Məhkəmə qərarları › İş №2(105)-2313/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2313/2021

04.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2313/2021 04.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(067)-719/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(067)-719/2021 saylı qətnaməsi ilə (hakim X.İ.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia qismən təmin edilib, iddiaçı X6 və azyaşlı övladları 06 oktyabr 2011-ci ildə anadan olmuş X5, 20 oktyabr 2015-ci ildə anadan olmuş X2 və 08 may 2018-ci ildə anadan olmuş X3 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan Xaçmaz rayonunun Çarxı kəndində yerləşən yaşayış evinə köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(067)-719/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh2 onun keçmiş qaynatası, Cavabdeh1 isə keçmiş əridir. Cavabdeh1 Fəxrəddin oğlu ilə 07 iyun 2010-cu il tarixdə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Cavabdeh1 ilə evləndikdən sonra sonuncunun atası, iş üzrə digər cavabdeh olan Cavabdeh2 məxsus Xaçmaz rayonunun Çarxı kəndində yerləşən yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçərkən özünə məxsus cehiz və digər əmlaklarını həmin evə aparmış, əmlakları hal-hazırda da həmin evdədir. Cavabdeh1lə nikahlarını 08 yanvar 2016-cı il tarixdə rəsmiləşdirmiş və onların birgə nikahlarından 06 oktyabr 2011-ci ildə Sadiq, 20 oktyabr 2015-ci ildə Məhəmməd və 08 may 2018-ci ildə Əsmanur adlı üç nəfər uşaqları anadan olmuşdur. O, cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin köçərək onlarla birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır. Ailə münasibətləri pozulduğundan Xaçmaz rayon məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(067)-1690/2020 saylı qətnaməsi ilə keçmiş əri Cavabdeh1 ilə aralarında bağlanmış nikah qeydi pozulmuş, uşaqlar onun himayəsində saxlanmış və azyaşlı uşaqları Sadiq, Məhəmməd və Əsmanurun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh1 hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehlərlə ailə münasibətləri pozulduğundan mübahisəli evdən azyaşlı uşaqları ilə birlikdə çıxmaq məcburiyyətində qalmışdır. Evdən çıxdıqdan sonra o, uşaqları ilə birlikdə müvəqqəti olaraq Xaçmaz şəhərində anasının yanında, qəzalı vəziyyətdə olan evdə yaşayır. Həmin evdə o və uşaqları üçün yaşamaq çox çətin olduğundan və başqa yaşayış sahəsi olmadığından cavabdehlərə məxsus evə qayıdıb uşaqları ilə birlikdə yaşamaq istəyir. Çünki, cavabdehlərin yaşadıqları ev 2 mərtəbəli, 6 yaşayış otağından ibarət olmaqla hər bir şəraiti vardır. Həmin evdə cavabdehlərlə uzun müddət yaşayıb ümumi təsərrüfat aparmaqla ailə üzvü olaraq evdən istifadə hüququnu qazanmışdır. Cavabdehlər onun mübahisəli evə köçüb yaşamasına razı olmadıqlarından cavabdehlərin hərəkətləri nəticəsində onun və uşaqlarının hüquqları pozulur. Ona görə də, Xaçmaz rayonunun Çarxı kəndində yerləşən cavabdehə məxsus yaşayış evindən istifadə hüququnun tanınması və azyaşlı uşaqları- 06 oktyabr 2011-ci ildə anadan olmuş X5, 20 oktyabr 2015-ci ildə anadan olmuş X2 və 08 may 2018-ci ildə anadan olmuş X3 ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, işə məhkəmədə mahiyyəti üzrə baxılanadək ona məlum olmuşdur ki, mübahisəli ev Cavabdeh1 atası Cavabdeh2 məxsusdur. Ona görə də Cavabdeh2 da cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Xaçmaz Rayon Məhkəməsi 07 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 29-cu hissəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.5-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini müdafiə edib, təmin olumasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(067)-719/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsini – iddiaçı X6 və azyaşlı övladları 06 oktyabr 2011-ci ildə anadan olmuş X5, 20 oktyabr 2015-ci ildə anadan olmuş X2 və 08 may 2018-ci ildə anadan olmuş X3 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan Xaçmaz rayonunun Çarxı kəndində yerləşən yaşayış evinə köçürülmələri hissəsində mübahisələndirmişlər. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisə doğuran «yaşayış evinə köçürülmə» hissəsində araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, tərəfələrin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(067)-1690/2020 saylı qətnaməsi ilə müəyyən olur ki, İddiaçı və Cavabdeh1 07 iyun 2010-cu il tarixdə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Nikahlarını 08 yanvar 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 06 oktyabr 2011-ci ildə Sadiq, 20 oktyabr 2015-ci ildə Məhəmməd və 08 may 2018-ci ildə Əsmanur adlı üç nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətmanəsinə əsasən tərəflər arasında bağlanmış 08 yanvar 2016-cı il tarixli nikah pozulmuş, birgə nikahdan olan uşaqlar- 06 oktyabr 2011-ci ildə anadan olmuş X5 , 20 oktyabr 2015-ci ildə anadan olmuş X2 və 08 may 2018-ci ildə anadan olmuş X3 İddiaçı yanında saxlanılmış, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh1 hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 noyabr 2020-ci il tarixli, 4268 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Uşaqları- 06 oktyabr 2011-ci ildə anadan olmuş X5, 20 oktyabr 2015-ci ildə anadan olmuş X2 və 08 may 2018-ci ildə anadan olmuş X3 onun himayəsindədir. 13 aprel 1983-cü il tarixli müqavilənin kserosurətindən görünür ki, X1 rayonu, Çarxı kəndində yerləşən 40 kv.metrdən ibarət yaşayış otağını Cavabdeh2 Binədar oğluna satmışdır. Torpağın mülkiyyətində verilməsi barədə JN-172A seriyalı, KOD 30224018 saylı şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 2000-ci il tarixli qərarı ilə Cavabdeh2 və onun ailə üzvlərinə 0,12 hektar torpaq ahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 mart 2021-ci il tarixli, **********64 saylı məktubundan və həmin məktuba əlavə olunmuş fevral 1988-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində Cavabdeh2 adına fərdi yaşayış evi aşkar edilmiş və həmin fərdi yaşayış evinə Xaçmaz rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Xaçmaz rayonunun Çarxı kəndi ərazisində Cavabdeh1 adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 121,8 kv.metrdən ibarət daşınmaz əmlak 26 may 2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hazırki vəziyyətdə işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh1 07 iyun 2010-cu il tarixdə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmiş və münasibətlərini 08 yanvar 2016-cı il tarixdə rəsmiləşdirmişlər. İddiaçı ailə həyatı quran zaman cavabdehlərin yaşadığı Xaçmaz rayonunun Çarxı kəndində yerləşən yaşayış evinə gəlin köçmüş və həmin ünvanda onların birgə nikahından 06 oktyabr 2011-ci il tarixdə Sadiq, 20 oktyabr 2015-ci il tarixdə Məhəmməd və 08 may 2018-ci il tarixdə Əsmanur adlı üç nəfər uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah qeydi Xaçmaz Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(067)-1690/2020 saylı qətnaməsi ilə ləğv edlmişdir, hazırda tərəflər başqa-başqa ünvanlarda yaşamaqla ümumi təsərrüfat aparmırlar. Mübahisəli yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı hüquq münasibətləri 2010-cu ildə yaranmışdır. Ona görə də, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı X6 və azyaşlı övladları 06 oktyabr 2011-ci ildə anadan olmuş X5, 20 oktyabr 2015-ci ildə anadan olmuş X2 və 08 may 2018-ci ildə anadan olmuş X3 ilə birlikdə Cavabdeh2 xsusi mülkiyyətində olan Xaçmaz rayonunun Çarxı kəndində yerləşən yaşayış evinə köçürülmələri barədə iddianı təmin edərkən qanunverciliyin tələbləri pozulmuş, tərəflər arasında mövcud olan hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş və sonda səhv nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «iddiaçı X6 və azyaşlı övladları 06 oktyabr 2011-ci ildə anadan olmuş X5, 20 oktyabr 2015-ci ildə anadan olmuş X2 və 08 may 2018-ci ildə anadan olmuş X3 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan Xaçmaz rayonunun Çarxı kəndində yerləşən evə köçürülsün» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməli və qətnamə - «İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Xaçmaz rayonunun Çarxı kəndində yerləşən istifadə hüququnun tanınması barədə iddiası təmin edilməsin» hissəsində isə mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(067)-719/2021 saylı qətnaməsi qismən - «iddiaçı X6 və azyaşlı övladları 06 oktyabr 2011-ci ildə anadan olmuş X5, 20 oktyabr 2015-ci ildə anadan olmuş X2 və 08 may 2018-ci ildə anadan olmuş X3 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan Xaçmaz rayonunun Çarxı kəndində yerləşən evə köçürülsün» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - «İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Xaçmaz rayonunun Çarxı kəndində yerləşən istifadə hüququnun tanınması barədə iddiası təmin edilməsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar