Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2301/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Ərizəçi, maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-1766/2021 saylı qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-1766/2021 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) Ərizəçi hüquqi faktın müəyyən edilməsi ərizəsi təmin edilib, Ərizəçi 07 yanvar 1977-ci il tarixdən 21 fevral 1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə işləməsi faktı müəyyən edilmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-1766/2021 saylı qətnaməsinin ləğv və ərizənin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 yanvar 1977-ci il tarixdən 21.02.1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə kimi fəaliyyət göstərmişdir. 21.02.1980-ci il tarixdə Ağdam rayon inistrumental zavodunda işə qəbul olunaraq orada müxtəlif vəzifələrdə işləmişdir. Ağdam rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə köçkün düşərək Abşeron rayonunda məskunlaşmışdır. Ağdam şəhərinin işğalı ilə əlaqədar işlədiyi zavod fəaliyyətini dayandırdığı ücün 27.02.1997-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 02.03.1998-ci il tarixdə 206 saylı körpələr evi-uşaq baxçasında işə qəbul olunmuşdur. Səhhəti-əlilliyilə əlaqədar olaraq 19.03.2007-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. 2-ci qrup əlildir və əlilliyə görə pensiya alır. Hazırda əliliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyasına keçmək istəyir. Bu barədə müvafiq orqana müraciət etsə də, 01.01.2006-cı ildən sonra pensiyasının hesablanmadığı müəyyən edilmişdir. Ümumilikdə iş stajı 30 ilə yaxındır. Belə ki, 07 yanvar 1977-ci il tarixdən 21.02.1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə kimi fəaliyyət göstərməyinə dair əmək kitabçasında qeyd aparılmadığından həmin faktın məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də, 07 yanvar 1977-ci il tarixdən 21 fevral 1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 29 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.2.20-ci bəndləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi N.T.Qasımzadə apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apelyasiya şikayətinin dəlillərinə etiraz edib, ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 307.1, 308-ci maddələrinə və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 23-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, Ərizəçi 07 yanvar 1977ci il tarixdən 21 fevral 1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə işləməsi faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansya məhkəməsi ərizəni təmin edərkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və işin həqiqi hallarına obyektiv hüquqi qiymət verməyərək, düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olur ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuşdur. 02.05.2012-cı il tarixli, 263681 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüşdür. 14.08.2014-cü il tarixli, 055748 saylı əlilliyə dair vəsiqənin surətindən görünür ki, Ərizəçi ikinci qrup əlildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının 05 saylı, 19 yanvar 2020-ci il tarixli arxiv arayışından görünür ki, Ağdam rayon Dövlət Arxivində saxlanılan Ağdam rayon 7 №-li sovxozun Əmr kitablarına əsasən X5 07 yanvar 1977-ci il tarixli 5 №-li əmrinə əsasən sovxoza fəhlə qəbul olunmuşdur. 06 aprel 1979-cu il tarixli 70 №-li əmrinə əsasən X3 məzuniyyət müddəti bitdiyi ücün sovxoza işə qayıtmışdır. 01 yanvar 1980-ci il tarixli 03 №-li əmrinə əsasən X5 məzuniyyət müddəti bitdiyi üçün sovxoza işə qayıtmışdır. 11 fevral 2021-ci il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan müəyyən edilir ki, X6 və X1 nikahı haqqında 01 mart 1989-cu il tarixdə Ağdam rayon Qeydiyyat şöbəsində 06 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Abduləzimova” soyadı verilmişdir. 2219760 №-li əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən edilir ki, Ərizəçi 206 saylı körpələr evi-uşaq baxçasından öz ərizəsilə 19.03.2007-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxs 1 saylı regional Ərazi Filialının 29.12.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Ərizəçi təqdim etdiyi sənədlərə əsasən 01.01.2006-cı il tarixə 24 il 10 ay 5 gün sosial sığorta stajı toplanılmış və 01.01.2006-cı il tarixdən sonra pensiya kapitalı toplanılmamışdır. Tələb olunan 25 il sosial sığorta stajı və ya 28800 manat pensiya kapitalı toplanmadığından onun əlilliyə görə əmək pensiya növünün yaşa görə əmək pensiyasına keçirilməsi qanuna ziddir. Hazırkı işə xüsusi icraat qaydasında baxılmışdır. Hazırda maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hüququn tətbiq edilməsində səhvə yol verildiyini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi hüquqi faktın müəyyən edilməsi ərizəsi təmin edilib, Ərizəçi 07 yanvar 1977-ci il tarixdən 21 fevral 1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi tələbi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması məhkəmə prosesində açıq-aşkar göründüyü halda, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq işə xüsusi icraat qaydasında baxmış və ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi norma iki imperativ hissədən ibarətdir: a) şahidlər ən azı 2 nəfər olması; b) ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmasıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. Həmin qərarın 13.2-ci maddəsində qeyd olunmuşdur ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10 və 306.4-cü maddələrinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla (iddia icraatı qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.4, 402 və 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-1766/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi 07 yanvar 1977-ci il tarixdən 21 fevral 1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Maraqlı şəxslərə ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2301/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2301/2021
23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver