Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2300/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi X8, Cavabdeh Zülfi qızının və onun vəkili X7 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2353/2020 saylı qətnaməsindən cavabdeh K.Z. Nəbiyevanın (Vəliyevanın) verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2353/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh Zülfi qızına qarşı kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh Zülfi qızına 8000 (səkkiz min) manat məbləğində kompensasiya vermək yolu ilə onun ünvan 1 ünvanına olan istifadə hüququna xitam verilməsi, iş üzrə ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun Cavabdeh Zülfi qızından alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh K.Z. Nəbiyeva (Vəliyeva) apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2353/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi onun mülkiyyətindədir. X9 həmin mənzili bağışlama yolu ilə xx.xx.2010-cu il tarixdə onun mülkiyyətinə vermişdir. Lakin həmin mənzildə faktiki olaraq yaşamayan, qardaşı Rafiq Vəliyevin keçmiş həyat yoldaşı Könül Nəbiyeva və 2007-ci il təvəllüdlü X1 hansısa yolla həmin mənzilə pasport qeydiyyatına düşmüşlər. X14 Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1833 saylı arayışdan görünür ki, Cavabdeh Zülfi qızı xx.xx.2005-ci il tarixdən ona məxsus evdə pasport qeydiyyatındadır. Lakin, bu həqiqəti əks etdirmir, belə ki, həmin ev atası tərəfindən ona bağışlanan zaman həmin evdə yalnız, atası və o özü qeydiyyatda olmuşlar və buna görə də, Könül Vəliyevadan evin bağışlanması ilə bağlı hər hansı razılıq ərizəsi alınmamışdır. Hazırda o, hesab edir ki, Könül (Vəliyeva) Nəbiyevanın və oğlu İsmayıl Vəliyevin qardaşı Rafiq Vəliyevin keçmiş arvadı və oğlu kimi onun şəxsi mülkiyyətində olan evdə pasport qeydiyyatında qalması onun həmin mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Cavabdeh Nəbiyeva Könül Zülfi qızının ona məxsus mənzilə köçürülməsinə dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə qət edilmiş, faktiki cavabdehin həmin mənzilə istifadə hüququ tanınmış, həmin qərar qanuni qüvvəyə minmişdir. Belə olan halda, cavabdehin hazırda ona məxsus olan mənzildən istifadə hüququ yaranmışdır ki, bu da onun həmin mülkiyyət üzərində hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Qeyd olunan hüquq normalarına əsasən mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququ dövlət tərəfindən qorunan hüquqdur və ona müdaxilə qanuni olmalıdır. Ona görə də 6000 (altı min) manat kompensasiya ödənilməklə cavabdeh Nəbiyeva Könül Zülfi qızının ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 iddia həcminin artırılmasına dair ərizə verərək, 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə cavabdeh Nəbiyeva Könül Zülfi qızının ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü madsəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinin və Azərbaycan Respublikası MPM-nin 9, 14.1, 88, 217.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili V.Ə.Əliyev apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi E.N.Bədəlov apelyasiya şikayətinə etiraz edib, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh K.Z.Nəbiyevanın (Vəliyevanın) verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X14 Hakimiyyəti Mənzil Kommunal X2 10 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2019-cu il tarixli, “ailə tərkibi haqqında” arayışından müəyyən edilir ki, ünvan 2-in sahibi İddiaçıdır və Vəliyeva Könül Zülfi qızı həmin mənzildə qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, N-0084321 saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(060)-2759/2011 saylı qətnaməsi ilə iddiaçı Vəliyeva Könül Zülfi qızının cavabdehlər İddiaçı, X6 və X4 qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Vəliyeva Könül Zülfi qızının apelyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(060)-2759/2011 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddiaçı Vəliyeva Könül Zülfi qızının cavabdehlər İddiaçı, X6 və X4 qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilərək, iddiaçı Vəliyeva Könül Zülfi qızı azyaşlı oğlu X5 ilə birlikdə cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 35 “A” nömrəli binanın 1-ci mənzilinə köçürülməsi qət edilmişdir. Evlərin Alqı-Satqısı və kirayə verilməsi mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 1 otaqlı mənzilin kirayə haqqı hazırki bazar qiymətləri ilə 150-160, 2 otaqlı mənzillərin kirayəsi 170-200, 3 otaqlı mənzillərin kirayəsi 200-250 manat təşkil edir. X14 Hakimiyyəti Mənzil Kommunal X2 10 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, Vəliyeva X3 şəhəri, 12-ci mikrorayon, ev 35A, mənzil 1-də yaşayır. İddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və qardaşının keçmiş yoldaşı olan cavabdehin isə həmin mənzilə istifadə hüququ vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı cavabdehə 8.000 (səkkiz min) manat məbləğində kompensasiya verməklə mübahisəli mənzilə yaşayış (istifadə) hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh Zülfi qızına 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilmək yolu ilə onun ünvan 2-ə olan istifadə hüququna xitam verilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh K.Z.Nəbiyeva iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Onun apelyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh K.Z.Nəbiyeva apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin cavabdeh K.Z. Nəbiyevaya (Vəliyevaya) münasibətdə dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh K.Z.Nəbiyevanın (Vəliyevanın) verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2353/2020 saylı qətnaməsi cavabdeh K.Z.Nəbiyevaya (Vəliyevaya) münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2300/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2300/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver