Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2335/2021 01.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(012)-3512/2021 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(012)-3512/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Məlahət Abbasova) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin qəbulundan imtina edilməsi və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun milliyyətinin alman olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyildir. Belə ki, Binəqədi və Abşeron rayon Qeydiyyat şöbələrinə müraciət etdikdə bildirilmişdir ki, onun uşağı olduğu təqdirdə valideynləri qrafasında milliyəti alman yazılacaqdır, doğum haqqında akt qeydində isə uşağın milliyəti qrafası nəzərdə tutulmamışdır. Onun isə uşağı yoxdur. Göründüyü kimi, ona lazım olan faktın təsdiq edilməsi məhkəməyə müraciət olunmadan müəyyən edə bilmir, yəni milliyətini təsdiq edən sənədi başqa qaydada ala bilmir və yeganə çıxış yolu məhkəmə vasitəsi ilə milliyətinin təsdiq olunmasıdır. Bundan başqa, inzibati məhkəməyə də müraciət etməyinin hər hansı mənası yoxdur. Çünki qeydiyyat şöbələri qanunvericiliyə istinad etməklə imtina edirlər, inzibati məhkəməyə müraciət etdiyi təqdirdə belə onların üzərinə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı məsələ üzrə öhdəlik qoyula bilməz. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və ərizənin icraata götürülərək növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş edilmişdir. Ərizəçi, maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs və Abşeron rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi məhkəmə iclasına gəlmədiyindən, maraqlı şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizənin qəbulundan imtina edib ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun milliyyətinin alman olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində göstərilir ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cu il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1-ci bəndinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər. Uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci ildə anadan olmuşdur, atası Şillinq Aleksandr Ottoviç, anası X2, doğum haqqında şəhadətnamədə atasının milliyəti alman, anasının milliyəti rus göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildisə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, ərizəçinin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(012)-3512/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2335/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2335/2021
01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver