Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-230/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(012)-2519/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 01 fevral 1996-ci il tarixində qeyri-rəsmi nikaha daxil olmaqla evlənmişdir. Evləndikdən sonra cavabdehin atasına məxsus olan Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Şərif kəndində yerləşən evdə yaşamağa başlamışlar. 1997-ci il tarixdə atası X1 şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 0.6 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 0.3 ha qardaşının adına, 0.3 ha torpaq sahəsini isə onun adına almışdır. Rəsmiyyətdə isə torpaq sahəsinin sənədi olmamışdır. Daha sonra atası həmin torpaq sahəsində onlar üçün bir otaqlı ev tikdirmişdir. 1998-ci il tarixdə o, həyat yoldaşıyla birlikdə atasının onun üçün Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında tikdirdiyi fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. Birgə yaşadıqları dövrdə əlavə otaqlar tikdirərək evə birləşdirmişlər. Onların birgə nikahdan övladları olmamışdır, daha sonra süni mayalanma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Lakin bunun üçün onların nikahlarının olması şərtdir. Bu səbəbdən də 2007-ci il tarixdə cavabdehlə nikahlarını rəsmiləşdirmişlər. Lakin süni mayalanmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu andan etibarən ailədə tez-tez ciddi problemlər yaranmağa başlamışdır. Sonuncu dəfə 2020-ci il tarixdə süni mayalandırma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Lakin təkrar süni mayalandırmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu da ailədə daha da ciddi problemlərin yaranmasına səbəb olmağa başlamış və cavabdeh onu evdən qovmuşdur. Odur ki, o, Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçrülməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. Həmin qətnamə maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Cavabdehlə iddiaçı arasında 1996-cı ildən faktiki nikah münasibətləri olmamış, rəsmi nikaha daxil oldugu vaxtdan, yəni 2007-ci ildən ailə münasibətlərində olmuşlar. Məhkəməyə təqdim edilmiş etirazdan da göründüyü kimi, cavabdeh 1992-1996-cı illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurub Bakı şəhərində qalmaq istədiyini bilən cavabdehin anası X3 Bakıda yaşayan yaxın qohumları vasitəsilə kənddə ona məxsus olan mal heyvanlarını sataraq Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 14, Niyazi küçəsi ev 35 ünvanında yerləşən 0.3 torpaq sahəsi almış, onu hasarlamışdır. Hərbi xidmətdən sonra cavabdeh Bakı şəhərində qalaraq Karmen un fabrikində işə düzəlmiş, anasının kənddə böyük təsərrüfatı olmuş, və onun maddi köməkliyi ilə 3 otaqlı ev tikmişlər. İddiaçının qardaşlarının evi isə onun göstərdiyi kimi, onun torpaq sahəsinin yanında deyil, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, ev 125 ünvanında tikilmişdir. Cavabdeh ev tikdirdiyi müddətdə iddiaçının qardaşının həyətində kirayəçi yaşayıb və iddiaçını da oradan tanıyıb. Qız uşagı olmadığı üçün onunla ara-sıra kirayə tutduğu evlərdə görüşürmüş. O zamanlar iddiaçı ilə evlənmək fikri belə olmayıb. Evi 1997-ci ildə tikib qurtarmış, evə köçəndən sonra iddiaçı ara-sıra onun evinə gəlmiş, orada da görüşmüşlər. Evlənmək qərarına yalnız 2007-ci ildə gəlmiş, o vaxta qədər iddiaçı cavabdehlə faktiki ailə münasibətində olmayıb, onunla yaşamayıb, birgə təsərrüfat aparmayıb və onunla evin tikintisində iştirak etməyib. 2007-ci ildə ailələrinin razılığı ilə iddiaçı ilə evlənmiş və onu evə apararaq bir yerdə yaşamağa başlamışlar. Lakin süni mayalanma etmək məqsədilə nikaha daxil olmayıblar, bundan ötrü rəsmi nikah tələb olunmur, bu prosedurdan rəsmi nikahı olmayan şəxslər də istifadə edə bilərdi. Birgə nikahdan övladları olmayıb, onu 2007-2020-ci illərdə daim müayinə və müalicələrə aparmış, buna görə də banklardan kredit pul götürərək onun süni mayalanmasına və müalicəsinə xərcləmişdir. İddiaçını boşamasına səbəb isə uşağının olmaması deyil, onun ərinə müxtəlif kişilərlə xəyanət etməsi olub, buna sübut olaraq diski də məhkəməyə təqdim etmişdir. Cavabdeh bu xəyanətləri bildikdən sonra onu evdən qovmuşdur. Göründüyü kimi, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi sənədi yoxdur. İddiaçının nikahda olarkən müxtəlif kişilərlə cavabdehə xəyanət etdiyini bildikdən sonra onu 2020-ci ildə boşamışdır. Cavabdehin iddiaya qarşı irəli sürdüyü dəlillərlə bağlı istinad etdiyi hallara dair heç bir sübutlara qiymət verilməmişdir. Belə bir sübutlar tədqiq edilmədən birinci instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsi nəticəsində MPM-nin 77-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, cavabdeh yazılı etiraz və iddiaçının ona müxtəlif kişilərlə xəyanət etdiyini əks etdirən disk təqdim etsə də, məhkəmə sanki bunların heç biri olmayıbmış kimi, qətnamədə cavabdehin həmin halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini göstərmişdir. Məhkəmə də qətnamədə bu arayışa və qonşuların aktına istinad etsə də, həmin aktın nə əsli, nə də surəti iş materiallarına əlavə edilməmiş və həmin qonşuların şəxsiyyətləri, kimliyi məlum deyil, bu da belə bir aktın ümumiyyətlə olmamasına dəlalət edir, aktın olmaması da həmin arayışın mötəbərliyini şübhə altına alır. Bundan başqa, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etməli oldugu halda, elə bir akt və aktı imzaları ilə təsdiqləyən qonşular olduğu halda onların məhkəməyə şahid qismində gəlib izahat verməmələri də bir daha həmin aktın və qonşuların olmadığı anlamına gəlir. Məhkəmədə verdiyi izahatında göstərilən dəlilləri araşdırmadan bu halın sübuta yetirilmədiyi, bunu təsdiq edən dəlilləri məhkəməyə təqdim etmədiyi haqqında qanunsuz nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin faktiki nikah münasibətləri olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində tikilməsi, tərəflər həmin mübahisə predmeti olan fərdi yaşayış birgə yaşaması və iddiaçı yaşayış yerinə malik olmağı arzulaması, bu halın iddiaçının izahatı ilə yanaşı iş materiallarında olan fotoşəkillərə də öz təsdiqini tapması və həmin halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi, hal-hazırda cavabdehin iddiaçını mübahisəli fərdi yaşayış evinə buraxmamasını məhkəmə cavabdehin hüquqdan sui-istifad etməsi kimi qiymətləndirməsi və bu halın iddiaçının haqlı mənafeyinin pozulması ilə nəticəlməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 164.1, 164.2, 560.3.4-cü maddələrinə istinad etmiş, bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmək əvəzinə, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Tərəflərin 2007-ci ildən rəsmi nikaha daxil olmaları, Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi ev 35 ünvanına köçüb yaşamaları, bu nikahlarından övladlarının olmaması və nikahlarının məhkəmə qətnaməsinə əsasən pozulması işin mübahisəsiz halıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi). "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2009-ci ilin oktyabrın 1-dən sonra yarandığından, hazırki mübahisə Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Baxılan iş üzrə iddia tələbi mənzilə köçürülmə barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (Mənzil Məcəlləsinin 53-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (Mülki Məcəllənin 180.1. və 180.2. maddələri). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bu qadağan edən müddəalar göstərilməmişdir. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədən bir iqtisadi dəyər yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli 4723 saylı arayışa əsasən qonşuların aktına əsasən Cavabdeh 1996-cı ildən 2006-cı ilədək anası X3 ilə yaşamış 2007-ci ildə qurub həmin ünvanda İddiaçı 2020-ci il tarixədək yaşamışdır. Göründüyü kimi iddiaçının köçürülməsini arzuladığı fərdi yaşayış evi özbaşına tikili olsa da, o həmin mənzildə 2007-ci ildən cavabdehlə ailə quraraq yaşamağa başlamış və həmin evi özü üçün yaşayış yeri hesab etmişdir. Lakin cavabdeh onu evdən qovmaqla faktiki olaraq mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-230/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-230/2024
13.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver