Məhkəmə qərarları › İş №2(105)-2304/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2304/2021

19.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2304/2021 19.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-508/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-508/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı müvəqqəti istifadə üçün verilmiş otaqdan çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan yaşayış evindən Cavabdeh müvəqqəti yaşayış üçün verilmiş otaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində özünə məxsus olan 2 otaqlı həyət evini sataraq ailəsi üçün ev tikmək üçün Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 0,03 ha torpaq sahəsi almışdır. Maştağa qəsəbəsində yerləşən evi satdıqdan sonra Cavabdeh bir müddət kirayədə yaşamış və kirayə pulunu ödəməkdə çətinlik çəkdiyindən ailəsi ilə birlikdə müvəqqəti onun yanında qalmağına icazə verməyini və evi tikib qurtardıqdan sonra köçüb gedəcəklərini bildirmişdir. O da bir ata kimi qayğı, kömək göstərmək məqsədi ilə Cavabdehla razılaşmış və onlara müvəqqəti yaşamaq üçün öz həyətində bir otaq ayırmışdır. Lakin Cavabdeh onun mərhəmətindən sui istifadə edərək müvəqqəti sığınmaq üçün verilmiş otaqda yaşamaqda davam edir və çıxıb getmək fikrində deyildir. O isə iki otaqlı evdə həyat yoldaşı, kiçik oğlu və onun ailəsi ilə birlikdə yaşayır. Cavabdeh aldığı torpaqda tikintini aparmır, Maştağa qəsəbəsində yerləşən evini, özünə məxsus avtomobili sataraq həmin pulların hesabına yeyib içir və hər gün evə sərxoş vəziyyətdə gəlir, mübahisə yaradır. Bu da həyat yoldaşının, kiçik oğlunun ailəsinin, uşaqlarının psixikasına, tərbiyəsinə mənfi təsir göstərir. O, müəssisədə xəsarət almış, nevroloji xəstəliyi vardır, bədəninin bir hissəsi normal işləmir, həyat yoldaşı şəkər və yüksək təzyiq xəstəliyindən əziyyət çəkir. Qeyd edilən hərəkətləri ilə Cavabdeh birgə yaşayış qaydalarını pozur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və hazırki mülki işin icraatına xitam verilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddiaçının iddiadan imtinasının qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının iddiadan imtinasının qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işdə iştirak edən səxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-508/2021 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı 19.08.2021-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək iddiadan imtina etdiyini, başqa əsaslarla məhkəməyə müraciət edəcəyini bildirmiş və hazırki mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-508/2021 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365, 370, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-508/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı müvəqqəti istifadə üçün verilmiş otaqdan çıxarılma tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar