Məhkəmə qərarları › İş №2(105)-2325/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2325/2021

07.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2325/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2077/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2077/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3, Cavabdeh6, sonuncunun yetkinlik yaşına çatmayan övladları X2 və Mütəllimli Zəhra Elnur qızının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilsin, onlar yaşayış sahəsindən çıxarılması və həmin evin cavabdehlər tərəfindən boşaldılması, iş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 10,40 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3 və Cavabdeh6 alınaraq İddiaçı ASC xeyrinə tutulması qət ediımişdir (hakim A.M.Süleymanova). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2077/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3, Cavabdeh6, sonuncunun yetkinlik yaşına çatmayan övladları X2 və Mütəllimli Zəhra Elnur qızının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evdən məcburi qaydada çıxarılmaları, onların istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması, 10 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı və Cavabdeh3 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, mülki işə baxılarkən məhkəmə tərəfındən maddi və prosessual qanunvericiliyin tələbləri pozulduğundan, həmçinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi əsaslarından Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv olunmalı iddiaçının iddiası rədd edilməlidir. Şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə qanuni baxmamış, yalnız iddiaçının izahatına əsaslanaraq qətnamə qəbul etmişdir ki, bu halda məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə işi birtərəfli qaydada aparmış, qarşı tərəfin izahatını dinləmiş, məhkəmədə cavabdehlərin iştiraklarını təmin etməmiş, nəticədə əsassız qətnamə qət etmişdir. Lakin məhkəmə onların gətirdiyi sübutların heç birinə hüquqi qiymət verməmişdir. Məhkəmənin işin içində sübutlar olmasına baxmayaraq belə bir nəticəyə gəlməsi tamamilə qanunsuzdur və həmin qətnamə ləğv edilməlidir. Qətnamədə göstərilmişdir ki, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədinə əsasən ipoteka predmeti olan tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünr ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Bildirirlər ki, kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilməmələri onlardan asılı olmamışdır. Azərbaycan Respublikası MM-nin 557-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən manatın bir il ərzində 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir, yəni fors-major hadisəsi baş vermişdir ki, bu halda da onlarla Bank arasında bağlanan müqavilə ləğv edilməli idi. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. AR Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ ardır, 33-cü maddəsinə əsasən isə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Onların hüquqları pozulmuşdur və məhkəmə işi araşdırarkən iddiaçının formal mülahizlərinə əsaslanmış, yaranmış reallığı nəzərə almamış, nəticədə yalnış qətnamə çıxartmışdır. Belə olan halda həmin qətnamə ləğv edilməlidir. Bütün yuxarıda göstərilən hallar təsdiq edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində səhv etmiş, tətbiq edilməli olan qanuni aktları tətbiq etməmiş, prosessual hüquq normalarına riayət etməmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərini pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin 384.02-ci maddəsinin tələbinə görə Apellyasiya İnstansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 385.1.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2077/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2077/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(060)-11034/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, X1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 13.06.2017-ci il tarixə Banka borclu olduğu 40.554,33 manat məbləğində əsas borcu, 8.768,75 manat məbləğində faiz borcu, 53,04 manat məbləğində cərimə borcu, ümumilikdə isə 49.376,12 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması; borcun ipoteka predmetinə yönəldilməsi; ipoteka predmeti ünvan 1 ünvanda 0,03 ha torpaq sahəsi və üzərində yerləşən, 166,2 kv.m. ümumi sahədən, 104,3 kv.m. yaşayış sahəsindən, 61,9 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat məbləğində müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi məbləği 49.376,12 manat və ödənilmiş dövlət rüsumu 60 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2017-ci il tarixli, 2(105)3345/2017 saylı qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(060)- 11034/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2018-ci il tarixli, 2(102)1926/2018 saylı qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2017-ci il tarixli, 2(105)- 3345/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan"xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli, Y-398 saylı «Hərracın nəticələri haqqında yekun» Protokoldan və eyni tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» Müqavilədən görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(060)-11034/2017 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 197 saylı ev və 0,03 ha torpaq sahəsi hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 90.000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan İddiaçı ASC əmlakı 57.375 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 197 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Kommersiya Bankı ASC-nin adına 30.10.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 2671 saylı arayışdan, eləcə də Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3, Cavabdeh6, sonuncunun yetkinlik yaşına çatmayan övladları X2 və Mütəllimli Zəhra Elnur qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 197 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə müəyyən edilmişdir ki, icra sənədinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərlərin mənzildən istifadə hüququ alqısatqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3, Cavabdeh6, sonuncunun yetkinlik yaşına çatmayan övladları X2 və Mütəllimli Zəhra Elnur qızının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilməli, yaşayış sahəsindən çıxarılmalı və həmin ev cavabdehlər tərəfindən boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyantlar apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etsələr də şikayəti əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişlər. Apelyasiya şikayətində cavabdehlər məhkəmənin mübahisəyə onların iştirakı olmadan baxmasını, onlara lazımi qaydada məlumat verilmədiyini göstərmişlər. Lakin onların bu dəlili iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 rəsmi qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmış, digər Cavabdeh2 isə məhkəmə iclasında iştirak etmiş və iddianı qəbul etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin olunmamalı, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2077/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar