Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2327/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, qarşılıqlı iddiaçılar X1, Cavabdeh2, qarşılıqlı iddiaçıların vəkili Vəkil iştirakı ilə, İlkin İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı pul, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə ilk, qarşılıqlı iddiaçılar X1 və Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(060)-276/2021-009 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi, vurulmuş maddə və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddiası rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.000 (on min) manat və 3000 (üç min) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı Cavabdeh1 xeyrinə tutulması, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22.000 (iyirmi iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi, vurulmuş maddə və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 350.000 manat borc pulun və 10.000 manat maddi ziyanın, 10.000 manat mənəvi zərərin, cəmi 370.000 manat pulun, Cavabdeh2 60.000 manat borc pulun, 10.000 manat maddi ziyanın və 10.000 manat mənəvi zərərin, cəmi 80.000 manat pulun alınıb ona verilməsi, cavabdehlərin əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edilib prokurorluğa göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən Cavabdeh2 2010cu ildən Sumqayıt şəhəri, “Karvan ticarət mərkəzində” qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, Şəbinə Kərəmovanı da xalası vasitəsi ilə 2019-cu ilin fevral ayından qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğundan tanıyır. Özü qızıl-zinət əşyalarının fərdi satışı ilə məşğul olduğundan cavabdehlərlə 2019-cu ilin oktyabr ayına kimi dəfələrlə alver etmiş, onlar dəfələrlə ondan qızıl-zinət əşyalarını götürərək satıb pulunu hissə-hissə ödəmişlər. Cavabdehlərdən Cavabdeh1 ona 500.000 manat borcu qalmışdı. Cavabdeh1 ona olan 500.000 manat borcundan 150.000 manatını ödəmiş, qalan 350.000 manat borcunu ödəməmişdir. Cavabdeh2 isə ondan alıb-satdığı qızıl-zinət əşyalarının pulundan 30.000 manatını ödəmiş, qalan 50.000 manat borcunu isə ödəməmişdir. Cavabdehlər 2019-cu ilin may ayında iş yerinə gələrək yaxşı müştərilərinin olmasını deyərək birlikdə qızıl əşyalarının alqı-satqısı ilə məşğul olmaqlarını təklif etmişlər. Cavabdehlərlə aralarında alış-veriş ayda 30-80 min manat təşkil edib, onlarla mütamadi işlədiyi üçün razılığa gəlmişdir. 03.12.2019-cu il tarixdə Cavabdeh2 xahişi ilə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “VİP” Lombardından 585 və 750 əyarlı ümumi çəkisi 504.64 qr, dəyəri 26.000 manat olan qızıl zinət əşyalarını götürüb, müştəriyə göstərmək üçün Cavabdeh2 vermişdir. Maya həmin zinət əşyalarını tanışı Zaurla götürərək getmiş, lakin onu aldadaraq həmin qızılları nə geri qaytarmış, nə də pulunu ödəməmişdir. O, elə həmin gün 03.12.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, 06.12.2019-cu ildə isə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək Cavabdeh2 onu aldatdığını, qızılları qaytarmadığını bildirərək, 504.64 qr qızıl zinət əşyalarının alınıb ona qaytarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də aparılan araşdırma zamanı Cavabdeh2 müştəriyə göstərmək üçün satış məqsədiylə ondan nisyə qızıl aldığını etiraf etmiş və bildirmişdir ki, həmin qızılı guya ona təsir vasitəsi kimi özündə saxlamış, guya ki, olan borcunu qaytarmamış və ona görə də qızılları qaytarmır. Cavabdehlərin ona qarşı törətdikləri qeyri-qanuni əməlləri barədə dərhal hüquqmühafizə orqanlarına məlumat versə də, sonradan ərizə və şikayət etsə də şikayəti Sumqayıt şəhəri Pİ-si 4-cü PB-də tam araşdırılmamış, məsələnin əsil mahiyyəti üzə çıxarılmamış, nəticədə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh2 araşdırmaya ondan götürdüyü 504.64 qr qızılın 368.68 qramını təqdim etmiş, həmin əşyalar lombarda qaytarılmış, dəyəri 10000 manat olan 135.96 qram qızıl Maya tərəfindən mənimsənilmişdir. Beləliklə, 26000 manat dəyəri olan qızıldan 16000 manat qızılı lombarda qaytarılmış, çatmayan 135.96 qr qızıla görə 10000 manatlıq qızılı lombarda qaytarmışdır. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı 18.01.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd etmiş, ona isə mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. O, cavabdehlərdən verdiyi qızılın pulunu ala bilmədiyindən və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qarşı olan ilkin iddianın rədd edilməsi, İddiaçı 20.000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və Cavabdeh2 qarşı dələduzluq cinayəti edərək pullarını mənimsədiyi üçün İddiaçı barəsində AR CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi qaldırılaraq ittiham verilmiş və hazırda həmin cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. O və Cavabdeh2 isə istintaq orqanı tərəfindən həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İddiaçı həmin cinayət işinin acığına və öz işini asanlaşdırmaq üçün hazırkı əsassız iddia ilə məhkəməyə müraciət etməyi qərara almışdır. O, rəfiqəsi Cavabdeh2 ilə birlikdə qızıl alveri ilə məşğul olmuşdur. İddiaçı isə Sumqayıt şəhər Ticarət mərkəzində yerləşən ofisində vətəndaşlardan «lom» qiymətinə kiçik həcmlərdə qızıl-zinət əşyaları qəbul edirdi. Onların qızıl alveri ilə məşğul olduqlarını bildikdə Vüsalə təklif etmişdir ki, alıb satılan qızılın həcmini artırıb yaxşı gəlir əldə etmək olar. Lakin bunun üçün nağd pul lazımdır. Bundan sonra o və rəfiqəsi Maya özlərinə aid müxtəlif məbləğlərdə pulları ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə Vüsaləyə vermişlər. Bunun müqabilində o, mənbəyini bilmədikləri yerlərdən və şəxslərdən, «lom» qiymətinə qızıl-zinət əşyalarını alıb onlara satmağa verib. Satdıqları qızılların pulunu Vüsaləyə qaytarıb. Amma yenidən nağd pul lazım olduqda isə rəfiqəsilə özlərinə aid olan şəxsi qızıl-zinət əşyalarını, həmçinin də Vüsalədən aldıqları qızılların bir neçəsini Sumqayıt şəhərində yerləşən lombardlara girov qoyub borca pul götürüb yenidən Vüsaləyə vemişlər. Lakin bir neçə ay əvvəl rəfiqəsilə onlara məlum olmuşdur ki, Vüsalənin onlara satmağa verdikləri qızıl-zinət əşyalarının bir neçəsi saxtadır. Daha doğrusu, həmin qızıl-zinət əşyalarını girov qoyub pul götürdükləri Lombardların əməkdaşları onlara zəng vurub bu barədə məlumat vermişlər. Vüsaləyə bu barədə bildirdikdə o, əvvəl onları sakitləşdirməyə çalışmış və demişdi ki, özü məsələni həll edəcək. Lakin sonradan onlar anlamışlar ki, Vüsalənin bu məsələni həll etmək fikri yoxdur və əvvəlcədən onlara satdığı qızılların saxta olduğunu bilib və onların etibarlarından sui-istifadə edərək dələduzluq yolu ilə pullarını mənimsəmişdir. Çarəsiz qalıb hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalıblar. Ərizələri əsasında araşdırma başladılmışdır. Sonda Vüsaləyə ittiham verilmiş və onları zərərçəkmiş şəxs qismində tanımışlar. İddiaçı etibarlarından sui-istifadə etməklə etdiyi dələduzluq əməli nəticəsində rəfiqəsi ilə birlikdə lombardlara saxta qızılların əvəzi olaraq ümumilikdə 5200 manat pul ödəmişlər. Bundan əlavə, Vüsalə ilə alveri zamanı o, şəxsən özü ümumilikdə nağd şəkildə 20.000 manat hesabı ilə 10.000 ABŞ dolları və 3.000 manat pul vermişdir, lakin bu günə kimi də həmin pulların taleyi bəlli deyil. İstintaqda ifadə verəndə Vüsalə ondan 10.000 manat aldığını və həmçinin onun tərəfindən o, İranda olanda 3.000 ABŞ dolları məbləğində pulu satıcısına verdiyini etiraf etmişdir. Buna baxmayaraq, həmin pulun ondan alınmasını etiraf etməsi kifayətdir ki, həmin pulu ondan geri tələb etmişdir. İddiaçı əvvəllər borcunun qaytarılmasına söz versə də, sonradan bundan qəti imtina etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ondan aldığı 22.000 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı AR CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmiş, həmin maddələrlə ittiham verilmişdir. Belə ki, rəfiqəsi Cavabdeh1 ilə birlikdə qızıl alveri ilə məşğul olublar. İddiaçı isə Sumqayıt şəhər Ticarət mərkəzində yerləşən ofisində vətəndaşlardan «lom» qiymətinə kiçik həcmlərdə qızıl-zinət əşyaları qəbul edirdi. Onların qızıl alveri ilə məşğul olduqlarını bildikdə Vüsalə təklif etmişdir ki, alıb satılan qızılın həcmini artırıb yaxşı gəlir əldə etmək olar. Lakin bunun üçün nağd pul lazımdır. Bundan sonra o və rəfiqəsi Maya özlərinə aid müxtəlif məbləğlərdə pulları ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə Vüsaləyə vermişlər. Bunun müqabilində o, mənbəyini bilmədikləri yerlərdən və şəxslərdən, «lom» qiymətinə qızıl-zinət əşyalarını alıb onlara satmağa vermişdir. Satdıqları qızılların pulunu Vüsaləyə qaytarıb. Amma yenidən nağd pul lazım olduqda isə rəfiqəsilə özlərinə aid olan şəxsi qızıl-zinət əşyalarını, həmçinin də Vüsalədən aldıqları qızılların bir neçəsini Sumqayıt şəhərində yerləşən lombardlara girov qoyub borca pul götürüb yenidən Vüsaləyə verirmişlər. Lakin bir neçə ay əvvəl rəfiqəsilə onlara məlum olmuşdur ki, Vüsalənin onlara satmağa verdikləri qızıl-zinət əşyalarının bir neçəsi saxtadır. Daha doğrusu, həmin qızıl-zinət əşyalarını girov qoyub pul götürdükləri lombardların əməkdaşları onlara zəng vurub bu barədə məlumat vermişlər. Vüsaləyə bu barədə bildirdikdə o, əvvəl onları sakitləşdirməyə çalışmış və demişdir ki, özü məsələni həll edəcək. Lakin sonradan onlar anlamışlar ki, Vüsalənin bu məsələni həll etmək fikri yoxdur. Çarəsiz qalıb hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizələri əsasında araşdırma başladılmışdır. Sonda Vüsaləyə ittiham verilmiş və onları zərərçəkmiş şəxs qismində tanımışlar. İddiaçı etibarlarından sui-istifadə etməklə etdiyi dələduzluq əməli nəticəsində rəfiqəsi ilə birlikdə lombardlara saxta qızılların əvəzi olaraq ümumilikdə 5200 manat pul ödəmişlər. Bundan əlavə, Vüsalə ilə alveri zamanı o, şəxsən özü ona ümumilikdə nəğd şəkildə 22000 manat pul vermiş, lakin bu günə kimi də həmin pulların taleyi bəlli deyil. Daha doğrusu, istintaqda dindirmə zamanı Vüsalə həmin pulları ona verdiyini etiraf etmişdir. Lakin bildirmişdir ki, guya onun Vüsaləyə borcu olduğundan həmin pulları ona çıxmışdır. Təəssüflər olsun ki, Vüsalənin ona nə qədər borcu olduğunu, həmin borcun hansı zaman kəsiyində yarandığını özündə əks etdirən heç bir tutarlı sübutu istintaq orqanına təqdim edə bilməmişdir. Buna baxmayaraq, həmin pulun ondan almasını etiraf etməsi kifayətdir ki, həmin pulu Vüsalədən geri tələb etsin. İddiaçı AR CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi hazırda Sumqayıt şəhər Məhkəməsinin icraatındadır. İddiaçı iddiasına münasibətdə bildirmək istəyir ki, onun iddia tələbinin heç bir əsası və hüquqi bazası yoxdur. İddiaçı iddiasını sübut edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, ilkin iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qanuni baxmamış, yalnız qarşılıqlı iddiaçıların izahatlarına əsaslanaraq qətnamə qəbul etmişdir. İşin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verilməmişdir. Qətnamə qəbul edərkən birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiq edilməsində səhv etmiş, tətbiq edilməli olan qanuni aktları tətbiq etməmiş, prosessual hüquq normalarına riayət etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilkin iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən ilkin iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və qarşılıqlı iddiaçıların izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia tələbini rədd edən birinci instansiya məhkəməsi ilkin idddia üzrə iddiaçının iddia tələbinin əsası olaraq göstərdiklərinin yalnız iddia ərizəsində göstərdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmaması, qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsini isə qarşılıqlı iddia ərizələrində göstərilənlərin Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-304/2020 saylı iş üzrə cinayət işinin materialları ilə öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan ilkin iddiaçı vermiş olduğu apellyasiya şikayətində ilkin iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissəsində gəlinən nəticəni mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, ilkin iddia tələbi ilkin İddiaçı cavabdeh Səbinə Kərimovadan 350.000 manat borc pulun, 10.000 manat maddi ziyanın, 10.000 manat mənəvi zərərin əvəzi kimi ümumilikdə 370.000 manat pulun, digər Cavabdeh2 60.000 manat borc pulun, 10.000 manat maddi ziyanın, 10.000 manat mənəvi zərərin əvəzi kimi cəmi 80.000 manat pulun tutulması, qarşılıqlı iddia tələbləri isə İddiaçı S.Kərimovanın xeyrinə 20.000 manat, Cavabdeh2 xeyrinə 22.000 manat pulun tutulması barədədir. Hazırki işdə tərəflərin qızıl-zinət əşyalarına nisyə alqı-satqı ilə məşğul olduqlarını və tələb olunan pulların qızıl əşyaları müqabilində yarandığı işin mübahisəsiz halıdır. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; X4rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli Qərarı). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Aşağı instansiya məhkəməsi tərəfindən işin araşdırılmış hallarından görünür ki, ilkin İddiaçı cavabdeh S.Kərimovanın ona qızıl əşyalarına görə borcun əvəzinə 3000 və 7000 manatın, sonradan isə 3000 ABŞ dolları məbləğində, digər Cavabdeh2 isə satılan qızıl əşyalarının pulunu 30.000 manat məbləğində ona ödənildiyini, lakin ödənişlərin Cavabdeh1 və Cavabdeh2 ona olan borcunun əvəzinə verildiyini göstərsə də, bu məbləğlərin ilkin iddia tələbi üzrə cavabdhelərin ona olan borca görə ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Göründüyü kimi, üzərinə sübutetmə yükü düşən ilkin iddiaçı mübahisələndirdiyi hissədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar təqdim edə bilmədiyindən, əksinə qarşılıqlı iddianı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları təqdim etdiklərindən, ilkin iddia tələbini rədd, qarşılıqlı iddia tələblərini isə qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2327/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2327/2021
01.12.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver