Məhkəmə qərarları › İş №2(105)-23/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-23/2023

18.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-23/2023 18.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, maneələrin aradan qaldırılması və sərhədlərin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri alınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-370/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cu il tarixli, 10210 nömrəli rəyində qeyd olunmuşdur ki, JN 0783, 30317018 kodlu və JN 0805, 30317018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları ilə Cavabdeh mülkiyyətinə verilmiş 8,15 ha və 1,06 ha torpaq sahələrinin naturada qismən öz yerində müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlet reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 2,0 ha torpaq sahəsinin naturada öz yerində olduğu müəyyən edilir. Cavabdeh məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin konfiqurasiyasında dəyişiklik olduğu müəyyən edilir. Cavabdeh məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin İddiaçı məxsus olan 2,0 ha torpaq sahəsi ilə 128 kv.metr sahədə üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin İddiaçı tərəfindən tutulmadığı müəyyən edilir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1727/2022 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-337/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-150/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş KOD-30317018, JN-0787 Dövlət Aktının, onun əsasında İddiaçı adına verilmiş xx.xx.2012ci il tarixli çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün, Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Daha sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-337/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6294 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki inventarlaşdırıcısı A.Paşayevin mütəxəssis rəyində qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyində qeyd olunur ki, JN 0783, 30317018 kodlu və JN 0805, 30317018 kodlu və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları ilə Cavabdeh mülkiyyətinə verilmiş 8,15 ha və 1,06 ha torpaq sahələrinin naturada koordinatları JN 0783, 30317018 kodlu olan 8,15 ha Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı müəyyən edildi, lakin JN 0805, 30317018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı torpaqların elektron kadastr uçotu iformasiya sistemində öz əksini tapmamışdır və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı cavabdeh tərəfindən də təqdim edilməmişdir. Mütəxəssis rəyində qeyd olunur ki, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X3 məxsus Quba rayonu Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsi ümumilikdə Cavabdeh tərəfindən mişar daş ilə hasarla istifadəsindədir. Mütəxəssis rəyində qeyd olunur ki, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı oğluna məxsus Quba rayonu Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsi ilə JN 30317018 kodlu və JN 0805, 30317018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları ilə Cavabdeh Mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələri üst-üstə düşmür. Mütəxəssis rəyində qeyd olunur ki, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsi Cavabdeh tərəfindən mişar daş ilə hasara alınaraq istifadə olunur. Rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək ona verilməsi, mülkiyyət hüquqularını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehə məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində Quba rayonu, Qəçrəş kəndi ərazisində 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bununla əlaqədar torpaq sahəsinin plan və ölçüsü müəyyən edilmişdir. Torpaq sahəsi mütəxəssislər tərəfindən ayrılaraq ona verilmişdir. Cavabdehlə aralarında əvvəllər də qeyd olunan torpaq sahəsi ilə əlaqədar məhkəmə çəkişməsi olmuş və yekunda məhkəmə onun xeyrinə qətnamə çıxarmışdır. Hazırda cavabdeh torpaq sahəsindən istifadə etməsinə müxtəlif yollarla maneə yaradır. Hazırda torpaq sahəsi cavabdehin qeyri-qanuni sahibliyindədir.

7. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-370/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya verilməsi, mülkiyyət hüquqularını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-370/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2006-cı ildə müxtəlif şəxslərdən alqı-satqı vasitəsi ilə hissə-hissə olmaqla torpaq sahələri əldə etmişdir. Dövlət Aktlarında göstərildiyi kimi adıçəkilən ərazidə bitişik olmaqla 9.21 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahələrinin alqı-satqı aparıldıqdan sonra, həmin dövrdə ərazi onun tərəfindən hasarlanmış, yüngül konstruksiyalı tikililər inşa edilmişdir. Adıçəkilən torpaq sahəsi meyvə bağıdır və məqsədinə uyğun istifadə edilir. Bir müddət öncə torpaq sahəsinin bir hissəsinin zəbt edilməsinə cəhd edilmişdir. Məsələni araşdırdığı zaman ona məlum olmuşdur ki, İddiaçı mübahisəli torpaq sahəsinə Dövlət Reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü vardır. Həmin çıxarış əsasən guya hazırki iş üzrə iddiaçıya ərazidə 2.0 ha torpaq sahəsi məxsusdur. DƏDRX-nin Xaçmaz Ərazi İdarəsindən çıxarışın verilməsi əsas olmuş Dövlət Aktının surətindən görünür ki, iddiaçıya 1.5 ha torpaq sahəsi məxsus olmuşdur. Lakin həmin akt əsasında verilmiş çıxarışda heç bir səbəb olmadan torpaq sahəsinin ölçüsü 0.5 ha artırılmışdır. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini də xahiş etmişdir. Lakin məhkəmə ekspertiza keçirməmiş və yalnız 2016-cı ildə digər məhkəmə zamanı alınmış rəylə kifayətlənmişdir. Hesab edir ki, məhkəmə araşdırması prosessual normaların pozulması ilə aparılmış, saxtalaşdırılmış sənədlər mötəbər sübut kimi qəbul edilmiş, başqa iddia tələbi üzrə iş olmasına baxmayaraq hazırki mübahisə üzrə icraat dayandırılmamış, ədalətsiz qətnamə çıxarılmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib şikayətin təmin olunmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

16. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

20. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

21. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-370/2020 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

33. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

36. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

37. Mülki işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6294 nömrəli ekspert rəyində göstərilmişdir ki, Əliyev Elmar oğluna məxsus Quba rayonu Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsi ümumilikdə Cavabdeh tərəfindən mişar daş ilə hasarla istifadəsindədir. Mütəxəssis rəyində qeyd olunur ki, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsi ilə JN 30317018 kodlu və JN 0805, 30317018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları ilə Cavabdeh Mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələri üst-üstə düşmür.

38. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, cavabdehin apellyasiya şikayətinin dəlilində ekspertiza təyin edilməməsinə dair dəlili nəzərə alınmaqla məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. Beləliklə, mülki işdə olan mütəxəssis və ekspert rəylərindən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus Quba rayonu Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsini qeyri-qanuni istifadə edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində baş verən qanunsuz müdaxilələrin aradan qaldırılmasına və torpağını cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq geri qaytarılımasına dair tələblərini irəli sürmək hüququna malikdir.

40. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçıya məxsus 2 ha torpağın cavabdehin qanunsuz sahibliyində olması ekspert rəyi ilə öz təsdiqini tapdığından, apellyant tərəfindən heç bir sübuta əsaslanmadan irəli sürülən arqumentlər mülkiyyətçinin hazırkı iddiası baxımından əhəmiyyətli deyildir; Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış prinsipə əsasən isə, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

42. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza xərcinin dəyəri 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir.

43. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-370/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ **********0000003944 SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar