Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2353/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron rayon məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(012)-3483/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ilə (hakim M.Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək mülkiyyətində olan torpaq sahəsindən çıxarılması” tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilməsi və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək mülkiyyətində olan torpaq sahəsindən çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin və digər qurğuların cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına sökülərək həmin torpaq sahəsinin hüdudlarından kənara çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassız hesab edilərək, ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh "xxxx" ASC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. və 397.2. maddələrinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04.03.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasından aidiyyəti orqan tərəfindən imtina olunduğu halda, ərizəçi həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməsi ilə əsaslandırmışdır. Əvvəla bu nəticəyə gələn məhkəmə iddiaçının Cavabdeh1 ASC-yə müraciət etdiyini və onun müraciətinə 15.02.2021-ci il tarixdə cavab verildiyinə əhəmiyyət verməmişdir. Bununla yanaşı məhkəmə tərəflər arasındakı mübahisənin xarakterini, cavabdehlərin inzibati orqan olmadığını nəzərə almamışdır. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. (MPM-nin 153.2.1. maddəsi). Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edərkən işin və mübahisənin qeyd olunan hallarına diqqət yetirməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsi tərəflərin iştirakı təmin edilməklə yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 08 may 2021-ci il tarixli və onunla bağlı 07 iyun 2021ci il tarixli qərardadları qərardadları ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin icraata götürülməsi məsələsi iddiaçının iştirakı təmin edilməklə müzakirə edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2353/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2353/2021
07.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver