Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2302/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-844/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-844/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilib, Cavabdeh valideynləri ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılması və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-844/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini 21 yanvar 2019-cu il il tarixdə Abşeron rayonu, 2 №-li DNK-da AN-İ ******* № li alğı-satqı müqaviləsi əsasında Cavabdeh dəyərini ödəməklə almışdır. Həmin mənzil üzərində ona 02.10.2020-ci il tarixli tam mülkiyyət hüququnu təsdiq edən **********11-10301 saylı çıxarış verilməklə, həmin fərdi yaşayış sahəsinə onun sahiblik, istifadə və sərəncam vermək hüququ tanınmışdır. O, cavabdehlə həmin yaşayış sahəsini alğı-satqı edərkən cavabdeh valideynləri ilə birlikdə həmin yaşayış evində yaşayırdı. Cavabdehlə aralarında razılaşmışlar ki, evi alğısatqı etdikdən iki ay sonra cavabdeh və valideynləri yaşayış evini boşaldaraq ona təhvil verəcəklər. O, 21.01.2019-cu il tarixli, AN-İ ******* №li alğı-satqı müqaviləsinin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirilsə də, mülkiyyətində olan fərdi yaşayış sahəsi bu günədək cavabdehin sahibliyində qalmaqdadır və o, həmin yaşayış evində valideynləri ilə birlikdə yaşamaqda davam edir, onun mülkiyyət hüququnu kobud şəkildə pozur. Ona görə də, Cavabdeh valideynləri ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılmaqla, həmin yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 30 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı 25.000 manata faizə pul almışdır. Bunun müqabilində ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini girov qoymuşdur. Onunla İddiaçı arasında bağlanmış 21.01.2019-cu il tarixli, AN-İ ******* №li alğı-satqı müqaviləsi formal olaraq bağlanmış, guya idiaçı 25.000 manat pul ödəməklə sözügedən yaşayış evini almışdır. İddiaçıdan aldığı 25.000 manat pula görə bir neçə ay faiz ödəmiş, pulun 16.000 manat hissəsini qaytarmış və 9000 manat borcu qalmışdır. Ödənilmədən qalmış 9.000 manat pulun da faizini bir neçə ay ödəmiş, yenidən ondan 2700 manat pulu faizə almışdır. İddiaçı ümumilikdə 11.700 manat bocu qalmışdır. Qeyd ediulən halları təsdiq edən şahidləri olsa da, məhkəmə onların dindirilməsini təmin etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış 21 yanvar 2019-cu il tarixli, AN-İ ******* № li daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini alıcı İddiaçı satmış, İddiaçı isə həmin evin müqabilində Cavabdeh 25000 manat ödəmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 02.10.2020-ci il tarixdə qeydiyyata alınmışdır. “Asan 3” tərəfindən verilmiş 06.10.2020-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini İddiaçı satmış, İddiaçı isə həmin evin müqabilində Cavabdeh 25000 manat ödəmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 02.10.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət hüququnun təmin edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət edib, orada yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılması və həmin yaşayış sahəsinin ona təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh valideynləri ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılması və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi nəticəsinə gəlmişdir. Cavabdeh İddiaçı 25.000 manata faizə pul alması, bunun müqabilində ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoyaraq aralarında bağlanmış 21.01.2019-cu il tarixli, AN-İ ******* №-li alğı-satqı müqaviləsinin formal olaraq bağlanmasına istinad etsə də, qeyd olunan alğı-satqı müqaviləsi mübahisə predmeti olmamış, həmin müqavilənin ləğv və ya etibarsız hesab ediməsinə dair məhkəmədə iddia qaldırmamış və hazırda həmin müqavilə qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-844/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2302/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2302/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver