Məhkəmə qərarları › İş №2(105)-2311/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2311/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2311/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, X4 İddiaçı X5 cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3na və Cavabdeh3 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11677 manat əsas borc, 8660,49 manat faiz borcu, 430 manat cərimə borcu ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Qobustan rayonu, Xilmilli kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə 0,15 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borcun həmin əmlakların hərracda satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinin qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3 və Cavabdeh3 145 manat ekspertiza xərci alınıb Məhkəmə- Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: X4 İddiaçı ASC Cavabdeh4, Cavabdeh1, X3 və Cavabdeh3 xx xxxxxx 2014-cü il tarixli 142/3 saylı kredit müqaviləsinə əsasən 11677 manat əsas borc, 8660,49 manat faiz borcu, 4383,48 manat cərimə borcu olmala, cəmi 24720,97 manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixli 142/3 kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh4 illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 15000 manat kredit verilmiş, borcun təminatı olaraq Qobustan rayonu, Xilmilli kəndində Cavabdeh1 məxsus olan fərdi yaşayış evi 0.15 ha torpaq sahəsi ilə birlikdə xx xxxxxx 2014-cü il tarixli SİP 142/3 saylı sonrakı ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. Həmçinin, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx xxxxxx 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. xx xxxx 2018-ci il tarixinədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 11677 manat əsas borc, 8660,48 manat faiz borcu, 4383,48 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 24720,97 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh4 ləğv prosesində olan İddiaçı 11677 manat əsas borc, 8660,49 manat faiz borcu, 4383,48 manat məbləğində cərimə borcu olmaqla cəmi 24720,97 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulması, tutmanın Qobustan rayonu, Xilmilli kəndində Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə 0.15 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında o və digər Cavabdeh1 banka olan borcumun düzgün hesablamadığını, əsas borcun, faiz və cərimələrin çox şişirdilmiş formada iddia edildiyini bildirərək həmin borcun düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət verilmişdir. Məhkəmə iş üzrə ekspertiza keçirilmişdir. Həmin qətnamədə göstərilən məbləğ düzgün hesablanmamışdır. Məhkəmə cəriməni azaltmışdır, lakin əsas və faiz borcunu qanunsuz olaraq ondan tutmuşdur. Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(026)-5/2020 saylı qətnaməsi ləğv edilməklə iddianın məbləğinin azaldılması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi N.L.Tağıyeva apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı xx xxxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və X1 İddiaçı ASCnin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli 142/3 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 15000 manat kredit verilmişdir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli 142/3 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Qobustan rayonu, Xilmilli kəndində Cavabdeh1 məxsus fərdi yaşayış evi 0.15 ha torpaq sahəsi ilə birlikdə bank qarşısında yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 40000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* seriyalı Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilir ki, Qobustan rayonu Xilmilli kəndində yerləşən Cavabdeh1 məxsus olan fərdi yaşayış evi 15 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC-nin xx xxxx 2018-ci il tarixli **********552 saylı Cavabdeh4 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu barədə məlumatda göstərilir ki, cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 11677 manat əsas borc, 8660,49 manat faiz borcu, 4383,48 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 24720,97 manat məbləğində borcu vardır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə borcun düzgün hesablanmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 14822 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı təqdim olunmuş sənədlərdən, xx xxxxxx 2014-cü il tarixli 142/3 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx xxxx 2018-ci tarixinə Cavabdeh4 İddiaçı ASC-yə olan əsas borc üzrə 9886,04 manat, faiz borcu üzrə 3744,45 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2018-ci il tarixli **********039 saylı bildirişdə göstərilir ki, İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını bank tərəfindən cərimə borcunun 4383,48 manat hesablanması tənasübsüz dərəcədə yüksək olmasını, cərimə borcu 430 manat müəyyən edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(026)-5/2020 saylı qətnaməsi Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar