Məhkəmə qərarları › İş №2(105)-2281/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2281/2021

22.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2281/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh Camalova (Cavadova) Rəna Telman qızının nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin cavabdeh Camalova (Cavadova) Rəna Telman qızına qarşı torpaq sahəsinin alğı-satqısına dair aktın ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 272/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Camalova (Cavadova) Rəna Telman qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz bələdiyyəsinin Camalova (Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması barədə (15 iyul 2003-cü il tarixli) alğı-satqı aktı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 02.06.2007-ci il qeydiyyat tarixli reyestr qeydinin ləğv edilməsi, həmin alğı-satqı aktına əsasən Camalova (Cavadova) Rəna Telman qızının istifadəsində olan 0,2454 ha torpaq sahəsi boşaldılması, iddianın qalan hissəsi təmin edilməməsi, mütəxəssis rəyinin dəyəri olan 95 manat məbləğində pulun 88 manatının cavabdeh Camalova (Cavadova) Rəna Telman qızından, 7 manatının isə iddiaçıdan alınaraq Kapitalbankın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 45 manatının cavabdeh Camalova (Cavadova) Rəna Telman qızından və 5 manatının isə iddiaçıdan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir (hakim A.B.Sadıqov). Qətnamədən cavabdeh Camalova (Cavadova) Rəna Telman qızı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Xaçmaz rayon Xaçmaz bələdiyyəsi məhkəmədə iddia qaldıraraq bələdiyyənin 10.04.2003-cü il tarixli 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzasına əsasən Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılması barədə alğı-satqı aktının və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin boşaldılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş materiallarından göründüyü kimi Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı haqqında” Qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı qərarına əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarından fərdi iaşə obyektlərinin tikintisi məqsədi ilə Cavadova (Camalova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsi satılmışdır. Bu müqavilənin qanunayğunluğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz şöbəsi və Xaçmaz rayonunun Baş memarı tərəfindən yoxlanılaraq müvafiq rəylər verildikdən sonra Cavabdeh1 (Camalova) torpağın 10.800.000 manat məbləğində dəyərini Xaçmaz Bələdiyyəsinin xüsusi hesabına ödəmiş və tərəflər arasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz şöbəsində torpaq sahəsinin alğı-satqısına dair 15 iyul 2003-cü il tarixli müqavilə (akt) bağlanaraq qeydiyyata alınmışdır. Cavabdeh1 (Camalovanın) həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsində qeydiyyata alınaraq 2 iyun 2007-ci il tarixli Çıxarış verilmişdir. Həmin vaxtdan bu günə kimi cavabdeh tərəfindən mütəmadi olaraq Xaçmaz Bələdiyyəsinin hesabına torpaq vergisi ödənilmiş, Bələdiyyə ilə cavabdeh arasında heç bir narazılıq olmamışdır. Lakin torpaq sahəsinin satılmasından 17 il sonra cavabdeh Xaçmaz Rayon İcra Hakimiyyətinə çağırılaraq torpaq sahəsini İcra Hakimiyyətinə verməsi təklif edilmiş, sonuncu bu qanunsuz təklifdən imtina etmişdir. Məhz bundan sonra cavabdehin mülkiyyətinə qəsd edilərək torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarı və ərazidə inşa etdiyi bir otaqdan ibarət ev uçurulmuş, torpaq sahəsi qəsb edilərək ərazidə olan çoxillik şam ağacları qanunsuz kəsilmiş və iddiaçı Xaçmaz rayon Bələdiyyəsi Xaçmaz rayon İcra Hakimiyyətinin təhriki ilə heç bir əsas olmadan torpaq sahəsinin satılması barədə özünün 10 aprel 2003-cü il tarixli qərarını ləğv edərək məhkəməyə iddia vermişdir. Həmin Qərarın 1 və 2-ci bəndlərində alğı-satqı predmeti olan 0,30 ha torpaq sahəsinin Bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olması göstərildiyi halda, iddiaçı iddia tələbinə süni surətdə hüquqi əsas yaratmaq məqsədi ilə ehtiyat torpaq fondundan satılan torpaq sahəsini ümumi istifadədə olan torpaq sahəsi, Xaçmaz şəhər parkının hissəsi kimi təqdim etmişdir. İşə əlavə olunmuş mütəxəssis rəyi və ekspert rəyində də heç bir əsas olmadan mübahisəli torpaq sahəsi park ərazisi kimi təqdim edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə uyğun olaraq torpağın satılması barədə qərar qəbul edən Bələdiyyələr qərar qəbul etdiyi andan onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Əgər doğrudan da Xaçmaz Bələdiyyəsi ümumi istifadədə olan 0,30 ha torpaq sahəsini qanunsuz qərar əsasında satmışdısa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Şöbəsi və Xaçmaz Rayonunun Baş Memarı tərəfindən həmin torpaq sahəsinin satılmasına müsbət rəylər verilməsi, habelə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanlar, habelə Bələdiyyənin özünün bir neçə dəfə dəyişmiş tərkibi tərəfindən göstərilən qanunsuzluğa 17 il ərzində göz yumulmasının səbəblərini izah etmək mümkün deyildir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin və üçüncü şəxs ARƏMDX yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də qeyd edilən cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndə və vəkilinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 61 saylı, 15 iyul 2003-cü il tarixli torpaqların alğı-satqısına dair aktın surətindən müəyyən olunur ki, Cavabdeh1 Xaçmaz rayon Bələdiyyəsinə 08.04.2003-cü ildə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyənin iclasında baxılmış və Xaçmaz bələdiyyə ərazisində 0,30 ha torpaq sahəsinin satılması barədə 10.04.2003-cü il tarixli, 05 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh1 tərəfindən Xaçmaz bələdiyyəsinin hesabına əvvəlcədən 10.800.000 manat ödənilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 02.06.2007-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən müəyyən olunur ki, DƏDRX tərəfindən Camalova (Cavadova) Rəna Telman qızına verilmiş **********26 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0,30 ha torpaq sahəsinin 0.2454 ha hissəsi vahid elektron baza məlumatlarında olan Xaçmaz şəhərinin yerquruluşu planına əsasən park ərazisi ilə üst-üstə düşür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15.03.2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, DƏDRX tərəfindən Camalova (Cavadova) Rəna Telman qızına verilmiş **********26 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0,30 ha torpaq sahəsinin 0.2454 ha hissəsi vahid elektron baza məlumatlarında olan Xaçmaz şəhərinin yerquruluşu planına əsasən park ərazisi ilə üst-üstə düşür. İş materiallarında olan Xaçmaz bələdiyyəsinin 08 sentyabr 2020-ci il tarixli, 10 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Xaçmaz rayonu, Hacıəhməd oba kənd sakini Cavabdeh1 ictimai-iaşə obyektlərinin tikintiləri məqsədilə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan Xaçmaz şəhər parkından 0,30 ha torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədəki Xaçmaz bələdiyyəsi 10 aprel 2003-cü il tarixli 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndi və bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 7.2-ci maddəsinin tələblərinə zidd olduğuna görə ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. İş materiallarından görünür ki, məhkəmə baxışı zamanı cavabdeh tərəf mübahisəyə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edərək iddia müddətini təqdim etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir: Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq iddia tələbinin iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tam sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunun bu göstərişləri hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməli olduğu prinsipindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Beləliklə müəyyən olunmuşdur ki, Cavabdeh1 Xaçmaz rayon Bələdiyyəsinə 08.04.2003-cü ildə torpaq sahəsi almaq barədə müraciət etmiş, bələdiyyənin 10.04.2003cü il tarixli, 05 saylı qərarı ilə bələdiyyə ərazisində 0,30 ha torpaq sahəsinin satılması qərara alınmış, Cavabdeh1 tərəfindən Xaçmaz bələdiyyəsinin hesabına əvvəlcədən 10.800.000 manat ödənilmiş, 61 saylı, 15 iyul 2003-cü il tarixli torpaqların alğı-satqısına dair aktı tərtib olunmuş, ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 02.06.2007-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Xaçmaz bələdiyyəsinin 08 sentyabr 2020-ci il tarixli, 10 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Cavabdeh1 ictimai-iaşə obyektlərinin tikintiləri məqsədilə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan Xaçmaz şəhər parkından 0,30 ha torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədəki Xaçmaz bələdiyyəsi 10 aprel 2003-cü il tarixli 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndi və bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 7.2-ci maddəsinin tələblərinə zidd olduğuna görə ləğv edilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş ekspertiza rəyindən müəyyən olunmuşdur ki, Camalova (Cavadova) Rəna Telman qızına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0,30 ha torpaq sahəsinin 0.2454 ha hissəsi vahid elektron baza məlumatlarında olan Xaçmaz şəhərinin yerquruluşu planına əsasən park ərazisi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə torpaq satılmasına dair bələdiyyənin qərarı ləğv edildiyindən ondan sonra yaranmış hüquqi nəticələr də ləğv edilməlidir, yəni Xaçmaz bələdiyyəsinin Camalova (Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması barədə (15 iyul 2003-cü il tarixli) alğı-satqı aktı, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 02.06.2007-ci il qeydiyyat tarixli reyestr qeydi ləğv edilməli və Camalova (Cavadova) Rəna Telman qızının istifadəsində olan 0,2454 ha torpaq sahəsi boşaldılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, apelyant apelyasiya şikayətlərinin dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa müəyyən olunur ki, apelyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə qətnaməsində qiymət verilmiş, iş materialları ilə təkzib edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar