icarəsində olan 200,0 örüş yerinin JN-7026 saylı (kod: 30800001) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə 7026E, 7026D və 7026AA nömrəli konturları (hissələri) ilə üst-üstə düşdüyü, yəni İddiaçı faktiki istifadəsində və sənəd üzrə icarəsində olan torpaq sahəsinin bir hissəsinin təkrarən Cavabdeh verildiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı adına olan xx.xx.2005-ci il tarixli JN-7026 saylı (kod: 30800001) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında onun 15 il müddətinə icarəsinə verilən 200,0 ha örüş sahəsinin, Cavabdeh adına verilmiş Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 55 nömrəli icarə müqaviləsi əsasında 10 il müddətində verilmiş sahəsi 300,0 ha olan 52 saylı “Qum-2” qış otlaq sahəsinin 50,0 ha hissəsi ilə sənəd üzrə və naturada üstüstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin Abşeron rayon İHB-nın xx xxxx 2005-ci il tarixli 67 nömrəli sərəncamı və xx xxxx 2005-ci il tarixli icarə müqaviləsi ilə 15 il müddətinə İddiaçı verilmiş 200 ha torpaq sahəsinin icarə müddətinin hələ məhkəmə çəkişməsi zamanı bitməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaqdan müvəqqəti istifadə hüququna dair JN - 7026 nömrəli Şəhadətnaməyə (KOD 30800001) əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2005-ci il tarixli 67 nömrəli Sərəncamı və xx xxxx 2005-ci il tarixli icarə müqaviləsi ilə Abşeron rayonuna təhkim olunmuş 52 saylı “Qum” qış otlaq torpaq sahəsinin kənd təsərrüfatında istifadə edilməyən 200,0 ha hissəsi müvəqqəti istifadə - kənd təsərrüfatını inkişaf etdirmək üçün 15 il müddətinə İddiaçı verilmişdir. Həmin müddət xx xxxx 2020-ci ildə bitmişdir, lakin iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx xxxxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli olunan torpaq sahəsi yüklü olduğu vaxt, Abşeron rayon İcra Hakimiyyəti həmin torpağı Cavabdeh verdikdə bu məqamı nəzərə almamışdır. Məhkəməyə təqdim edilmiş Abşeron rayon İcra Hakimiyyətinin xx xxxx 2020-ci il tarixli 638 saylı məktubundan görünür ki, İddiaçı icarəsinə ayrılmış torpaq sahəsi üzərində icarə müqaviləsinin vaxtının artırılması ilə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə müəyyən və tədqiq olunmuş sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, İddiaçı adına olan xx xxxx 2005-ci il tarixli JN-7026 saylı (kod: 30800001) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında onun 15 il müddətinə istifadəsinə verilən 200,0 ha örüş sahəsinin Cavabdeh adına verilmiş 300,0 ha olan qış otlaq sahəsinin 50,0 ha hissəsi ilə sənəd üzrə və naturada üstüstə düşməsi barədə məhkəmə tikinti-texniki ekspertizasının verdiyi rəy digər sübutlarla birlikdə, mötəbər sübut kimi qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Konvensiyanın müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqları baxımından məhkəmə cavabdehlər tərəfindən iddiaçıya edilən müdaxilələrin iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıya aid edilməli, cavabdehdən isə aparılmış ekspertiza tədqiqatına görə 100 manat tutulub Ekspertiza Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsinə görə 793,78 manat tutulub Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxx 2020-ci il tarixli 2(012)-254/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar