Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2352/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Gülbala qızının Cavabdeh qarşı yaşayış evinin naturada paylara bölünməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı X1 qarşı torpaq sahəsinin və yaşayış evinin naturada paylara bölünməsi tələbinə dair iddiasının təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcinin İddiaçı alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesaba keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş 94,1 kv.metr ümumi sahəsi olan yaşayış evinin naturada paylara bölünməsi və paylarının ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(067)-244 nömrəli qətnaməsi ilə Xaçmaz rayonu Gödəkli kəndində yerləşən yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin ½ hissəsinə onun və ½ hissəsinə cavabdehin mülkiyyət hüququ tanınmışdır. Həmin bölgüyə əsasən RX seriyalı 13270333 nömrəli xx.xx.2018ci il tarixli çıxarış da verilmişdir. Birgə tikilən evin bölgüsünə baxmayaraq cavabdeh onun həmin evdə yaşamasına imkan vermir və evin bölgüsünə razılıq vermir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan, yalnız ekspert rəyinə əsaslanaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ekspertiza keçirildikdə o həmin yerdə iştirak etməmiş və yalnız cavabdehin iştirakı ilə keçirilən ekspertiza rəyinə istinad etmişdir. İş üzrə təkrar ekspertiza keçirməmişdir. Həmin evdə o, yaşaya bilmir. İki azyaşlı məktəbli uşaqları ilə Xaçmaz şəhərində kirayədə qalmağa məcbur olmuşdur. xx xxxx 2017-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə bərabər paylara bölünmüş evdə yaşamağa cavabdeh imkan vermir. 0,10 ha torpaq sahəsində tikdiyi 94,1 kv.m sahəsi olan 3 otaq, dəhliz və geniş mətbəxdən ibarətdir. Torpaq sahəsinin uzunun yanından məhəllə yolu keçir. Evə baxanda iki yerə bölünməsi və ayrı-ayrı giriş qapıları açmaq mümkün olduğu anlaşılır. Lakin ekspertiza həmən evə baxış keçirmədən naməlum səbəblərə görə həmin evin və torpaq sahəsinin bölünməsinin mümkün olmadığı barədə rəy vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-53/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisə olunan evin naturada bölünməməsinin ekspertiza rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(067)- 2447/2017 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdehya qarşı cehiz əmlakının və qızıl zinət əşyalarının alınması və birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin olunmuş, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən yaşayış evinin və 0,10 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. İddiaçı azyaşlı uşaqları X3 və X4 ilə birlikdə Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən yaşayış evinə köçürülmələri qət edilmişdir. İşə əlavə olan xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən yaşayış evinin və 0,10 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh mülkiyyət hüququnı dair çıxarış verilmişdir. Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 17136 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 94,1 kv.metr olan fərdi yaşayış evinin tərəflər arasında naturada 2 hissəyə bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi ilə əlaqədar mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası İddiaçı iş üzrə ekspert rəyinin düzgün olmaması və həmin rəyin sübut növu kimi qəbul edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, bu kateqoriya işlər üzrə ekspert rəyi əsas sübut növü kimi qəbul olunan və həmin rəydən Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 94,1 kv.metr olan fərdi yaşayış evinin tərəflər arasında naturada 2 hissəyə bölünməsi texniki cəhətdən mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(067)-53/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2352/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2352/2020
31.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver