Məhkəmə qərarları › İş №2(105)-2305/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2305/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2305/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-259/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9065 (doqquz min altmış beş) manat məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manatın tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Cavabdeh ortaq tanışları olan Nazifə ilə onun evinə gələrək borca pul istəmişdir. Nazifəni yaxşı tanıdığı üçün onları evinə dəvət etmişdir. Evə gəlmədikləri üçün söhbətləri onun həyətində baş tutmuşdur. Nazifə Amilin onun qardaşı olduğunu, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Həmçinin Cavabdeh dükanı olduğunu, həmin dükana mal aldığını və malın pulunu Elxan adlı şəxsə qaytarmalı olduğunu bildirmişdir. O, Nazifəyə inandığı üçün Cavabdeh 1000 (bir min) manat pulu iki aya qaytarmaq şərtilə borca vermişdir. Lakin Cavabdeh 1000 (bir min) manatı ona söz verdiyi kimi iki aydan sonra qaytarmamışdır. Dəfələrlə verdiyi 1000 (bir min) manatı istəsə də cavabdeh ona vədlər verərək borcunu ödəməmişdir. Bundan sonra 2014-cü ilin 06 yanvar tarixində Cavabdeh onun evinə gələrək ona ferma tikmək istədiyini və 2000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt bacısı Nənəxanım Səfərova da onun evində olmuşdur. Cavabdeh köhnə borcunu istəyəndə ona borcları cəmləşdirib bir yerdə qaytaracağını demişdir. O, cavabdehə yenə də inanaraq həmin tarixdə ona istədiyi 2000 (iki min) mant pulu vermişdir. Cavabdeh müxtəlif bəhanələrlə ondan xx xxxxxx 2012-ci il tarixdə 1000 (bir min) manat, xx xxxxxx 2014-cü il tarixdə 2000 (iki min) manat, xx xxxxx 2014-cü il tarixə 700 (yeddi yüz) manat, xx xxxxx 2014-cü il tarixdə 500 (beş yüz) manat, xx xxxx 2014-cü il tarixdə 1000 (bir min) manat, xx xxxx 2014-cü il tarixdə 300 (üç yüz) manat, xx xxx 2014-cü il tarixdə 400 (dörd yüz) manat və xx xxxxxx 2014-cü il tarixdə 2500 (iki min) beş yüz manat olmaqla, cəmi 9000 (doqquz min) manat pul almışdır. O, şübhələndiyi üçün cavabdehin İmamqulukənd kəndində olan tkintisinə baxıb həqiqətən də tikintinin getdiyini gördükdən sonra Cavabdeh inanmışdır. Bundan sonra xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh yenidən onun evinə gəlib ona tikinti işlərini başa çatdırmaq üçün 2500 (iki min beş yüz) manat pul lazım olduğunu və pulların hamısını bir yerdə qaytaracağını bildirmişdir. O, yenidən Cavabdeh inanmış, bu dəfə də pul verməsə köhnə borclarını qaytarmayacağından qorxduğu üçün cavabdehə həmin pulu vermək qərarına gəlmiş, lakin istədiyi məbləğ evində olmadığı üçün gedib bankdan öz adına kredit müqaviləsinə əsasən 2500 (iki min beş yüz) manat pul almış və həmin pulu bacısı Nənəxanım Səfərovanın yanında cavabdehə vermişdir. Üstü-üstə Cavabdeh 11500 (on bir min beş yüz) manat borc pul vermişdir. Bütün bunları o, çarəsiz qaldığı üçün etmiş, çünki cavabdeh tikinti işlərini tam qurtarmasa işə başlaya bilməyəcəyini və işə başlamasa pul qazanıb onun pulunu qaytara bilməyəcəyini bildirmişdir. Cavabdeh tikintini başa çatdırdıqdan sonra o, cavabdehdən borcunu istəmiş, lakin Cavabdeh hər dəfə ona söz verərək aldatmışdır. Artıq aralarında mübahisələr yarandıqdan sonra Cavabdeh öz maaş kartını ona vermiş və o, həmin kartdan 2435 (iki min dörd yüz otuz beş) manat pul almışdır. Lakin Cavabdeh həmin kartı 2018-c ilin iyun ayında bağlatdırdığı üçün o, öz qalan borcunu cavabdehdən bu günə qədər ala bilməmişdir. Cavabdeh ona olan borcu 9065 (doqquz min altmış beş) manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının cavabdehin ona borcu olduğunu təsdiq edən mötəbər, sübutları məhkəməyə təqdim etməməsi, bu halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı müxtəlif vaxtlarda cavabdehə borc üçün ümumilikdə 11500 (on bir beş yüz) manat pul verdiyini, cavabdehin ona əmək haqqı kartını verərək 2435 (iki min dörd yüz otuz beş) manat məbləğində pulu qaytardığını, lakin hal-hazıra qədər 9065 (doqquz yüz altmış beş) manat qalıq borcu ödəməməsini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 9065 (doqquz yüz altmış beş) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı həmin pulları cavabdehə verməsi barədə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar