Məhkəmə qərarları › İş №2(105)-2297/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2297/2020

23.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2297/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı evdən çıxarılma və evin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1284/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (uşaqları-X13, X14, X15 ilə və özlərinə məxsus əşyaları ilə birlikdə) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və həmin evin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (uşaqları-X13, X14, X15 ilə və cavabdehlərə məxsus əşyaları ilə birlikdə) mülkiyyətində olan ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə X21 arasında notariat kontorunda xx xxxxxxxx 2015- ci il tarixli, ******* AN-İ nömrəli alqı-satqı müqaviləsi bağlanaraq Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 81B ünvanında 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1 iddiaçının mülkiyyətinə verilmişdir. xx xxxxxxx 2015-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X22 tərəfindən satılaraq tərəfindən alınmışdır. Bundan sonra Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmasına dair xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Hal-hazırda fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da hazırki iş üzrə cavabdehlər həmin evdə yaşayırlar və könüllü şəkildə iddiaçıya məxsus evdən çıxmırlar. Cavabdehlərin həmin evdə yaması iddiaçının mülkiyyət hüquqlarını pozur, onun yaşayış evinə dair sərbəst sərəncam vermə, istifadə və sahiblik etmə imkanlarını məhdudlaşdırır. Dəfələrlə cavabdehlərdən iddiaçıya məxsus evdən çıxmalarını tələb etsə də, cavabdehlər evi tərk etməkdən yayınırlar, evdən çıxmırlar və bu səbəbdən məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Tağıyev X12 şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPMnin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının cavabdehlərin ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamaları ilə məhdudlaşdırılması, iddiaçının mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehlərin maneçilik törətməsi, iddiaçının davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni Cavabdeh1 apellyasiya qaydasında mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya şikayətində xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X3 xx.xx.2020-cu il tarixli “ailə tərkibi haqqında” arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (uşaqları-X13, X14, X15 İddiaçı məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 20, ev 81B-də məskunlaşmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Flüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, N-0751473 saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri sektorunun xx.xx.2020ci il tarixli məktubundan görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh1, X8, Cavabdeh3, X13, X14, X2 rayon İcra Hakimiyyətinin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsinin təqdim etdiyi 3647 nömrəli qeydiyyat kartına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektorunda 1993-cü ildən qeydiyyata alınmışdır və ilkin olaraq ailələri ilə birgə Sumqayıt şəhəri, 4-cü mikrorayon Kapital bankın arxasında müvəqqəti məskunlaşmışdır. Sonradan kommunal xidmətlər siyahısında ünvanları Katec qəsəbəsi, 20-ci məhəllə, ev 81 b kimi qeydə alınmışdır. Hal-hazırda həmin ünvanda yaşaması barədə Komitənin Sumqayıt şəhər sektorunda heç bir məlumat yoxdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.1. maddəsi). Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (AİHM-nin Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, xx xxxxxx 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyət hüququndan istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlak üzərində mülkiyyət hüququna malikdir. Cavabdehlər mübahisəli mənzildə məskunlaşsalar da, mənzilin mülkiyyətçisi olan şəxsin razılığı olmadan həmin mənzildən hazırda istifadə edirlər ki, bu da mülkiyyət hüququna müdaxilə təşkil edir. Cavabdehlərin iddiaçının mülkiyyət hüququnun yarandığı vaxtdan əvvəl məskunlaşması iddiaçının mülkiyyət hüququna müdaxilə üçün əsas ola bilməz. Belə ki, iddiaçının əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, mülkiyyət hüququ mübahisələndirilərək ləğv edilmədiyindən və mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, onun mülkiyyət hüququnun müdafiəsi hüququ tələbi əsaslı hesab edilməli və təmin olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin etməklə mənzilin cavabdehlərin qeyriqanuni sahibliyindən geri alınması, mənzilin boşaldılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyindən, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar