Məhkəmə qərarları › İş №2(105)-2349/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2349/2022

10.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2349/2022 10.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-5879/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-5879/2022 nömrəli qərardadı ilə (hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və digər tələblərə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(060)-5879/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Cavabdeh ona məxsus Sumqayıt şəhər 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33-dən çıxarılması, qanunsuz sahiblikdən alınaraq ona verilməsi, yığılmış 450 manat kirayə haqqı və ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək İddiaçı 6000 manat məbləğində pulun və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 6000 manat pul pul istəmiş və bildirmişdir ki, həmin pulu dövr etdirəcək, qazanc götürəcək və pulunu qaytaranda üstündə əlavə ödəniş edəcəkdir. O, cavabdehə 6000 manat pul vermis, sonuncu pulu alandan bir müddət sonra onunla əlaqələri kəsilmişdir. 2021-ci ilin əvvəllərində cavabdehdən həmin pulu tələb etmiş, lakin cavabdeh ona bildirmişdir ki, pulu qaytarmağa imkanı yoxdur və bunun əvəzində ona ucuz kirayə mənzil tapa bilər. O, əlacsız qalaraq bu təkliflə razılaşıb və təklif etdiyi mənzilə köçərək hər ay ona 150 manat pul vermişdir. Buna baxmayaraq cavabdeh borcdan ödəniş etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 20 sentyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 155.1, 154.1 və 156.1-ci maddələrinə istinad edib hesab etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin ona məxsus olan mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsində iddiaçının ondan borc pul aldığını bildirir və həmin pulun qaytarılmasını tələb edir. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi ilkin tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır və qarşılıqlı iddia ilə ilk iddia arasında heç bir əlaqə yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir: Maddə 156.1.1. Qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddihüquqi tələbi və müdafiə vasitəsidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPMnin 156-cı maddəsinin tələblərinə uyğun olaraq qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-5879/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar