Məhkəmə qərarları › İş №2(105)-2317/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2317/2020

04.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2317/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-1085/2020 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-1085/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) iddiaçı Quba rayonu İkinci Nügədi bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş mədəniyyət evinin və ətrafında yerləşən torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçı Quba rayonu İkinci Nügədi bələdiyyəsinin iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, iş üzrə yekun qərar qəbul edilənədək, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən, 1958ci ildə inşa edilmiş, əvvəllər Quba rayonu İkinci Nügədi sovxozunun balansında olmuş, 600 yerlik mədəniyyət evinin və onun ətrafında olan torpaq sahəsinin üzərinə həbsin qoyulması, əmlakın üzərində hər hansı hərəkətin edilməsinin (söküntü, tikinti və s.) qadağan olunması qərara alınmış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Quba rayonu İkinci Nügədi bələdiyyəsi iddia ilə məhkəməyə müraciət edərək 1958-ci ildə inşa edilmiş, əvvəllər Quba rayonu İkinci Nügədi sovxozunun balansında olmuş, hazırda bələdiyyə mülkiyyəti hesab edilən 600 yerlik mədəniyyət evinin və onun ətrafında olan torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək bələdiyyəyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba rayonu İkinci Nügədi bələdiyyəsi iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək1958-ci ildə inşa edilmiş, əvvəllər Quba rayonu İkinci Nügədi sovxozunun balansında olmuş, hazırda bələdiyyə mülkiyyəti hesab edilən 600 yerlik mədəniyyət evinin və onun ətrafında olan torpaq sahəsinin üzərinə həbs qoyulması, əmlak üzərində mülki iş üzrə məhkəmə tərəfindən müvafiq qərar çıxarılanadək hər-hansı hərəkətin edilməsinin (söküntü, tikinti və s.) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddianın predmetini təşkil edən mədəniyyət evində və onun yerləşdiyi torpaq sahəsində hazırda qanunsuz olaraq söküntü və tikinti işləri aparılır. Bu hərəkətlər gələcəkdə məhkəmənin qətnaməsinin icra olunmasına mane olacaqdır. Mübahisə məhkəmə qaydasında həll olunanadək mədəniyyət evinin və ətrafında olan torpaq sahəsinin üzərinə həbs qoyulması zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, bu cür qərardad qəbul edilməsi qanuna ziddir və mübahisəni əvvəlcədən iddiaçının xeyrinə həll edilməsinə şərait yaradır. O, iddia ərizəsi və qərardadla razılaşmır. Belə ki, qeyd olunan klub binasını və onun ətrafında olan torpaq sahəsini 1996-cı ildə Quba rayonu İkinci Nügədi sovxozu ilə bağlanmış xx xxxx 1996-cı il tarixli icarə müqaviləsinə əsasən “İcarə haqqında” qanunun 10-cu maddəsinə əsasən özəlləşdirmə haqqında qanunun mexanizmi işə düşən zaman həmin əmlakları bütövlükdə özəlləşdirmək və müstəsna almaq hüququ ilə ona icarəyə verilmişdir və həmin vaxtdan onun istifadəsindədir. Eləcə də Quba rayonu İkinci Nügədi YAİK-nın xx xxxx 1999-cu il tarixli, 79 saylı qərarına əsasən Quba rayonu İkinci Nügədi kəndində yerləşən klub və ətrafında yerləşən torpaq sahəsi bütövlükdə onun mülkiyyətinə verilmişdir. Həmin əmlaklar ona rəsmi və qanuni qaydada təhvil verilmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı Quba rayonu İkinci Nügədi bələdiyyəsi, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayonu İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, iddiaçı və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni qismən təmin edərkən Azərbaycan Respublikası MPM-nin 157.1, 157.2 və 158-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. İş materiallarından görünür ki, Quba rayonu İkinci Nügədi bələdiyyəsinin iddia tələbləri 1958-ci ildə inşa edilmiş, əvvəllər Quba rayonu İkinci Nügədi sovxozunun balansında olmuş, hazırda bələdiyyə mülkiyyəti hesab edilən 600 yerlik mədəniyyət evinin və onun ətrafında olan torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək bələdiyyəyə qaytarılmasıbarədədir. Quba rayonu İkinci Nügədi bələdiyyəsi iddianı təmin tədbiri barədə ərizəsində 1958ci ildə inşa edilmiş, əvvəllər Quba rayonu İkinci Nügədi sovxozunun balansında olmuş, hazırda bələdiyyə mülkiyyəti hesab edilən 600 yerlik mədəniyyət evinin və onun ətrafında olan torpaq sahəsinin üzərinə həbs qoyulması, əmlak üzərində mülki iş üzrə məhkəmə tərəfindən müvafiq qərar çıxarılanadək hər hansı hərəkətin edilməsinin (söküntü, tikinti və s.) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq barədə tədbir görülə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək barədə tədbir görülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, hazırki işə mahiyyəti üzrə baxılanadək iddia ərizəsində göstərilən əmlakların üzərinə həbs qoyulması və həmin əmlaklarla bağlı hər hansı hərəkətin qadağan edilməsibarədə iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin şikayətdə göstərdiyi hallar iddianı təmin etmək tədbirinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-1085/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar