Məhkəmə qərarları › İş №2(105)-229/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-229/2022

19.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-229/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı oğlunun Cavabdeh qarşı torpaq sahəsindən manəsiz istifadənin təmin edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-80/2021 nömrəli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-80/2021 nömrəli qətnaməsi ilə (hakim E.Hümbətov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı oğlu Cavabdeh qarşı “torpaq sahəsinin maneəsiz istifadə hüququna dair” iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsinə gedən yolu açması və nəticə etibarı ilə qanunla ona məxsus torpaq sahəsindən maneəsiz istifadə edə bilməsinin təmin olunması, bundan əlavə, ödədiyi dövlət rüsumunun da cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırlmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN 1200, KOD ********* saylı şəhadətnamə ilə 0,13 ha torpaq sahəsi 11 nəfərlik ailə tərkibi ilə ona məxsusdur. Həmin şəhadətnamə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə "fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” mülkiyyət hüququ ilə ona verilmiş və bu sənəd 8734 nömrə ilə kitabda qeydə alınmışdır. Həmin sənəddə həm qonşu torpaqlar, həm də həyətyanı sahənin qaiməsi (sertifikatı) imzalanmış və möhürlənərək təsdiq edilmişdir. Həmin torpaq sahəsini hasarlamışdır. Qeyd edir ki, həmin əraziyə getmək üçün yalnız bir yol vardır. Bu yol dövlətin qoyduğu yoldur ki, o əraziyə daxil olub torpaqdan istifadə edə bilirlər. Lakin təxminən 3 ay bundan əvvəl Cavabdeh onun sözügedən torpaq sahəsinə gedən yolunu kəsmişdir. Belə ki, o, məftil tel vasitəsilə ona məxsus torpaq sahəsinə gedən yolu kəsib, ora qapı qoyub ağzına da qıfıl vurmuşdur. Odur ki, cavabdehin ona məxsus torpaq sahəsinə gedən yolu açması və nəticə etibarı ilə qanunla ona məxsus torpaq sahəsindən maneəsiz istifadə edə bilməyinin təmin olunması, bundan əlavə, ödədiyi dövlət rüsumunun da cavabdehdən alınaraq ona verilməsi, yekunda məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamənin (JN-1200, KOD ********) əslinin ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə oxşar məzmun daşıyan apellyasiya şikayətində qeyd edir ki, Şamaxı Rayon Məhkəməsinin iş üzrə qətnaməsi əsassız və qanunsuzdur. İş materiallarına əlavə edilən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 mart 2021-ci il tarixli mütəxəssis rəyində həm iddiaçıya, həm də cavabdehə məxsus uyğun olaraq 0,13 ha və 0,32 ha torpaq sahələrinin verilmiş torpaq şəhadətnamələrində göstərilən torpaq sahəsi ilə eyni ərazilərdə yerləşdiyi qeyd olunmuşdur. Lakin konfiqurasiya və sahə fərqləri var. Bundan əlavə, qeyd olunmuşdur ki, iddiaçıya və cavabdehə məxsus torpaq sahələri sənədlər üzrə üst-üstə düşmür. O cümlədən elektron baza məlumatlarında mövcud olan xəritə materialları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olması səbəbindən iddiaçıya məxsus 0,13 ha torpaq sahəsindən naturada Cavabdeh istifadə edib-etməməsinin müəyyən olunmasının mümkün olmadığı da qeyd edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş materiallarına daxil edilmiş 26 aprel 2021-ci il tarixli, 10/1038 saylı ekspert rəyindən isə aydın olur ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu Lti-nin mühəndisi Telman Həsənovun tərtib etdiyi mütəxəssis rəyinin məzmunu da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 mart 2021-ci il tarixli mütəxəssis rəyi ilə oxşar məzmundadır. Məhkəmə qətnaməsində qeyd edilir ki, mütəxəssis rəyində yazılana görə İddiaçı oğluna məxsus 0,13 ha torpaq sahəsinə gedən yol naturada mövcud deyildir. Beləliklə, aşkar görünür ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə qeyri-müəyyən nəticəyə gəldiyini vurğulamaqla hüquqlarının pozulması ilə nəticələnən qətnamə qət etmişdir. Məhkəmə yaranmış mübahisəni dürüst qaydada həll edə bilmədiyini öz qətnaməsində etiraf etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində AR Konstitusiyasına, eləcə də AR Mülki Məcəlləsinin və AR Torpaq Məcəlləsinin bəzi maddələrinə yanlış istinad etmişdir. İş üzrə Cavabdeh iddia tələbinə etiraz etsə də öz etirazının əsasları üçün sübut təqdim edə bilməmişdir. İddiaçı isə lazımi sübutları məhkəməyə təqdim etsə də, yaranmış mübahisəni məhkəmə qeyri-müəyyənliklə tamamlamışdır. Halbuki, məhkəmə yaranmış mübahisənin mahiyyətini və iş üzrə bütün faktiki halları tam araşdırsaydı belə qeyri-müəyyənlik alınmazdı. Sadalanan hallar apellyasiya kollegiyası tərəfindən nəzərə alınmalı, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh şikayətin əsassız olmasını bildirərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, İddiaçı oğlu, Cavabdeh və iş üzrə mütəqil tələb irəli sürməyən üçüncü şəxs Şamaxı Rayon Quşçu Kənd Bələdiyyəsi məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şamaxı Rayon Quşçu Kənd Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. İş materiallarında olan JN-119B saylı, 41012018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh və ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə Şamaxı rayonunun Quşçu kəndi ərazisindən 0,32 ha torpaq sahəsi verilmişdir. Yenə iş materiallarında olan JN-120B saylı, 41012018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı oğlu və ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə Şamaxı rayonunun Quşçu kəndi ərazisindən 0,13 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 mart 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı oğlu və ailə üzvlərinə JN-120B (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndi ərazisində verilmiş 0,13 ha torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi var. Cavabdeh və ailə üzvlərinə JN-119B (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndi ərazisində verilmiş 0,32 ha torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi var. İddiaçı oğlu və ailə üzvlərinə JN-120B (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndi ərazisində verilmiş 0,13 ha torpaq sahəsi ilə, Cavabdeh və ailə üzvlərinə JN-119B (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndi ərazisində verilmiş 0,32 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Elektron baza məlumatlarında mövcud olan xəritə materialları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan İddiaçı oğlu və ailə üzvlərinə JN-120B (********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndi ərazisində verilmiş 0,13 ha torpaq sahəsinin naturada Cavabdeh tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. İddiaçı oğluna aid torpaq sahəsinə gedən yol naturada mövcud deyildir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2021-ci il tarixli, 10/1038 saylı ekspert rəyindən görünür ki, İddiaçı oğlu və ailə üzvlərinə JN-120B (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-yə əsasən məxsus olan Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə verilmiş Şamaxı rayonu, Quşçu kəndi ərazisindən 0.13 ha torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi var. Cavabdeh və ailə üzvlərinə JN-119B (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-yə əsasən məxsus olan Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə verilmiş Şamaxı rayonu, Quşçu kəndi ərazisindən 0,32 ha torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi var. İddiaçı oğlu və ailə üzvlərinə JN-120B (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-yə əsasən məxsus olan Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə verilmiş Şamaxı rayonu Quşçu kəndi ərazisində verilmiş 0,13 ha torpaq sahəsi ilə, Cavabdeh və ailə üzvlərinə JN-119B (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə Şamaxı rayonu, Quşçu kəndi ərazisində verilmiş 0.32 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Elektron baza məlumatlarında mövcud olan xəritə materialları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan İddiaçı oğlu və ailə üzvlərinə JN-120B (********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndi ərazisində verilmiş 0,13 ha torpaq sahəsinin naturada Cavabdeh tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı oğluna aid torpaq sahəsinə gedən yol naturada mövcud deyildir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-80/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpağın mülkiyyətə verilməsinə dair JN 1200, KOD ********* saylı şəhadətnamə ilə Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən 0,13 ha torpaq sahəsi İddiaçı məxsusdur. JN-119B (kod ********) saylı şəhadətnaməyə əsasən eyni ərazidə Cavabdeh və ailə üzvlərinə məxsus olan 0,32 ha torpaq sahəsi vardır. İddiaçı və cavabdeh qonşudurlar. İddiaçı özünə məxsus torpaq sahəsini hasarlamışdır. Qeyd edir ki, həmin əraziyə getmək üçün yalnız bir yol vardır. Cavabdeh onun sözügedən torpaq sahəsinə gedən yolunu kəsmişdir. İddiaçı ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən bağlandığını iddia etsə də, məhkəmə araşdırması zamanı, eləcə də mütəxəssis və ekspert rəyləri ilə bu fakt öz təsdiqini tapmamışdır. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Qeyd edildiyi kimi iddiaçı və cavabdeh qonşudurlar. İddiaçının mülkiyyətində 0,13 ha torpaq sahəsi, cavabdehin istifadəsində 0,32 ha torpaq sahəsi vardır. İşin tədqiq olunan faktik hallarından aydın olur ki, mübahisə, cavabdehin sahibliyində və istifadəsində olan torpaq sahəsindən keçməklə, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun açılması ilə bağlıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, bu mübahisə qonşuluq münasibətlərindən doğan mübahisədir. Mübahisənin obyektiv həlli üçün aşağıdakı hüquq normalarına istinad edilməlidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki qaninvericiliyin tələblərinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir(Mülki Məcəllənin 175.1, 175,2, 175.3-cü maddələri). Daha öncə qeyd olunduğu kimi iddia tələbinin hansı formada verilməsindən asılı olmayaraq iddiaçının əsil niyyəti mülkiyyətində olan torpaq sahəsinə, qonşunun torpaq sahəsindən keçməklə, ictimai yola çıxış yolunun açılmasıdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçının yol tələb etdiyi mübahisələndirilən torpaq sahəsi hazırda cavabdehin istifadəsindədir. İş materiallarına əlavə edilmiş mübahisəli ərazinin sxemindən, mütəxəssis və ekspert rəyindən məlum olur ki, tərəflərin hər ikisinin torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahələri ilə eyni ərazidə yerləşsə də, lakin konfiqurasiya və sahə fərqləri var. İddiaçı oğluna aid torpaq sahəsinə gedən yol naturada mövcud deyildir. Həmin sxemə görə iddiaçının iddia etdiyi qaydada ümumi yola çıxmaq üşün tələb etdiyi yol bütün hallarda cavabdehə məxsus torpaq sahəsindən keçməlidir. İddiaçı cavabdeh tərəfindən onun torpaq sahəsinə gedən yolun bağlanmasını iddia etsə də, məhkəməyə bunu sübut edəcək heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Əksinə işdə olan ekspert rəyi ilə bu hal istisna edilir. AR MPM-nin 77-ci maddəsinə əsasəniddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Başqa sözlə, cavabdeh tərəfindən onun torpaq sahəsinə gedən yolun özbaşına bağlanması faktı öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə kollegiyası izah edir ki, iddiaçı daha öncə istinad olunan maddi hüquq normalarına əsasən ictimai yola zəruri keçidin ayrılması üçün qonşu torpaq sahiblərinə, o cümlədən cavabdehə kompensasiya ödənilməsi barədə təklif irəli sürməli, mübahisə bu qaydada öz həllini tapmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun olaraq düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-80/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar