Məhkəmə qərarları › İş №2(105)-2290/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2290/2020

29.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2290/2020 29.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1,İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(060)-96/2020 saylı qətnaməsindən cavabdeh “B.M.İ” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(060)-96/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) İddiaçı cavabdeh “B.M.İ” məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında İddiaçıcavabdeh “B.M.İ” məhdud məsuliyyətli cəmiyyətinin məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Cavabdeh “B.M.İ” məhdud məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin fikrini dinləyib, cavabdeh “B.M.İ” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, cavabdeh “B.M.İ” məhdud məsuliyyətli cəmiyyəti iş üzrə məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini nümayəndə kimi X4 imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Mülki işin 189-cu vərəqində olan “B.M.İ” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 12 saylı, xx xxxx 2020-ci il tarixli etibarnamədən görünür ki, “B.M.İ” məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının məhkəmə orqanının bütün strukturlarında müəssisənin maraqlarını təmsil etmək səlahiyyətləri X2 etibar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. “B.M.İ” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən X2 verilmiş 12 saylı, xx xxxx 2020-ci il tarixli etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci insansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan maddələrin tələblərini nəzərə almamış, apellyasiya şikayətini onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmasını yoxlamamış və apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 363.4-cü maddəsinin mənasına görə cavabdeh təşkilat göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən qətnamədən ümumi qaydada apellyasiya şikayəti vermək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(060)-96/2020 saylı qətnaməsindən cavabdeh “B.M.İ” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar