Məhkəmə qərarları › İş №2(105)-2282/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2282/2021

20.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2282/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və sair tələbinə dair iddia tələbinin təmin olunmaması, mütəxəssis rəyinin dəyəri olan 95 manat məbləğində pulun İddiaçı alınaraq Kapitalbankın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyindən özbaşına olaraq istifadə etdiyi torpaq sahəsini istifadəsinə qaytarmaqla, torpaq sahəsinin mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində tamlığının bərpa edilməsi və zərərin əvəzi olaraq cavabdehdən 2500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 25.09.2013-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonunun Gödəkli kəndində xüsusi mülkiyyətində 0,4608 ha torpaq sahəsi vardır. Cavabdeh isə qonşu torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh ona məxsus torpaq sahəsinin təxminən 5 sot hissəsini öz torpaq sahəsinə birləşdirərək xeyli müddətdir ki, istifadə edir. Dəfələrlə bu barədə aralarında danışıqlar olsa da cavabdeh torpaq sahəsinin istifadə etdiyi hissəsini qaytarmır. Nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Məhkəmə ekspert rəyinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Sənəddəki koordinatla onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında heç bir uyğunsuzluq ola bilməz. Mütəxəssis və ekspert rəylərində belə uyğunsuzluğun göstərilməsi onlar tərəfindən ona qarşı qərəzli mövqe tutmalarından irəli gəlir. O, cavabdeh tərəfindən istifadə etdiyi torpaq sahəsinin hissəsini geri götürə bilmədiyi üçün, həqiqətə uyğun olmayan rəylər verilib. Bu məsələlərə yenidən qiymət verilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(067)-29/2021 saylı qətnaməsini ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpağa müdaxilənin olmamasının ekspert rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 25.09.2013-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 0,4608 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində 25.09.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.02.2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, DƏDRX tərəfindən İddiaçı verilmiş **********72 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün deyildir. Qeyd etmək lazımdır ki, xəritələrdəki bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları» əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.02.2021-ci il tarixli, **********83 nömrəli mütəxəssis rəyinə əsasən, DƏDRX tərəfindən İddiaçı verilmiş **********72 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən: hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏKÜRX-nin 13 sentyabr 2021ci il tarixli **********37 saylı arayışından görünür ki, mütəxəssis rəyinin verilməsi məqsədi ilə tərəflərin iştirakı ilə 27 avqust 2021-ci il tarixdə saat 11:00-da mübahisə predmeti olan torpaq sahəsində olmuşlar və GPS aləti vasitəsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyətinin və iddia olunan torpaq sahəsinin koordinatları naturadan alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsinin naturadan alınan koordinatları komeral şəraitdə ƏMDK elektron baza xəritə və ortofot üzərində dəqiqləşdirilərkən sonra məlum olmuşdur ki, vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələri ilə ƏMDX-nin elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yaranmışdır. Məhkəmənin 11 mart 2021-ci il tarixli qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il 818 saylı Fərmanı ilə təstiqlənmiş «torpaqların elektron kadastrı uçotu informasiya sistemi»nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssilərin istifadəsinə verildikdən sonra cavablandırılması mümkün olcaqdır. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, İddiaçı torpagı 2013-cü il tarixdə alqısatqı yolu ilə əldə etmişdir və həmin vaxtdan onun 0,40 ha torpaqdan istifadə edir, Cavabdeh ona məxsus olan torpaqdan 1998-ci il tarixdən istifadə edir, orada bağ sahəsi salmış və bu müddət ərzində onun tərəfindən başqa şəxsin torpagından istifadə edilməsi barədə irad bildirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsasslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 27 aprel 2021-ci il tarixli 2(067)-29/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar