Məhkəmə qərarları › İş №2(105)-2311/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2311/2022

01.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2311/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və faktiki sahibliyə qaytarılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-84/2021 saylı qərardadından Cavabdeh1 hüquqi varisləri X7, X4 və X5 tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin boşaldılması, dəymiş zərərə görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-84/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, hasar sahəsinin dağıdılması, suvarma çənlərinin yararsız hala salınması nəticəsində vurulmuş maddi zərərə görə ümumilikdə 15.270 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 300 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına (VÖEN **********, KOD: 201218, Hesab AZ53AİİB********************) ödənilməsi qət edilmişdir. Cavabdeh1 hüquqi varisləri X7, X4 və X5 apellyasiya şikayəti vermişlər, eyni zamanda apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsi barədə vəsatətlər verərək, Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)- 84/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-84/2021 saylı qərardadına əsasən, müddətin bərpasından imtina edilmiş, Abşeron rayOn Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-84/2021 saylı qətnaməsindən Cavabdeh1 hüquqi varisləri X7, X4 və X5 tərəfindən verilmiş apellyasiya şikayətləri geri qaytarılmışdır. Cavabdeh1 hüquqi varisləri X7, X4 və X1 Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-84/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixdə şikayət verərək qərardadın ləğv olunmasını, Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-84/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü hesab edilərək müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(012)-84/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 hüquqi varisi X2 şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi Cavabdeh1 çatdırılmamışdır. Mülki işin materiallarında olan xəbərnaməyə görə Cavabdeh1 göndərilmiş qətnamə “Əliyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin Cavabdeh1 və onların “Əliyeva” soyadlı ailə üzvü olmamışdır. Cavabdeh1 rəhmətə getdikdən sonra onun övladlarının qətnamədən xəbəri olmuş və məhkəmədən qətnaməni dərhal götürərək apellyasiya şikayəti vermişlər. Mülki iş üzrə Cavabdeh1 hüquqi varisləri o, X4, X8 tərəfindən Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-84/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə vermişlər. Lakin Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)84/2021 saylı qərardadı ilə “müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-84/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan xəbərnamədən göründüyü kimi sözügedən qətnamə Cavabdeh1 göndərilsə də qəbul edən şəxsin soyadı “Əliyeva”dır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi ünvan sahibini tapmadıqda onun ailə üzvlərindən birinə, onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına və s. verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını ünvan sahibinə münasibətini göstərməlidir (MPM-in 135.3-cü maddəsi). Lakin iş materiallarında olan xəbərnamədən görünür ki, xəbərnamədə təkcə qətnaməni qəbul edən şəxsin soyadı göstərilmiş, adı və atasının adı, ünvan sahibi Cavabdeh1 münasibəti qeyd edilməmişdir. Bildirir ki, onların “Əliyeva” soyadlı ailə üzvü olmamışdır. Bu hal məhkəməyə təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışla da təsdiq olunur. Məhkəmənin qətnaməsi nə cavabdehə nə də hüquqi varislər olaraq bizə çatmamışdır. MPM-in 135.2-ci, 135.3-cü,135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (MPM-in 135.2ci maddəsi). Göründüyü kimi məhkəmənin qətnaməsi Cavabdeh1 özünə şəxsən verilmədiyinə və onun ailə üzvlərinə verilmədiyinə görə MPM-in 135.2 və 135.3-cü maddələrinin tələblərinə uyğun gəlmir. Ona görə də rəsmi qaydada verilmiş hesab edilə bilməz. Lakin məhkəmə qərardadının 5-ci səhifəsinin 2ci abzasında qeyd edir ki, “mülki iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-84/2021 saylı qətnaməsi Cavabdeh1 ünvanı xx.xx.2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir.” Lakin qəbul edən şəxsin kim olması, onun xəbərnamədə hansı məlumatlarının göstərilməsi, həmin şəxsin Cavabdeh1 ilə münasibəti və digər halları məhkəmə araşdırmamış və bu hallara qiymət verməmişdir. Məhkəmə həmin hala da əsaslanaraq qətnamənin tərəfə çatdığı qənaətinə gəlmiş və yanlış qərar qəbul etmişdir. Məhkəmə öz qərardadında həmçinin qeyd etmişdir ki, “hüquqi varisləri mərhum atalarının xəstə olduğunu qeyd etsələr də həqiqətən də həmin müddətdə atalarının ağır xəstə olmasını təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər.” Bununla bağlı bildirir ki, Cavabdeh1 həmin dövrdə ağır xəstə olduğu barədə xəstə yatdığı xəstəxanadan arayış alınmasına şərait yaradılması üçün məhkəmə iclasının təxirə salınması barədə verilmiş şifahi vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Həmin sənədin tərəfdən məhkəmə iclasında məhkəməyə təqdim edilə bilməməsinin səbəbini məhkəmə iclasından bir gün əvvəl günün sonunda xəbər tutmağı ilə əlaqələndirmişdir. Qətnamə hüquqi varisi olduğu Cavabdeh1 çatmamışdır. Qətnaməni hüquqi varislər olaraq 26 iyun 2022-ci il tarixdə qəbul edərək qanunveriliyin tələblərinə və qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəni nəzərə almadan, müddətin bərpası barədə ərizə olmadığı halda müddətin bərpasından imtina edilməsi və verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Beləliklə də şəxsin konstitusion hüququ olan məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-84/2021 saylı qərardadının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-84/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməsini və apellyasiya şikayətinin mülki iş materialları ilə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 hüquqi varisləri X4 və X5 da qərardaddan eyni məzmunlu şikayət verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-84/2021 saylı qərardadının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-84/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməsini və apellyasiya şikayətinin mülki iş materialları ilə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-84/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarına əlavə olunmuş Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 24 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 220281 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1362 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarına əlavə olunmuş Sumqayıt “ASAN xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2022-ci il tarixdə 2V-498 reyestr nömrəsi ilə qeydə alınmış, V194/2022 nömrəli vərəsəlik işi üzrə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri X4, X7 və X5 miras əmlak olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.165 ha torpaq sahəsindən hər biri 1/3 hissədə irs almışlar. Mülki işin materiallarına əlavə olunmuş Sumqayıt “ASAN xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2022-ci il tarixdə 2V-499 reyestr nömrəsi ilə qeydə alınmış, V194/2022 nömrəli vərəsəlik işi üzrə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri X4, X7 və X1 rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsindən hər biri 1/3 hissədə irs almışlar. Mülki işin materiallarına əlavə olunmuş Sumqayıt “ASAN xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2022-ci il tarixdə 2V-500 reyestr nömrəsi ilə qeydə alınmış, V194/2022 nömrəli vərəsəlik işi üzrə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri X4, X7 və X1 rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1.71 ha torpaq sahəsindən hər biri 1/3 hissədə irs almışlar. Mülki işin materiallarına əlavə olunmuş Sumqayıt “ASAN xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2022-ci il tarixdə 2V-502 reyestr nömrəsi ilə qeydə alınmış, V194/2022 nömrəli vərəsəlik işi üzrə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri X4, X7 və X1 rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha torpaq sahəsindən hər biri 1/3 hissədə irs almışlar. Mülki işin materiallarına əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2218 saylı arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 ölən günədək Abşeron rayonu At Yalı yaşayış massivində həyat yoldaşı 1944-cü il təvəllüdlü X3 və 1968-ci il təvəllüdlü oğlu X4 ilə birlikdə yaşamışdır. Mülki işin materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)- 84/2021 saylı qətnaməsi Cavabdeh1 ünvanı üzrə xx.xx.2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-84/2021 saylı qətnaməsi isə artıq qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, cavabdeh məhkəmə aktının çıxarıldığı mart ayından etibarən vəfat etdiyi sentyabr ayınadək olan müddətdə məhkəmə aktından məlumatlı olduğu halda, eləcə də xx.xx.2021-ci il tarixdə məhkəmə aktını qəbul edərək məhkəmə qətnaməsindən şikayət vermək hüququ olduğu halda həmin hüququndan yararlanmamış, hüquqi varisləri isə mərhum atalarının xəstə olduğunu qeyd etsələr də, həqiqətən də həmin müddətdə atalarının ağır xəstə olmasını təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. Bununla da, məhkəmə apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsi barədə vəsatətlərin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi cavabdehə rəsmi qaydada göndərilmiş və xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmış, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər keçən müddət ərzində qətnamədən şikayət verməmişdir. Həmçinin cavabdeh olduğu mülki iş üzrə işin nəticəsi barədə məlumat almaq üçün məhkəməyə müraciət etməmişdir. Bundan başqa işdən görünür ki, Cavabdeh1 ilə eyni ünvanda 1944-cü il təvəllüdlü X3 və 1968-ci il təvəllüdlü oğlu X4 ilə birlikdə yaşamışdır. Belə olan halda qətnamənin Cavabdeh1 xəstə olduğundan müalicə müəssisəsində müalicə alması nəzərə alınarsa qətnamənin onunla bir evdə yaşayan ailə üzvləri tərəfindən, eləcə də hazırda şikayət vermiş X4 tərəfindən alınmaması ağlabatan deyildir. Bununla da müəyyən edilir ki, məhkəmənin mübahisələndirilən qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti cavadbeh Cavabdeh1 sağlığında ötürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin hüquqi varislərinin ərizədə göstərdiyi dəlillər onların qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Eyni zamanda şikayətlərdə qeyd edilən Cavabdeh1 qətnamənin qəbul edildiyi və göndərildiyi dövrlərdə xəstəxanada müalicə alması barədə dəlilə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hüquqi varisləri bu barədə hər hansı sübutu təqdim etməmişlər. Şikayət əlavə edilmiş 4779 nömrəli Çıxarılışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək stasionar müalicədə olmuşdur. Göründüyü kimi, cavabdehin hquqi varislərinin istinad etdiyi arayışdan görünür ki, cavabdeh işə baxılan, qətnamə qəbulü edilən müddətdə deyil, iddia ərizəsinin təqdim edildiyi xx.xx.2019-cu il tarixindən də əvvəl müalicədə olmuşdur. Bundan başqa məhkəmə kollegiyası şikayətdə göstərilən cavabdehə göndərilən məktubun “Əliyeva” soyadlı şəxs tərəfindən alınması, ailə üzvlərində belə soyadlı şəxsin olmaması barədə dəlilə qiymət verərək qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, işə məhkəmədə baxıldığı dövrlərdə də cavabdehə göndərilmiş məktublar “Əliyeva” qeydi qeyd edilməklə alınmış, bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətlər təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-84/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-84/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 hüquqi varisləri X7, X4 və X5 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar