Məhkəmə qərarları › İş №2(105)-2356/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2356/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2356/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Ərizəçi və X1 nümayəndəsi X7 iştirakları ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(031)-396/2021 saylı qərardadından X1 şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(031)-396/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Şabran Rayon Məhkəməsinin 2(031)-396/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən X1 apellyasiya şikayəti, apellyasiya şikayəti verməyə hüququ olmayan şəxs tərəfindən verildiyindən qeyri-mümkün hesab edilmiş, X5 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 qalmış mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(031)-396/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X3 qalmış mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilməklə uzadılması qət edilmişdir. Həmin qətnamədən X5 apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(031)-396/2021 saylı qərardadı ilə Şabran Rayon Məhkəməsinin 2(031)-396/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən X1 apellyasiya şikayəti, apellyasiya şikayəti verməyə hüququ olmayan şəxs tərəfindən verildiyindən qeyri-mümkün hesab edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: X5 şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, miras əmlak 2 mərtəbəli fərdi yaşayış evi X6 (qayınatasına) məxsus olmuşdur. Həmin fərdi yaşayış evinin 1-ci mərtəbəsində ailə üzvləri ilə birlikdə 1986-cı ildən bu günə kimi yaşayır. Fərdi yaşayış evinin 2-ci mərtəbəsində isə Ərizəçi yaşamışdır. Ərizəçi uzun müddətdir həmin evdə deyil, Bakı şəhərində yaşayır. Hazırda həmin ünvanda o, qızı ilə birlikdə yaşayır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək X4 və onun adına olan JN 4964A nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin surətinin verilməsini xahiş etmişdir. Lakin müraciətinə cavab verilmədiyindən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçi də mülklə bağlı hər hansı sənədi məhkəməyə təqdim edə bilməmiş, JN 4964A nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ikinci nüsxəsi reyestr xidmətində aşkar edilməmişdir. Buna baxmayaraq məhkəmə əmlaka dair mülkiyyət hüququnun kimə məxsusluğunu müəyyən etmədən həmin əmlakın mülkiyyətçisinin X4 olması nəticəsinə gəlmiş və Ərizəçi ərizəsini təmin etmişdir. Göründüyü kimi, məhkəmə onun apellyasiya şikayəti verməyə hüququ olmayan şəxs hesab etməkdə səhv nəticəyə gəlmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X9 şikayətdə göstərilənlərə uyğun izahat verdi Ərizəçi məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə qərardadın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. X5 və maraqlı şəxs Şabran rayon notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, X5 məhkəmə iclasına gəlmədiyindən, maraqlı şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, X1 şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında göstərilir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. İş materiallarından görünür ki, X5 işdə iştirak edən şəxs olmamış, ona qarşı hər hansı bir tələb də irəli sürülməmiş və qətnamə ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən hallar da apellyasiya şikayətində göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən düzgün olaraq Şabran Rayon Məhkəməsinin 2(031)-396/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən X1 apellyasiya şikayəti verməyə hüququ olmamasını müəyyən etsə də, qərardadın nəticə hissəsində apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, apellyasiya şikayətini qeyri mümkün hesab etmişdir. Halbuki birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etmək səlahiyyətinə malik deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 şikayəti qismən təmin edilsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(031)-396/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar