Məhkəmə qərarları › İş №2(105)-2335/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2335/2020

31.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2335/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Kazımov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan “AKKORD” X4 Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzildən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət rüsumu kimi 10 (on) manat məbləğində pul vəsaitinin tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzildən çıxarılmaları və cavabdehlərdən 4 ay ərzində qanunsuz şəkildə onun evində yaşadıqları üçün 2400 manat məbləğində pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqısatqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli, KP AK/77-15-11 saylı əlavə razılşamaya əsasən “AKKORD” X4 Korporasiyasının inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzili hərrac yolu ilə satın almışdır. Həmin mənzil əvvəlcə müqaviləyə əsasən Cavabdeh2 məxsus olmuşdur. Sonradan “AKKORD” X4 Korporasiyasının tərtib etdiyi xx.xx.2019-cu il tarixli, KP AK/77-14-03 saylı akta əsasən E.Ə.Xudaverdiyev ilə onun arasında təhvil-təslim həyata keçirilmişdir. “AKKORD” X4 Korporasiyasının 295 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil üçün bağlanmış 14024 saylı, xx.xx.2011-ci il tarixli müqaviləyə dair onun heç bir borcunun olmadığı göstərilmişdir. O, sənədləşmə işlərini tam yekunlaşdırdıqdan sonra evinə köçmək istədikdə aldığı mənzildə tanımadığı şəxslər, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqlarını bilmişdir. O, həmin şəxslərə mənzilin sənədlərini göstərmiş və qısa müddətdə mənzildən çıxmalarını xahiş etmişdir. Lakin, cavabdehlər ona kobud şəkildə təhqir edərək mənzildən çıxmayacaqlarını bildirmişlər. Artıq 4 aydır ki, cavabdehlər ona məxsus mənzildə qeyri-qanuni yaşayır və həmin mənzildə yaşadıqları üçün ona heç bir kirayə haqqı ödəməmişlər. O isə mənzilin ona məxsus olduğunu bildirmiş, mənzildən çıxmalarını dəfələrlə xahiş etmiş, lakin heç bir nəticəsi olmamış və cavabdehlər ona məxsus mənzildə yaşamağa davam etmişlər. Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil xx.xx.2019-cu il tarixdən ona məxsusdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2011-ci il tarixdə mübahisələndirilən mənzili “AKKORD” X4 Korporasiyasından ipoteka yolu ilə almış və 2013-cü ildə həmin mənzili qismən təmir etdirib köçmüşlər. Təmir işlərində onun və anasının çox əziyyəti olmuşdur. Mənzil atası Cavabdeh2 adına alınmış və onlar birlikdə orada yaşamışlar. 10 ilə yaxın müddətdir yaşadıqları, min bir əzab əziyyətlə təmir etdikləri, illərlə kreditini ödədiyi ev bu qərarla heç bir ödəniş olmadan əllərindən alınır. Atası həmin şəxsdən məhkəmə zalında etiraf etdi ki, cəmi 15000 rubl alıb. Qalan vəsaiti onlar mənzildən çıxandan sonra alacaq. İddiaçı ilə atası birləşərək onları evsiz qoymaq istəyirlər. Anası ilə atası 28 ildir faktiki ailə münasibətlərindədir. Münasibətləri rəsmiləşdirilməmişdir. Hesab edir ki, ən azından onların minimum yaşayış şəraitini təmin edərək həmin evdən çıxmagını tələb oluna bilər. Məhkəmə tərəfindən onların mənzildə hansı əsasla yaşaması faktı düzgün qiymətləndirilməmiş və işin faktiki hallarını araşdırmayaraq yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlərə əsaslanmaqla qərar çıxarmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(012)-1355/2020 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olması və cavabdehlərin həmin mənzili könüllü boşaltmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Birinci instansiya məhkəməsində şahid qismində iştirak etmiş X3 izahatında bildirdi ki, cavabdehlərdən Cavabdeh2 oğlu, Cavabdeh1 isə arvadıdır. Belə ki, onların rəsmi nikahları olmamış, 28 ildir ki, qeyri-rəsmi nikah münasibətlərində yaşamışlar. Onun qeydiyyatı ünvan 1 ünvanı, cavabdehlərin qeydiyyatı isə ünvan 2 ünvanıdır. O, mübahisələndirilən mənzili 2011-ci ildə “AKKORD” X4 Korporasiyasından ipoteka müqaviləsi əsasında almışdır. Mənzil bankda girovda olmuş, o, 94500 manat dəyərində müqaviləyə imza atmış və hər ay 835 manat pul ödəmişdir. Keçən ilin əvvəllərində maddi imkanı pisləşdiyi üçün 4 ay müddətində ödəniş edə bilməmiş və buna görə bankdan ona dəfələrlə zəng olunmuşdur. Həmin vaxt “AKKORD” Sənaye X1 Vidadi adlı şəxsin mənzil almaq istədiyini bildirmişlər. O, mənzilin bankın mülkiyyətinə keçməməsi üçün məcbur olaraq İddiaçı satmışdır. Mənzilin satışından təxminən 15000 manat pul almış, pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləmişdir. Mənzilin alqı-satqısında şəxsən iştirak etməmiş, satışı verdiyi etibarnamə əsasında əmisi oğlu həyata keçirmişdir. Arvadı Sevil mənzilin satıldığını biləndən sonra ona zəng vurub bu barədə soruşmuş və o, bunu təsdiq etmişdir. Mənzil satıldıqdan sonra cavabdehlərə heç bir ödəniş edilməmişdir. O, etiraf edir ki, qeyri-rəsmi yaşadığı arvadı və oğlu evin təmirində qismən iştirak etmişlər. Lakin, cavabdehlər tərəfindən mənzilin təmiri üçün çəkilən cüzi xərclərin olması onların həmin mənzildən çıxmaması üçün əsas verə bilməz. Çünki, gələcəkdə həmin xərclərlə bağlı hər hansı bir mübasənin olcağı təqdirdə onunla cavabdehlərin arasında olan məsələdir. İş materiallarında olan 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli, KP AK/77-15-11 saylı əlavə razılşamadan görünür ki, “Satıcı” “AKKORD” X4 Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil “Üçüncü tərəf” İddiaçı tərəfindən satın almışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Satıcı” və “İkinci tərəf” E.Ə.Xudaverdiyev arasında bağlanmış 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən yaranmış bütün hüquqlarını və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını “İkinci tərəf” bu Razılaşma qüvvəyə mindiyi andan “Üçüncü tərəf”ə ötürür, “Üçüncü tərəf” isə “İkinci tərəf”in bu hüquq və öhdəliklərin icrasını tam həcmdə həyata keçirməyi öz üzərinə götürür. “AKKORD” STİ-ya Korporasiyası tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, KP AK/77- 14-03 saylı aktdan görünür ki, E.Ə.Xudaverdiyev Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzili etibarnamə əsasında İ.İ.Mustafayevə təhvil-təslim etmişdir. İşdə olan “AKKORD” X4 Korporasiyası tərəfindən İddiaçı verilmiş 295 nömrəli, xx.xx.2019cu il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil üçün bağlanmış 14024 saylı, xx.xx.2011-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, xx/xx-2447 saylı arayışdan görünür ki, xx xxxxxx 1957-ci il təvəllüdlü E.Ə.Xudaverdiyevin ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları xx.xx.2019cu ilədək “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə kollegiyası Cavabdeh2 məhkəmə tərəfindən sübutların hərtərəfli araşdırmaması barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə kollegiyası zamanı müəyyən olundu ki, mübahisəli mənzil əlavə razılşama əsasında E.Ə.Xudaverdiyev tərəfindən İddiaçı satılmışdır. Həmin mənzil xx.xx.2019-cu il tarixdən İddiaçı məxsusdur, sonuncu cavabdehlərdən mənzildən çıxmalarını dəfələrlə xahiş etmişdir. Lakin, iddiaçı cavabdehləri ona məxsus mənzildən başqa qaydada çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Eyni Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən 4 ay ərzində qanunsuz şəkildə iddiaçının evində yaşadıqları üçün 2400 manat məbləğində pul tutulmasını tələb etsə də, bunun üçün məhkəməyə hər-hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(012)-1355/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar