Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2321/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Məmmədyarlı Yeganə Məmmədyar qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh Y.M.Məmmədyarlının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddia tələbinin təmin edilməsi, Cavabdeh2, Cavabdeh3 və Məmmədyarlı Yeganə Məmmədyar qızının Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2377-dən çıxarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məmmədyarlı Yeganə Məmmədyar qızının, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2377-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2377 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, Tofiq Süleymanov adlı şəxsə 50000 manat məbləğində pul vermişdir ki, həmin torpaq sahəsində üç otaqlı ev tikib ona təhvil versin. Tofiq, öz öhdəliyini icra etmiş, evi tikdirib hazır etmişdir. Lakin onun xəbəri və razılığı olmadan iş üzrə cavabdehləri həmin mənzilə köçürmüşdür. O, dəfələrlə cavabdehlərə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən çıxmalarını tələb etmişdir. Lakin cavabdehlər buna məhəl qoymamışlar. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ona məxsus olan mənzildə heç bir hüququ olmayan cavabdehlər ona məxsus mənzildən çıxarılmalıdırlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Y.M.Məmmədyarlı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, ailə üzvləri ilə birlikdə yaşamaq üçün ev almaq istəmişlər. Sözügedən bağ evini bəyənib qiymətini Tofiq Süleymanov adlı şəxslə razılaşmışlar. T.Süleymanov bildirdi ki, evin sənədi formal olaraq İddiaçı adlı şəxsə məxsusdur, faktiki isə bağ evi onundur. Həmin vaxtdan orada yaşamışdır. Hal-hazırda mübahisələndirilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikilidən uzun müddətdir ki, fasiləsiz yaşayış evi kimi istifadə edir və həmin tikiliyə də “qanuni gözlənti” mövcuddur. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(060)-3505 saylı qətnaməsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Y.M.Məmmədyarlı, Cavabdeh2 və O.Ə.Cavadov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, mübahisəli evin iddiaçının mülkiyyətində olmasına və cavabdehlər tərəfindən könüllü boşaldılmasına razı olmadıqlarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Y.M.Məmmədyarlının (Əlizadənin) apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2377 saylı evin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi Corat bağları üzrə 1 saylı Məhəllə Komitəsinin verdiyi 331 №-li, xx.xx.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Məmmədyarlı Yeganə Məmmədyar qızı Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2377-də ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar. Cavabdeh2 və Cavabdeh3 onun ailə üzvüdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2377 saylı ev İddiaçı məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası cavabdehlərin sözügedən bağ evini bəyənib qiymətini Tofiq Süleymanov adlı şəxslə razılaşmaları, T.Süleymanovun evin sənədi formal olaraq İddiaçı adlı şəxsə məxsus olması və bununla da həmin bağdan çıxmaması barədə apellyasiya şikayətində gətirdiyi dəlili qəbul etmir. İş materialları ilə müəyyən edilir ki, mübahisə edilən ev iddiaçının mülkiyyətindədir, cavabdehlər qanunsuz olaraq həmin evdə yaşayırlar və cavabdehin həmin evdə yaşamasına və «gözlənti hüququnun» olması barədə cavabdehin gətirdiyi dəlili qəbul etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iş üzrə cavabdehlər mübahisəli evdə heç bir əsas olmadan yaşadıqlarından iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Məmmədyarlı (Əlizadə) Yeganə Məmmədyar qızının apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 31 may 2022-ci il tarixli 2(060)-3505/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2321/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2321/2022
19.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver