Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2318/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və s." tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(067)-723/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin İddiaçı istifadəsində və sahibliyində olan faktiki 1.0 ( bir) ha hissəsi ilə Cavabdeh1 istifadəsində olan 0.44 ha torpaq sahəsinin naturada ayrılması, buna dair 22 iyun 2006-cı il tarixində AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin 12- ci maddəsini rəhbər tutub torpaq sahəsinin alıcıya ( hazırki iddiaçı) təhvil verilməsi üçün bölgü aktının ( alqı satqı edilmiş torpaq sahəsi ilə cavabdehin istifadəsində olan 0.44 ha torpaq sahəsinin ayrılmasına dair ) tərtib edilməsi öhdəliyinin ( mövcud real vəziyyətə uyğun) Cavabdeh1 üzərinə qoyulması, torpaq sahəsini istifadə etməkdə iddiaçı tərəfə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılması, cavabdehlərə iddiaçıya məxsus Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən torpaq sahəsinə dair qoyduqları maneələrin qadağan edilməsi, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmələri və torpaq sahəsinə daxil olmalarına dair hərəkətlərin qadağan edilməsi, torpaq sahəsi üzrə cavabdeh tərəfin bölgü aktı tərtib etməklə, iddiaçının faktiki sahibi sayıldığı 1.0 ha torpaq sahəsinə {JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin satılan hissəsi olaraq) iddiaçı tərəf İddiaçı mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktı (JN-0228 KOD 30212068 saylı) olan 1.44 ha hissəsinin satılmış 1.0 ha torpaq sahəsi ilə eyniliyinin yoxlanılaraq,müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-723/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
3. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-723/2023 saylı qətnaməsi iddiaçı və onun vəkili və nümayəndəsinə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır.
4. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə 11 sentyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-723/2023 saylı qətnaməsindən şikayət vermə müddətinin ötürülməsinin üzürlü sayılması barədə ərizə və ona əlavə edilmiş apellyasiya şikayəti tərtib edərək elektron kabinet vasitəsilə məhkəməyə göndərmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 723/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsindən üzrlü səbəblərdən apellyasiya şikayəti verə bilməmişdir. Miqren xəstəliyindən əziyyət çəkir. Bununla bağlı bir neçə dəfə ambulator qaydada müalicə olunmuşdur. Ərizəsinə bununla bağlı müvafiq tibbi arayışı əlavə etmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir.
6. Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(067)-723/2023 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-723/2023 saylı qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir.
7. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(067)- 723/2023 saylı qərardadından şikayət verərək, ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir.
8. Xaçmaz Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(067)-723/2023 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-723/2023 saylı qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 133-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
10. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(067)-723/2023 nömrəli qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad kobud qanun pozuntusu ilə qəbul edilmişdir. Belə ki, hakim öz qərardadı ilə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün əsas kimi təqdim edilmiş tibbi arayışa düzgün qiymət verməmişdir. Bildirir ki, Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(067)-723/2023 saylı qətnaməsi 26 may 2023cü il tarixdə rəsmi qaydada əldə edilmiş olsa da, həmin vaxt o, miqren xəstəliyi ilə bağlı bir neçə dəfə ambulator qaydada müalicə olunmuşdur. Ərizəsinə bununla bağlı müvafiq tibbi arayışı əlavə etsə də, məhkəmə həmin arayışın buraxılmış prosessual müddətin bərpası üçün əsas kimi çıxış edə bilməməsi qənaətinə gələrək müddətin bərpa edilməsindən imtina etmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Sözügedən qərardad xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə əldə edilmişdir. Şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-723/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edib, Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(067)- 723/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
11. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə şikayətə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf müddətin üzürlü səbəbdən ötürülməsinə dair heç bir dəlil və sübut təqdim etməmişdir. Məhkəməyə təqdim etdiyi tibbi arayış müddətin bərpası üçün əsaslı sayıla bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(067)-723/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(067)- 723/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(067)-723/2023 nömrəli və bununla bağlı 21 noyabr 2023-cü il tarixli 2(067)-723/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüququlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirməsinə maneə törətsin və məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
17. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.
18. Mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(067)-723/2023 nömrəli qətnaməsi İddiaçı və onun nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır.
19. İddiaçının nümayəndəsi Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-723/2023 nömrəli qətnaməsindən üzrlü səbəblərdən apellyasiya şikayəti verə bilmədiyini, miqren xəstəliyindən əziyyət çəkdiyini, ambulator qaydada müalicə olunduğunu göstərmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədə göstərdiyi dəlillər müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz.
21. Kollegiya qeyd edir ki, apellyatorun əsaslandığı tibbi arayışdan görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə 05 iyul 2023-cü il tarixdə TTTY-ma müraciət etmiş və ona heç bir diaqnoz qoyulmadan, həkim məsləhəti verilmişdir. Həmçinin şikayətdə apellyator ambulator müalicədə olduğunu qeyd etmişdir.
22. Birinci instansiya məhkəməsi düzgün olaraq qiymət vermişdir ki, sözügedən arayış buraxılmış prosessual müddətin bərpa edilməsi üçün həmçinin ona görə əsas ola bilməz ki, qətnamə 26 may 2023-cü il tarixdə rəsmi qaydada çatdırılmış və apelyasiya şikayəti vermək müddəti isə 1 ay ərzində verilə bilərdi. Yəni, apelyasiya şikaytənin verilməsinin sonuncu günü 27 iyun 2023-cü il hesab olunurdu. Tibbi arayışa əsasən isə, Nümayəndə TTTY-ma 05 iyul 2023-cü il tarixdə müraciət etmişdir.
23. Eyni zamanda kollegiya vuruğular ki, tərəfin stasionar müalicədə olmaqla məhdudiyyətə məruz qalması halı müəyyən edilmir və şikayətin dəlilində də ambulator müalicə olunduğunu göstərmişdir.
24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.
25. Avropa Məhkəməsi qərarlarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir. Həmin prinsip digər cəhətlərlə yanaşı onu da nəzərdə tutur ki, məhkəmələr qəti olaraq işə baxıblarsa, onların nəticələri şübhlə altına alınmamalıdır (Brumaresku Ruminyaya qarşı iş).
26. Avropa Məhkəməsi xüsusi ilə vurğulayır ki, daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (Raihani Belçikaya qarşı qərar).
27. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəf 26 may 2023cü il tarixdə məhkəmə aktını rəsmi qaydada əldə etməsinə baxmayaraq, 11 sentyabr 2023-cü il tarixdə, yəni 3 aydan artıq bir vaxtdan keçdikdən sonra araşdırılan ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, tərəfin miqren xəstəliyindən müalicə alması onun üç ay ərzində məhkəmə aktını mübahisələndirməsi ilə bağlı heç bir hərəkət etməməsinə haqq qazandıran əsas hesab edilə bilməz. Adı çəkilən xəstəlik şəxsə qeyd olunan hərəkətləri göstərilən müddətdə etməsinə məhdudiyyət yarada bilməzdi.
28. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.
29. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
30. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.
32. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(067)-723/2023 nömrəli və bununla bağlı 21 noyabr 2023-cü il tarixli 2(067)-723/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.