Məhkəmə qərarları › İş №2(105)-2346/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2346/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2346/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(012)-1337/2021 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili X3 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(012)-1337/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddia təmin edilib, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili V.K.Səfərov apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2(012)-1337/2021 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və 1993-cü ildə Rəsulzadə qəsəbəsi, sıra 6, döngə 1, ev 2 ünvanına gəlin köçmüşdür. Cavabdehlə birgə nikahlarından X2 və İddiaçı2 adlı övladları anadan olmuşlar. ünvan 1 ünvanında yerləşən torpaq sahəsini Bələdiyyə sərəncamına əsasən almışlar və qeyd edilən torpaq sahəsində onların ailə büdcəsi hesabına 2009-cu il tarixdə 2 mərtəbəli, 6 otaqlı fərdi fərdi yaşayış evi tikmişdir. Onlar 2009-cu ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və həmin vaxtdan orada yaşamaqla, ilk iddiaçıya məxsus cehiz əmlaklar hazırda da qeyd olunan ünvanda yerləşir. Lakin cavabdeh onları 2020-ci ilin sonunda fərdi yaşayış evindən çıxarmış və dəfələrlə evə köçüb yaşamaq istəsələr də cavabdeh evə buraxmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehin nümayəndəsi və vəkili V.K.Səfərov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 14.04.2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13,29,33,43-cü maddələrinin, Azərbaycan Respublikası MPM-nin 8,9,88,220-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin oluhmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili V.K.Səfərov apelyasiya şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıliar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının X5 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri 14 saylı notariat ofisinin 02.04.2021-ci il tarixli şahidlərlə bağlanmış ərizəyə əsasən 2009-cu ildən 2020-c ilədək Abşeron rayonu, Masazır kəndi, M.Ə.Sabir küçəsində yerləşən iddia olunan sənədsiz fərdi yaşayış evində qeydiyyatsız yaşamışlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı1 və Cavabdeh birgə nikah dövründə tikmiş, fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı1 2009-cu il tarixdən övladı İddiaçı2 ilə birlikdə mübahisəli fəri yaşayış evində yaşamağa başlamış və 2020-ci il tarixdə isə cavabdeh iddiaçıları evdən çıxararaq evə buraxmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə tərəflər arasında mövcud mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk öncə yaşayış sahəsinin statusunu müəyyən etmək zəruridir ki, bu hal iş üzrə yekun nəticəyə gəlinməsi üçün xüsusi önəm kəsb edir. Belə ki, iddiaçıların mübahisələndirdiyi yaşayış sahəsi rəsmi olaraq dövlət qeydiyatından keçmədiyindən həmin yaşayış evinə hər hansı bir hüququn yaranması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmin Məcəllənin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan qanunsuz tikili, həm də onun yerləşdiyi torpaq sahəsi rəsmi olaraq dövlət qeydiyyatına alınmasa da, torpaq sahəsi ünvan 1 ünvanında yerləşir. Mübahisəli ev mübahisə edilən dövr üçün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdehlər və onların ailə üzvləri tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış ailə üzvü olan iddiaçılar da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanına malikdir. Özbaşına inşa edilmiş mübahisəli ev tərəflərin birgə yaşayış yeri olmuşdur. Cavabdehin ailə üzvü olan yoldaşını və oğlunu tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüuqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinə əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Hazırki vəziyyətdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçıların da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mübahisəli evdə yaşayanlarla bərabər surətdə həmin evdə istifadə hüququna malik olduğundan onların həmin evdə yaşamasına məhdudiyyətlər yaradılması və iradələrinin ziddinə olaraq yaşayış hüquqlarından məhrum edilməsi qanuinvericiliyin tələbləri baxımından iddiaçıların mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə kollegiyası işin hallarını müqayisəli surətdə tədqiq edib, tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəf iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin nümayəndəsi və vəkili X3 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(012)-1337/2021 sayl qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar