Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2290/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı cavabdeh «Aztexnika» LTD Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Abbasova) iddianın qismən təmin edilməsi, "xxxx" MMC-nin “işdən azad olma haqqında” 15 fevral 2021-ci il tarixli AZT İR-1/063 №-li əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-nin Məhsul Satışı Departamentinin rəisi vəzifəsinə bərpa edilməsi və "xxxx" MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə əmrin ləğv edilməsi, işinə bərpa olunması, habelə 15 fevral 2021-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi və cavabdehdən ona vurduğu mənəvi ziyanın əvəzi olaraq, xeyrinə 5000 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-də 03.11.2015-ci ildə satış mütəxəssisi kimi işə başlamış və 21.12.2018-ci il tarixində Satış Departamentinin Texnika Satışı şöbəsinin sənaye avadanlıqlarının satışı bölməsinin rəisi vəzifəsinə, 09.12.2019-cu il tarixində Məhsul Satışı Departamentinin rəisi vəzifəsinə keçirilmişdir. Bu müddət ərzində həmişə işində müsbət mənada fərqlənmiş, heç bir töhmət və cəzası olmamışdır. Ona görə də işdə daim irəli çəkilmişdir. Son bir il ərzində pandemiya ilə əlaqədar satışların aşağı düşməsi bəhanə gətirilərək 02.02.2021-ci il tarixində Şirkətin rəhbərliyi tərəfindən öz istəyi ilə işdən azad olunma barədə ərizə yazmaq üçün ona təzyiqlər edilmiş və 03.02.2021-ci il tarixində Şirkətin İnsan Resursları Departamentinin rəisi Arzu Rəhimov tərəfindən bir daha işdən azad olunma barədə ərizə yazması üçün ona təzyiqlər edilmişdir. Belə ki, o, Departamentin rəisinə kompensasiya verilərək işdən azad edilməyini təklif etsə də, onu müxtəlif maddələrlə işdən çıxaracaqları ilə hədələmişdir. Buna görə də, məcbur qalaraq 04.02.2021-ci il tarixində "xxxx" MMC-dəki işindən 15.02.2021-ci il tarixində azad edilməsi barədə ərizə yazmışdır. Daha sonra əmək müfəttişliyi və müxtəlif insan resursları mütəxəssisləri ilə məsləhətləşdiyi zaman ona bildirmişlər ki, yol verilən bu cür hərəkətlərtəzyiqlər tamamilə qanunsuzdur. O da Əmək Məcəlləsinə uyğun olaraq 04.02.2021-ci il tarixində işdən azad edilmə barədə yazdığı ərizənin geri götürülməsi barədə yeni ərizə ilə 10.02.2021-ci il tarixində "xxxx" MMC-yə müraciət etmiş və bu müddət ərzində müntəzəm olaraq, vaxtlı-vaxtında işə gedərək əmək funksiyalarını icra etmişdir. Eyni zamanda, iş yerində 15.02.2021-ci il tarixinədək dəfələrlə verdiyi ərizələrin taleyi ilə maraqlansa da, heç bir cavab ala bilməmişdir. 15.02.2021-ci il tarixində günün birinci yarısında işdə olarkən İnsan Resursları Departamentinin rəhbəri A.Rəhimov birinci ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixli ərizəni niyə yazdığını soruşmuş və o da cavab olaraq bildirmişdir ki, bu səbəblə onun işdən azad edilməsi tamamilə qanunsuzdur, ona görə də işində qalaraq davam etmək istəyir. O, təklif etmişdir ki, Şirkət onun işindən narazıdırsa, əmək qanunvericiliyinə uyğun olaraq onu işdən azad edə bilər. Eləcə də, hazırda işlədiyi və rəisi olduğu Departamentdə o və bir koordinator işləyir. 15.02.2021-ci il tarixində axşam saatlarında, iş yerində olarkən təxminən saat 16:55-də şirkət e-maili bağlanmış və səbəbini soruşmaq üçün administratora müraciət etdiyi zaman ona bildirilmişdir ki, müdiriyyətin tapşırığına əsasən bu icra edilmişdir. Bundan sonra işdən evə gəlmiş və evdə olarkən İnsan Resursları Departamentinin rəhbəri A.Rəhimovla əlaqə saxlamış və bildirilmişdir ki, rəhbərlik onun birinci ərizəsini əsas tutaraq, işdən azad edilməsi barədə əmr verildiyindən, ikinci ərizəsi nəzərə alınmamışdır. Onun iradına cavab olaraq bildirilmişdir ki, Cəmiyyətin onun ikinci ərizəsini nəzərə almamaq səlahiyyətləri vardır. Şikayət edəcəyini bildirdiyi zaman isə ona haraya istəyirsə, şikayət edə biləcəyi deyilmişdir. Həmin gün axşam evdə e-gov.az saytında şəxsi kabinetinə daxil olduğu zaman işdən azad edildiyi, əmək müqaviləsinə xitam verildiyini aşkar etmişdir. Halbuki, Əmək Məcəlləsinə uyğun olaraq, sonuncu iş günündə işdən azad edilməsi barədə əmr, əmək kitabçası və son haqq-hesab ona təqdim edilməmişdir. Beləliklə, göstərilənlər "xxxx" MMC tərəfindən onun hüquqlarının təsbit olunduğu əmək və digər qanunvericiliyin kobud şəkildə pozulması olmaqla, Cəmiyyət tərəfindən verilən əmr qanunsuz və əsassızdır və buna görə də ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Həmçinin işəgötürənin ona qarşı yol verdiyi hərəkətlər pozuntu məqsədli olmaqla, işəgötürən olaraq üstün mənafeyindən istifadə edərək işçi kimi onu “əzmək”lə onda inamsızlıq, narahatlıq, məyusluq hisslərini yaratmaq üçün edilmişdir. Yəni ona göstərməyə çalışmışdır ki, o, hüquqşünas olaraq, öz hüquqlarını qoruya bilmir. Beləliklə, şəxsin əmlak və ya şəxsi qeyriəmlak hüququnun pozulması faktının müəyyənləşdirilməsi mənəvi zərərin vurulduğu qənaətinə gəlmək üçün kifayətdir. Cavabdeh 15.02.2021-ci il tarixində onunla bağlanan əmək müqaviləsinə xitam versə də, müvafiq əmri və son haqqhesabı həmin gün ona verməmişdir. Buna görə də, həmin gündən indiyədək çoxsaylı şifahi və yazılı müraciətlər etməyə, əmək müfəttişliyinə və banka təkrar-təkrar getməyə məcbur olmuş və bütün bunların nəticəsində, yəni cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) mənəvi əzab və məyusluq hissi ilə yanaşı, emosional sarsıntı keçirməyinə səbəb olmuşdur ki, nəticədə də ona mənəvi ziyan vurulmuşdur. Odur ki, bütün bunlar ədalətlilik prinsipi əsas tutulmaqla, ona mənəvi ziyana görə kompensasiyanın ödənilməsi üçün əsasdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi V.Ə.Bağırov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının öz istəyi ilə işdən azad olunma barədə 04 fevral 2021-ci il tarixli ərizəçi işəgötürənə, yəni direktora təqdim edilmişdir. Ərizə elə həmin gün baş direktora göndərilib və həmin tarixlə dərkənar qeyd olunub. Lakin iddiaçı tərəfinin iddia etdiyi ikinci ərizə baş direktora göndərilməyib. İkinci ərizənin direktora verilib-verilməməsi kifayət qədər şübhə dogurur. İddiaçı özü bildirir ki, ikinci ərizəni 10 fevral 2021-ci il tarixdə Əsədov Fəridə təhvil vermişdir. Bu fakt məhkəmədə şahid qismində dindirilən şəxs özü də təstiq etmişdir. Əgər baş direktorun elə bir ərizədən xəbəri olsaydı, ərizədə dərkənar olardı. İşəgötürən ümumiyyətlə işçinin ikinci ərizəsindən məlumatsız olmuş, həmin ərizə ona təqdim edilməmişdir. İşdən çıxma ilə bağlı təzyiqlərin göstərilməsi barədə ifadələr isə yalandır. Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçını işdən azad etdikdə qanun pozuntusuna yol verilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi V.Ə.Bağırovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, o, iddiaçının keçmiş iş yoldaşı olmuşdur. İddiaçı ilkin yazdığı ərizənin geri götürülməsi barədə yeni ərizə ilə 10.02.2021-ci il tarixdə İnsan Resursları Departamentinə müraciət etmiş, ərizəni o təhvil almış və üzərini imzalamışdır. Baş direktor işdə olmadığı üçün ərizəni ona təqdim edə bilməmişdir. Sonradan işlərin çoxluğu səbəbi ilə ərizəni Arzu Rəhimova da təqdim edə bilməmiş və ərizə iki gün onun stolunun üzərində qalmışdır. Fevral ayının 12-si onun "xxxx" MMC-də son iş günü olduğundan sənədləri təhvil-təslim edərkən günün sonunda işçilər işdə olmadığı üçün ərizəni Nigar xanımın stolunun üzərinə qoymuş və bunu Nigar xanıma telefon vasitəsilə bildirmişdir. Sonra Nigar xanımla əlaqə saxlayanda Nigar xanım bildirmişdir ki, 15-i ərizəni baş direktora göndəriblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o, iddiaçının keçmiş iş yoldaşı olmuşdur. İddiaçı ilkin yazdığı ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixdə yazdığı yeni ərizəni 15.02.2021-ci il tarixdə stolunun üzərində görmüşdür. Digər ərizələrlə birlikdə bu ərizəni də A.Rəhimova təqdim etmiş və A.Rəhimov ərizələrə baxdıqdan sonra baş direktora göndərilməsi üçün təkrarən sənədləri ona vermişdir. O da bütün sənədləri direktora təqdim etmişdir, lakin sənədlər çox olduğu üçün bu ərizənin həmin sənədlərin içərisində olubolmadığı yadına gəlmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, o, iddiaçının keçmiş iş yoldaşı olmuşdur. İddiaçı ilkin yazdığı ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixdə yazdığı yeni ərizəni və digər sənədləri 15.02.2021-ci il tarixdə N.Abdullayeva ona təqdim etmiş, o isə öz növbəsində həmin ərizə və digər sənədləri aidiyyəti üzrə baş direktora göndərilməsi üçün təkrarən N.Abdullayevaya təqdim etmişdir. Baş direktordan İddiaçı ilkin yazdığı ərizə ona qayıtmış, lakin iddiaçının sonradan yazdığı ərizənin taleyi barədə məlumatı olmamışdır. Eləcə də X11 qeyd etmişdir ki, o, İddiaçı ilə niyə işdən çıxma barədə ərizə yazması və niyə sonradan işdən çıxma barədə ərizənin geri götürülməsinə dair ərizə yazmasını soruşaraq bu barədə söhbət etmişdir. İş materiallarında olan 03.11.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-nin vitse-prezidenti X5 Xangah işəgötürən və İddiaçı işçi olmaqla bağlanmış müqaviləyə əsasən, sonuncu Cəmiyyətdə satış mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən, bu əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir: a) 04.01.2018-ci il tarixindən iş vaxtı 09:00-18:00-dək həftənin İ-V günləri təyin edilib; b) 21.12.2018-ci il tarixindən Satış Departamentinin Texnika Satışı şöbəsinin Sənaye avadanlıqlarının satışı bölməsinin rəisi vəzifəsinə keçirilib; 09.12.2019-cu il tarixindən Məhsul Satışı Departamentinin rəisi vəzifəsinə keçirilib və aylıq əmək haqqı 3336,31 manat təyin edilib. İşə əlavə olan 03 noyabr 2015-ci il tarixli “işə qəbul haqqında” 218/R №-li əmrin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı 03.11.2015-ci il tarixindən Biznesin İnkişafı şöbəsinə Satış mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. İşdə olan İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X12 ünvanlanmış 04.02.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı tutduğu vəzifədən öz xahişi ilə azad edilməsi barədə müraciət etmiş və ərizə həmin tarixdə də təhvil alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X12 ünvanlanmış 10.02.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı 04.02.2021-ci il tarixdə tutduğu vəzifədən öz xahişi ilə azad edilməsi barədə vermiş olduğu ərizənin etibarsız hesab edilməsini, işdən çıxma barədə ərizəsini geri götürdüyünü qeyd etmiş və ərizə həmin tarixdə də Fərid Əsədov adlı şəxs tərəfindən imza edilməklə təhvil alınmışdır. İşə əlavə olan “işdən azad olma haqqında” 15.02.2021-ci il tarixli AZT İR1/063 №-li əmrin surətindən görünür ki, Cəmiyyətin Məhsul Satışı Departamentinin rəisi İddiaçı əmək müqaviləsinə 15.02.2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi) əsasən xitam verilmişdir. İş materiallarında olan 03.11.2015-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, əmək müqaviləsinin bağlandığı tarix 03.11.2015-ci il, əmək müqaviləsinin növü müddətli, müddətli əmək müqaviləsinin qurtardığı tarix isə 03.05.2016-cı il, işçinin vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə - mütəxəssis, əmək müqaviləsi üzrə - satış nümayəndəsi olaraq qeyd edilmişdir. İşdə olan 12.06.2018-ci il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, əmək müqaviləsinin bağlandığı tarix 03.11.2015-ci il, əmək müqaviləsinin növü müddətli, müddətli əmək müqaviləsinin qurtardığı tarix isə 03.05.2018-ci il, işçinin vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə - mütəxəssis, əmək müqaviləsi üzrə - satış mütəxəssisi olaraq qeyd edilmişdir. İş materiallarında olan 11.01.2019-cu il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, əmək müqaviləsinin bağlandığı tarix 03.11.2015-ci il, əmək müqaviləsinin növü müddətli, müddətli əmək müqaviləsinin qurtardığı tarix isə 03.05.2019-cu il, işçinin vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə - mütəxəssis, əmək müqaviləsi üzrə - texnika satışı şöbəsinin sənaye avadanlıqlarının satışı bölməsinin rəisi olaraq qeyd edilmişdir. İşə əlavə olan 12.02.2021-ci il tarixli “Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sistemi”ndən iş yerinə dair arayışın surətindən görünür ki, əmək müqaviləsinin bağlandığı tarix 03.11.2015-ci il, əmək müqaviləsinin növü müddətsiz, işçinin vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə - departament rəisi olaraq qeyd edilmişdir. İş materialları ilə müəyyən edilir ki, məşğulluq təsnifatı üzrə departament rəisi vəzifəsi üzrə İddiaçı ilə müddətsiz müqavilə bağlanmışdır. "xxxx" MMC-nin baş direktorunun “işdən azad olma haqqında” 15 fevral 2021-ci il tarixli AZT İR-1/063 №-li əmri Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) istinadən verilmiş, İddiaçı 15 fevral 2021-ci il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. Həmin Məcəllənin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Həmin maddənin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə uyğun olaraq, iddiaçı işdən azad edilmə barədə birinci ərizəsində göstərdiyi müddət bitənədək, yəni 15.02.2021ci il tarixədək həmin ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermişdir ki, bu halda əmək müqaviləsi ləğv edilə bilməzdi. Çünki iddiaçı işdən azad edilən günə - 15.02.2021-ci il tarixədək işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir. Eləcə də, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin normalarına istinadən məhkəmə qeyd etməyi lazım bilir ki, işçi ərizənin verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malik olduğu halda, iddiaçı ərizəsini yazdıqdan sonra işinə davam etmiş və son haqqhesab tələb etməmişdir. Bu halların məcmusu məhkəməyə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən verilmiş ikinci ərizə nəzərə alınmamış, nəzərə alınmamağın səbəbi olaraq ikinci ərizənin verildiyi tarixə kimi birinci ərizəyə münasibət bildirilməsi əsas arqument kimi gətirilsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəf bunu sübuta yetirə bilməmişdir. Deməli, cavabdehin “işdən azad olma haqqında” 15 fevral 2021-ci il tarixli AZT İR-1/063 №-li əmri qanunsuz sayılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu normanı rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Lakin yuxarıda təsvir olunanlara və aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən “5000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. Çünki iddiaçı “5000 manat məbləğində mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, iddiaçının iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsaslılığı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 30 aprel 2021-ci il tarixli e-2(012)- 2221/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2290/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2290/2021
09.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver